Məhkəmə qərarları › İş №2(001)-6023/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6023/2024

04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6023/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X8 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə “qəyyum təyin edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə “qəyyum təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşları Cavabdeh2 və Cavabdeh1 razılığı alınmadan anası xx.xx.1953-cü il təvəllüdlü X4 və bacısı xx.xx.1985-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən onların üzərində qəyyum təyin edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1109/2023-cü il saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.1953-cü il təvllüdlü X4 və xx.xx.1985-ci il təvllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsinlər kimi qət edilmişdir. Belə ki, ərizəçi olaraq İddiaçı, anası xx.xx.1953-cü il təvəllüdlü X2 və bacısı xx.xx.1985-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi. xx.xx.1953cü il təvəllüdlü anası - X4 ciddi yaddaş pozğunluğundan əziyyət çəkir. Onun nəzarətsiz qalması mümkün deyil və qulluğunda mütləq olaraq durmalıdır. Hətta durub birdən evi tərk edir sonra isə yadına sala bilmir ki, niyə və hara gedirdi. xx.xx.1985-ci il təvəllüdlü X5 5 yaşındakı uşaq kimidir, ümumi ehtiyyaclarını qarşılaya bilsə də, özünü sərbəst idarə edə bilmir, daim nəzarətdə saxlamaq məcburiyyətindədir. Binəqədi Rayon Məhkəməsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan anası - X4 izahat verərək, məhkəməyə niyə gətirildiyini bilmir. Oğlu başından vurandan sonra onun yaddaşı pozulmuşdur. X1 ilə yaşamaq istəyir çünki onu incitmir. Bacısı - X5 izahat verərək bildirmişdir ki, 30 yaşı var, məktəbdə oxumayıb, evdən tək çıxa bilmir, qardaşından qorxur, anası və bacısı Vüsalə ilə birlikdə yaşamaq istəyir. Anasının qəyyumu olmaq üçün Binəqədi rayon İcra Hakiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciəti əsasında rəsmi cavab olaraq bildirdilər ki, müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar tərəfindən araşdırma aparılması üçün qardaşları Cavabdeh2 və Cavabdeh1 notariat qaydada təsdiq olunmuş razılıq ərizləri və tərcümeyi halı Binəqədi rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə müraciəti əsasında yenidən baxıla bilər kimi cavab verilmişdir. Odur ki, qardaşları məqsədli şəkildə razılıq vermədikləri üçün o, anası və bacısı xx.xx.2023-cü il tarixli qətnamə ilə fəliyyət qabiliyyəti olmayan hesab etdirməyinə baxmayaraq hələ də üzərində qəyyum təyin edilə bilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını və anası ilə bacısının üzərində qəyyum təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və nə anasının, nə də bacısının qəyyuma ehtiyac duymamasını bildirdi. Məhkəmə iş materiallarını və tərəflərin mövqeyini nəzərə alıb, hesab edir ki, hazırki mübahisəyə məhkəmə qaydasında baxıla bilməməsi səbəbindən xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1109/2023 saylı qətnaməsinə əsasən xx.xx.1953-cü il təvllüdlü X4 və xx.xx.1985-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı müraciətinə baxılmış məsələ ilə əlaqədar araşdırma aparılması üçün Cavabdeh1 və Cavabdeh2 notariat qaydada təsdiq edilmiş razılıq ərizələrinin və tərcümeyi halın təqdim ediləcəyi təqdirdə yenidən baxıla biləcəyi qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-2821/2024 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qəyyum təyin edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5756/2024 saylı qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qəyyum təyin edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə (maraqlı şəxsə) qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti (3 bəndinə əsasən) inzibati orqan kimi göstərilmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmənin mövqeyi Sadalanan qanunvericilik normalarına, o cümlədən də işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçının tələbinə nəzər salsaq müəyyən etmiş olarıq ki, tələb cavabdehlərin razılığı olmadan iddiaçının anasına və bacısına qəyyum təyin edilməsi ilə bağlıdır. Halbuki, mülki qanunvericilik şəxsə qəyyum və himayəçinin təyin edilmə səlahiyyətini birbaşa olaraq yerli icra hakimiyyətinə həvalə etmişdir. Müvafiq icra hakimiyyəti orqanı isə şəxsin müraciəti əsasında mövcud qanunvericilik və sahəvi normalara (əsasnamə və sair) istinadən qəyyumluqla bağlı müraciəti həll etməli, qəyyumun təyin edilməsindən imtina etməli olduğu halda şəxs onun imtinasından müvafiq inzibati məhkəməyə müraciət etməli, qəyyum təyin edildiyi halda isə buna dair sərəncam qəbul etməli, artıq bu sərəncamdan narazı qalan maraqlı şəxslər məhkəməyə etirazla müraciət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-2889/2019 saylı qərardadına əsasən qəyyumluğun təyin edilməsinə dair müvafiq icra hakimiyyətinin sərancamının mübahisələndirilməsi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi ailə-mülki hüquq münasibətlərinə aiddir. Ümumi (publik) hüquq sahəsində olan münasbətlərə inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti aiddir. Göründüyü kimi bu sahədə mövcud məhkəmə praktikası müvafiq icra hakimiyyətinin bir inzibati orqan kimi, inzibati hüquq münasibətlərindən qaynaqlanan, üzərinə qanunla qoyulmuş səlahiyyət və vəzifələr çərçivəsində öhdəliklərinin icra etməməsi və ya bundan doğan hərəkət və hərəkətsizliyi ilə əlaqədar münasibətləri inzibati prosessual qanunvericilik çərçivəsində tənzimləyir. Lakin qəyyumluğun təyin edilməsinə dair müvafiq icra hakimiyyətinin sərancamının maraqlı şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsi zamanı isə inzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən və yaranmış mübahisə ailə-mülki münasibətlərdən qaynaqlandığından belə tələblərə ümumi məhkəmlərdə baxılır. Məhkəmənin yuxarıda sadalanan qanunvericilik normalarının, məhkəmə təcrübəsini müəyyən edən qərarlarında formalaşmış mövqeyin təhlili nəticəsində gəldiyi qənaət belədir ki, şəxsin qəyyumluğun (himayəçiliyin) təyin edilməsi üçün bu vəzifənin birbaşa olaraq müvafiq yerli icra hakimiyyəti orqanlarına qanunla həvalə edildiyi halda yerinə yetirilməməsi, orqanın hərəkət və hərəkətsizliyindən yaranan mübahisələrə ümumi (publik) hüquq sahəsinə aid olması səbəbindən inzibati məhkəmələrdə baxılması, artıq şəxsin üzərində qəyyumun təyin edilməsinə dair sərəncamın maraqlı şəxslər tərəfindən mübahisələndirilməsinə isə ümumi məhkəmələr tərəfindən baxılması nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və bu əsasla iş üzrə icraata xitam verilməli, şəxsə qəyyumluğun təyin edilməsi ilə əlaqədar müvafiq yerli icra hakimiyyətinə müraciət etmək, müraciətin onu qane etmədiyi halda isə müvafiq inzibati məhkəmə vasitəsilə mübahisələndirmək hüququnun olması ona izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə “qəyyum təyin edilməsi” barədə iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar