Məhkəmə qərarları › İş №2(001)-5982/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5982/2021

29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5982/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borca görə 30000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 30030 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borca görə 30000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 30030 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə təxminən 2017-ci ilin uyun ayının sonunda Gədəbəy rayonunda təsadüfən tanış olmuş, onunla bir dost münasibətləri yaranmışdır. Cavabdeh özünü ona şirniyatçı, aşbaz kimi təqdim edərək imkanlı və vəzifəli adamlara sifarişlə şirniyat və yemək hazırladığını, bu işdə yaxşı qazanc olduğunu bildirmişdir. Cavabdeh onun ət alverilə məşğul olduğunu bildikdən sonra birlikdə qazanc əldə etməyi təklif etmişdir. Təxminən 2 il müddətində o, cavabdehə 30000 manat məbləğində şəxsi vəsaiti hesabına bazarlıq edərək ət məhsulları, meyvə almış, müxtəlif növ kabablar sifariş edərək cavabdehin bağına göndərmiş, özü cavabdehə taksi kimi xidmət göstərmiş, çəkdiyi bütün xərcin özünə məxsus dəftərdə qeydiyyatını aparsa da, cavabdehlə yaxın münasibətləri yarandığından həmin qeydlər cavabdeh tərəfindən imzalanmamışdır. Lakin bu halı onunla birlikdə işləyən ət və kabab satıcıları təsdiq edə bilər. Bir müddət sonra cavabdeh ərinin onun pullarını dağıtmaması üçün özünə məxsus pul vəsaitinin saxlamaq üçün ona təklif etmiş, o da cavabdehə pullarını kassaya qoymaq üçün onun işçisinə verə biləcəyini demişdir. Beləliklə cavabdeh özünə məxsus 17000 manat pulu saxlamaq üçün ona məxsus kassaya qoymuş, sonradan cavabdehin aldığı ət və digər məhsulların dəyəri həmin puldan silinmişdir. O, cavabdehin ailə qurmaq təklifi ilə razı olmadığı üçün cavabdeh əvəz çıxamaq məqsədi ilə Yasamal rayon Polis İdarəsinə ona borcu olması ilə bağlı şikayət etmiş, Polis idarəsində izahatları alınmış, o, izahatında 3640 manat borcunun olduğunu, cavabdehin isə ona 2 il müddətində bazarlıq və taksi xidməti ilə bağlı 30000 manat borcunun yarandığını və həmin borcun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. O, mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehə borcunun əvəzi olaraq verəs də, cavabdeh onun pulunu qaytarmamış, Yasamal RPİ tərəfindən ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Cavabdeh borca görə 30000 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkli və nümayəndəsi Vəkil İddiaçı izahatını təsdiq etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi V.Nəbiyevin 30.06.2021-ci il tarxli qərarından müəyyən olunur ki, İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət şinin başlanması rədd edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı 2017-ci ilin iyun ayından tanıdığını, sonuncunun ondan cəmi 18000 manat almasını, hissə-hissə 13000 manat qaytarmasını, hal-hazırda 5000 manat borcunun qalmasını göstərmişdir. Cavabdeh məhkəməyə ünvanladığı izahatından müəyyən olunur ki, o, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. İddiaçı iddia ərizəsində qeyd etdikləri ona qarşı şər və böhtan xarakteri daşıyır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, 6 ildir İddiaçı ilə birlikdə kababçı olaraq işləyr, Cavabdeh İddiaçı vasitəsi ilə tanıyır. Belə ki, İddiaçı tapşırığına əsasən o, dəfələrlə qəssab X1 50, 70, 300 manat dəyərində olan ət məhsullarından kiloqramı 5 manat hesabı ilə bişirdiyi kababları Cavabdeh bağına aparmış, ətin pulunu N.M.Məmmədova, kababın bişirilməsinin və aparılmasının pulunu isə ona İddiaçı ödəmişdir. Lakin o, Cavabdeh bişirib verdiyi kababların cəmi dəyərini bilmir. Cavabdeh İddiaçı təxminən 25000-30000 manat, İddiaçı isə Cavabdeh 15000 manat borcunun olmasını o, İddiaçı sözlərindən bilir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, 3 ildir İddiaçı ilə birlikdə qəssab olaraq işləyr, Cavabdeh İddiaçı vasitəsi ilə tanıyır. İddiaçı tapşırığına əsasən o, son 2 ildə dəfələrlə 150-200 manat dəyərində ət satmış, ətin pulunu ona İddiaçı ödəmişdir. Lakin o, Q.M. Ağakişizadəyə satdığı ətin cəmi dəyərini bilmir. Tərtib etdiyi borc dəftərində Cavabdeh satdığı ətin pulunu İddiaçı adına yazmış, həmin dəftəri Cavabdeh imzalamamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehə 30000 manat dəyərində ət və digər məhsullar verməsinə, taksi xidməti göstərməsinə, cavabdehin isə öz öhdəliklərini icra etməməsinə dair iddia tələbində istinad etdiyi halları təsdiq edəcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sübut növü olaraq məhkəməyə təqdim etdiyi şahid ifadələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, göstərilən xidmətin dəyərini belə bilməyən şahidlərin ifadələri cavbadehin iddiaçıya borclu olması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə, iddiaçının cavabdehin ona 30000 manat borcunun olmasını sübuta yetirə bilməməsi əsası ilə, iddia ərizəsini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı borca görə 30000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 30030 manatın tutulmasına dair iddia ərizəsi iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar