Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6016/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqavilələri üzrə pulun və vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.900 manat məbləğində borcun, 10.000 manat məbləğində mənəvi ziyanın, habelə ödənilmiş 149,50 manat məbləğində dövlət rüsumunun, cəmi 18.049,50 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə iddia tələbinin “kredit müqavilələri üzrə pulun tutulması” hissəsində dəyişdirərək, kredit müqavilələri üzrə 9.800 manat məbləğində borcun və ödənilmiş 189 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, kredit müqavilələri üzrə 9.800 manat məbləğində borcun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun, habelə ödənilmiş 189 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə kredit müqavilələri bağlanmış və notarial qaydada təsdiq edilmişdir. İddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixədək 7.000 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixədək 900 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixədək 500 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixədək 1.400 manat məbləğində pulu borc vermişdir. Cavabdeh müqavilələrdə göstərilən məbləğdə pulu almış və bu müəyyən edilmiş müddətlərdə onları qaytarmağı barədə üzərinə öhdəlik götürümşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, kredit müqavilələri üzrə yaranmış borc barədə məlumat verilmiş və həmin borcun 10 gün müddətində ödənilməsi ondan tələb edilmiş, əks halda məsələ ilə bağlı məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. lakin bu bir nəticə verməmiş, öhdəlik bundan sonra da icra edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7.000 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə 500 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.400 manat məbləğində borcun yarandığını, bu borcun qaytarılmaması nəticəsində ona 10.000 manat məbləğində mənəvi zərər vurulduğunu iddia edir və borcun, vurulmuş mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Həmin müqavilələrdə göstərilən borc məbləğlərinin və ya onun müəyyən hissəsinin qaytarılmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı kredit (borc) müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı cavabdehə ümumilikdə 9.800 manat məbləğində pulu borc vermiş, cavabdeh həmin məbləği qəbul etsə də, bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan müddətdə və məbləğdə ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə iddia tələbini “kredit müqavilələri üzrə borcun tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7.000 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 500 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.400 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki məsələ ilə bağlı mənəvi iztirablar keçirməsini sübuta yetirə bilməmiş, mənəvi sarsıntılar keçirməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi "vurulmuş mənəvi zərərin əvəzinin tutulması" hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Eyni zamanda, cavabdehdən ümumilikdə 9.800 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 118 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (189 - 118 = 71), yəni 71 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7.000 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 500 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.400 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 118 manat məbləğində hissəsinin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7.000 (yeddi min) manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə 900 (doqquz yüz) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 500 (beş yüz) manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.400 (bir min dörd yüz) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 118 (bir yüz on səkkiz) manat məbləğində hissəsinin əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6016/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6016/2022
08.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver