Məhkəmə qərarları › İş №2(001)-6028/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6028/2020

17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6028/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı qaz sayğacının yerinə quraşdırılması və fərdi yaşayış evinə qazın verilməsinin bərpa ediıməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı 802 manat məbləğində qaz sayğacının yerinə quraşdırılması və fərdi yaşayış evinə qazın verilməsinin bərpa ediıməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailə üzvləri ilə birlikdə faktiki olaraq yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması barədə texniki şərt xx.xx.2020-ci il tarixdə “Cavabdeh layihə İnşaat” QSC tərəfindən işlənib hazırlanmışdır, həmçinin müvafiq sənədlər “ASAN kommunal”a təqdim edilmiş və X1 tərəfindən xx.xx.2019-cu il tarixdə qaz sayğacının quraşdırılmasına etirazın olmaması barədə arayış verilmişdir. İddiaçı ilə “Cavabdeh” İstehsalat Birliyi arasında “Qazpaylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına” dair xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış və xx.xx.2020-ci il tarixdə qaz sayğacı quraşdırılmış və bu barədə akt tərtib edilmişdir. Qaz sayğacı qonşuluqda yerləşən fərdi yaşayış evinin iddiaçının evinə yaxın hissəsində olan hasarda quraşdırılmış və həmin qonşu tikinti işləri apardığından iddiaçı cavabdeh tərəfin əməkdaşına müraciət etmiş və həmin əməkdaş gələrək sayğacın yerini dəyişmişdir. Sayğac quraşdırıldıqdan bir ay yarım sonra cavabdeh tərəfin əməkdaşları gələrək heç bir protokol və akt tərtib etmədən sayğacı sökərək aparmış, üç gün sonra qaytarıb yerinə quraşdıracaqlarını bildirmişlər. Sayğac uzun müddət yerinə quraşdırılmadığından iddiaçı cavabdeh quruma ərizə ilə müraciət etmiş və ona cavab verilmişdir ki, ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ARDNŞ-nin istifadəsində olan sahədir və ora qaz verilə bilməz. Halbuki müqavilə bağlanarkən, sayğac quraşdırılarkən bunlardan heç biri bildirilməmişdir. Həmçinin ətrafda yerləşən yüzlərlə fərdi yaşayış evlərinə qaz çəkilmişdir. “Cavabdeh” İB-nin əməkdaşlarının səhlənkarlığı nəticəsində belə bir vəziyyət yaranmış və iddiaçının bir istehlakçı kimi hüquqları pozulmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəmənin hazırlıq iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, onunla cavabdeh arasında müqavilənin mövcud olmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etmir. Onun evinə əvvəl sayğac qoyulmuş, buna görə onun tərəfindən müəyyən ödənişlər edilmiş, bir müddət sonra isə sayğac cavabdehin əməkdaşları tərəfindən çıxarılmışdır. Sayğac çıxarılarkən hər hansı akt tərtib edilməmişdir. Sonradan ona bildirilmişdir ki, onun evi yerləşdiyi torpaq sahəsi ARDNŞ-nin istifadəsindədir və ora qaz verilə bilməz. Bu absurddur. Ona görə ki, belə bir problem olduğu halda onunla müqavilə bağlanmamalı idi. İddiaçı eyni zamanda məhkəməyə bildirmişdir ki, hərbiçidir, hal-hazırda yenidən cəbhə bölgəsinə qayıtmalıdır və ona görə də, növbəti məhkəmə iclasında iştirak etməməsinin üzrlü hesab edilməsini və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X3 izahatında göstərdi ki, tərəflər arasında müqavilə bağlanmış və iddiaçıya məxsus fərdi yaşayış evinə sayğac quraşdırılmışdır. Lakin sonradan müəyyən olunmuşdur ki, sayğacın quraşdırıldığı ərazi “Binəqədi Oyl” şirkətinin ərazisidir. Tərəflər arasında bağlanmış müqavilə hal-hazırda qüvvədədir. Məhkəmə tərəfindən göndərilmiş sorğu “Cavabdeh” İstehsalat Birliyinə daxil olmuş, lakin hal-hazırda hər hansı sənədlərin təqdim edilməsi mümkün deyil. İddia tələbinin rədd edilməsini xahiş edir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “Binəqədi Oyl” şirkətinin istifadəsinə verilib. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AKX-02200xx/xx-2020 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə “Cavabdeh” İB ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, “Cavabdeh” İB istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək vəzifəsini üzərinə götürmüşdür. Həmin müqavilənin leqitim və halhazırda qüvvədə olması işin mübahisə olunmayan halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Beləliklə işin mübahisə olunmayan halları ondan ibarətdir ki, tərəflər arasında müqavilə bağlanmış və iddiaçıya məxsus fərdi yaşayış evində sayğac quraşdırılmışdır. Bir müddət sonra həmin sayğacın quraşdırıldığı yerdə təmir aparıldığı üçün səlahiyyətli şəxs tərəfindən başqa yerə keçirilmiş və bundan bir aydan çox müddət keçdikdən sonra ümumiyyətlə çıxarılıb aparılmış və ərazinin neft şirkətinin istifadəsinə verilməsi bəhanəsi ilə geri qaytarılmamışdır. Məhkəmə tərəfindən cavabdehə sorğu ünvanlanmış və sayğacın “ləğv edilməsinə” əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə hal-hazırda da qüvvədədir və nə cavabdeh, nə də ki, maraqlarına toxunan digər şəxs tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, halhazırda müqavilə qüvvədə ola-ola sayğacın çıxarılması və iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı evə qazın verilməsinin dayandırılması qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 10 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, AKX-02200xx/xx-2020 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən quraşdırılmış qaz sayğacı yerinə quraşdırılmalı və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 10 ünvanında yerləşən fərdi yaşayış evinə qazın verilməsi bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 10 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, AKX-02200xx/xx- 2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqaviləyə əsasən quraşdırılmış qaz sayğacı yerinə quraşdırılsın və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 10 ünvanında yerləşən fərdi yaşayış evinə qazın verilməsi bərpa edilsin. “Cavabdeh” İstehsalat Birliyindən 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar