Məhkəmə qərarları › İş №2(001)-6006/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6006/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6006/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-CU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı, 2013-cü il buraxılışlı avtomobili ona şifahi alqı-satqı müqaviləsinə əsasən satmış cavabdehdən vurduğu maddi zərərə görə 9.000 manat, mənəvi zərərə görə 1.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, maşın almaq üçün avtomobil bazarına getmiş, “Chevrolet Cruze” minik markalı avtomobil xoşuna gəlmiş, sahibinə yaxınlaşmış və avtomobilə baxdıqdan sonra qiymətini 9.000 manata razılaşmışlar. Cavabdehə avtomobili yoxlatdırmağı təklif etmiş, cavabdeh ona heç bir problemin olmadığını, əgər nə isə bir qüsur olarsa maddi qarşılığını ödəyəcəyini bildirmişdir. Razılaşdıqdan sonra notariat kontoruna getmiş, orada cavabdehə nağd şəkildə 9.000 manat ödəmiş, cavabdeh ona etibarnamə vermişdir. Hazırda avtomobilin mülkiyyətçisi kimi cavabdeh qalmaqdadır. Şifahi alqı-satqı aralarında 31 iyul 2022-ci il tarixdə baş tutmuş və alqı-satqı əsasında ona etibarnamə verilmişdir. 21 avqust 2022-ci il tarixdə avtomobili işlək vəziyyətə salmaq istəmişdir. Lakin, avtomobil işləməmişdir. Məcbur olub onu evakuator ilə ustaya aparmışdır. Usta avtomobilə baxaraq demişdir ki, avtomobil vurulub, mühərriki dağılıb və yeni mühərrik alınmalıdır. Mühərrikin qiymətinin 3.000 manatdan yuxarı, həmçinin, avtomobilin digər problemlərinin də olduğunu ona bildirmişlər. Bununla bağlı o, cavabdehə zəng edərək avtomobili qaytarmaq istədiyini bildirmiş, cavabdeh isə bundan imtina etmiş və onunla razılığa gələməyəcəyini bildirmişdir. Telefonla onu təhqir etmiş və zənglərinə cavab vermir. 74 yaşında qoca insandır. Onun qocalığından istifadə edib aldatmaq düzgün deyil. Bundan başqa, o, mənəvi sarsıntı keçirmiş, stress aparıcı dərman preparatlarından istifadə etmişdir. Bunun nəticəsində ona mənəvi zərər dəymişdir ki, o, mənəvi zərərin dəyərini 1.000 manat müəyyən edir. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddia əsassızdır, heç bir hüquqi bazası yoxdur, iddia tələbi qüvvədə olan mövcud qanunvericiliyin və normativ hüquqi aktların ziddinə tərtib edilmişdir. İddiaçı məhkəməyə düzgün məlumat vermir, hüquqdan sui-istifadə edərək əsassız olaraq ondan pul tələb etmək istəyir. Təxminən iki ay əvvəl istifadəsində olan “Chevrolet Cruze” markalı minik avtomobilini satmaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobili maşın bazarına çıxartmış, bir müddət sonra iddiaçı ona yaxınlaşmış, avtomobilin banına, salonuna, təkərlərinə, mühərrikinə baxış keçirtmiş, avtomobilin “bez kraska” olduğunu görmüş, avtomobilin 2013-cü il buraxılışlı olduğunu və təzə olmadığnı öyrənmişdir. O, iddiaçıya avtomobili 9.500 manata satdığını və avtomobili alana qədər harada və necə istəyirsə yoxlatdıra biləcəyini bildirmiş, iddiaçı təzə avtomobilə pulu çatmadığını bildirmişdir. İddiaçı getmiş və sonra iki nəfər maşın alverçisi ilə birlikdə gəlmiş, onlar avtomobilə yenə baxış keçirtmiş, iddiaçıya yenə harada və necə istəyirsə avtomobili yoxlatdıra biləcəyini bildirmiş, iddiaçı bu işdə baş ağartığını və özü sürüb yoxlayacağını bildirmişdir. Daha sonra iddiaçı avtomobilin mühərrikini işə salıb yoxlamış, sonra isə bazarın içərisində və trasda sürüb yoxlamışdır. Uzun söhbətdən sonra qiyməti 9.000 manata razılaşmışlar. İddiaçı bildirmişdir ki, notariusa getsinlər və ona baş etibarnamə verilsin. Pulu aldıqdan sonra etibarnaməni, avtomobili, onun sənədlərini və açarlarını iddiaçıya təhvil vermiş və iddiaçı avtomobili sürüb çıxıb getmişdir. Şifahi məlumatına əsasən həmin avomobilin təzəsi 25.000-30.000 manat civarındadır. İddiaçı uzun müddət ondan aldığı avtomobili sürüb istismar edəndən sonra müxtəlif bəhanələrlə avtomobili geri qaytarmaq istəmiş, lakin o, buna razı olmamışdır. Sonra öyrənmişdir ki, iddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırıb. İddiaçı avtomobili görüb, baxış keçirib, sürüb yoxlayıb, satış qiymətini razılaşdırmaqla işlənmiş avtomobili olduğu vəziyyətdə bəyənib almışdır. Lakin uzun müddət avtomobili sürüb istismar edəndən sonra avtomobili geri qaytarmaq istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək həmçinin bildirdi ki, o, avtomobili aldıqdan sonra əlavə olaraq 2.000 manata yaxın vəsait xərcləmiş, avtomobil yenə də işə düşməmişdir. Avtomobil uzun müddətdir ki, onun həyətindədir. Avtomobili xəstə həyat yoldaşını xəstəxanaya aparıb-gətirmək üçün almışdır. Dəfələrlə cavabdehlə məsələni öz aralarında sülh yolu ilə həll etməyə çalışsa da, cavabdeh razılaşmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək etirazının məmzununa uyun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, **-CU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze minik” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. 31 iyul 2022-ci il tarixli, ƏN-Vİİİ 463469 nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, mülkiyyətçi Cavabdeh **-CU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze minik” markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini 1 il müddətinə İddiaçı etibar etmişdir. AA seriyalı 286522 nömrəli məcburi köçkün vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında təqdid edilmiş sübutlarla müəyyən edilmişdir ki, 31 iyul 2022-ci il tarixdə cavabdeh şifahi razılığa əsasən ona məxsus avtomobili iddiaçıya 9.000 manata satmış və iddiaçıya yalnız avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini özündə əks etdirən 1 il müddətinə etibarnamə vermişdir. Hazırda iddiaçı cavabdehdən ona ödənilmiş 9.000 manat məbləğində vəsaitin və 1.000 manat məbləğində ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edir, cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin: 1.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər; 2.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X2imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə) müqaviləsi ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337.1-ci maddəsinə əsasən nu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, tərəflər nəqliyyat vasitəsinin alqı-satqısını yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X2-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında deyil, şifahi razılaşma əsasında həyata keçirmişlər. Qanunvericiliyin tələblərinə əsasən, bu formada bağlanmış alqı-satqı müqaviləsi etibarsızdır və hüquqi nəticələrə səbəb olmur. Etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdılar (restitusiya). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 9.000 (doqquz min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, “Chevrolet Cruze minik” markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə iddiaçı tərəfindən cavabdehə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 1.000 manat pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfdən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, “Chevrolet Cruze minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh qaytarılmalı, pulun tutulması və nəqliyyat vasitəsinin qaytarılması eyni vaxtda icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 110 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 9.000 (doqquz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. “Chevrolet Cruze minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh qaytarılsın. Pulun tutulması və nəqliyyat vasitəsinin qaytarılması eyni vaxtda icra edilsin. Cavabdeh 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar