Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6031/2023 19.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, X3 katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2014-cü ilin əvvəllərində işlə əlaqədar Cavabdehla tanış olmuşdur. Cavabdeh özünü iddiaçıya inşaat-tikinti müəxəssisi kimi, işgüzar şəxs kimi təqdim etmişdir. İddiaçı «X2» MMC-nin direktoru vəzifəsində işlədiyi zaman Cavabdeh Azərbaycan Respublikası Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin keçirdikləri tenderə cəlb edə biləcəyi adı ilə onu inandırıb aldadaraq və onun etibarından sui-istifadə edərək cəmi 20.000 manat məbləğində pul istəmiş və güya məktəblərin tikintisi ilə bağlı tenderləri udaraq əldə edəcəklərini və onu tikinti işlərinə şərik edəcəyini bildirmişdir. xx.xx.2015-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən "Texnika" bankın içərisində 20.000 manat pulu Cavabdeh əlbəl vermiş, Cavabdeh pulu ona qaytarmaqdan müxtəlif vasitələrlə yayınmışdır. Bu məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmiş, Nərimanov Rayon Polis İdarəsində, araşdırma aparılmış və nətiçədə Cavabdeh ona 20.000 manat pul verməli olması təsdiq olunmuş, xx.xx.2023-cü il tarixdə həmin puldan 5000 manat İddiaçı ödənilmişdir. Pul öhdəliyinin icra edilməməsi məsuliyyəti üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 14764 manat məbləğində faiz borcu müəyyən olunmuşdur. Cavabdeh iddiaçıdan xx.xx.2015-ci il tarixdə 20000 manat almış, xx.xx.2023cü il tarixdə 20.000 manat məbləğindən 5000 manat qaytarmış, xx.xx.2023-cü il tarixinə 15000 manat məbləğində borcu qalmışdır. Nəticədə 14764 manat gecikmə faizi yaranmışdır. Beləliklə, gecikmə müddətini nəzərə alaraq hesablanan gecikmə faizlərinin miqdarı əsas borc məbləğinin üzərinə gəlinərək iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, onun cavabdehlə əvvəllər münasibətləri çox yaxşı olub. O, cavabdehlə iş görmüş, davamlı olaraq pul alış-verişləri olub, ona etibar edib. Ona görə də, ödənişlərin əksəriyyəti heç bir sənəd imzalanmadan verilmişdir. Cavabdehin yazılı şəkildə təsdiq olunan borcundan halhazırda 15000 manat borcu qalıb. Amma əslində real olaraq borc bundan qat-qat çoxdur. xx.xx.2015-ci il tarixdə 3 ay müddətində qaytarmaq şərtilə cavabdeh tərəfindən kassa məxaric orderi ilə pul alınmışdır. Həmin kassa məxaric orderini məhkəməyə hal-hazırda təqdim edə bilmir. Cavabdeh borcundan 5000 manatı 2023-cü ildə o, polisə şikayət edəndən sonra qaytarıb. Münasibətləri əvvəl çox yaxşı olub, ona görə də, son vaxta qədər pulun tam olaraq qaytarılmasını gözləyib, aidiyyəti qurumlara müraciət etməyib. Özüdə cavabdeh ona heç vaxt deməyib ki, pulu qaytarmayacaq. Müxtəlif bəhanələrlə vaxtı uzadırdı, o da ona inanırdı. Cavabdeh sonuncu dəfə ondan 20000 manatı tikinti materialları almaq üçün götürmüşdür. Birlikdə iş görürdülər. Amma nəticədə cavabdeh işini gördükləri Nadir Quliyevi də aldatdığından, tikinti daynmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçı tərəfindən ona 20000 manat verildiyini etiraf edir. O, həmin pulu 2015-ci ilin mart ayında qaytarmışdır. O, binaların fasadının üzlənməsi işi ilə məşğul olurdu. İddiaçı ilə iş birlikləri ondan ibarət olmuşdur ki, iddiaçının verdiyi pulla iş görülürdü, sonradan iş yekunlaşdıqdan sonra sifarişçidən pul alınıb gəlir iddiaçı ilə bölünürdü. Özü həmin tikili ilə bağlı külli miqdarda ziyana düşmüşdür. Pulu qaytarsa da, polis idarəsində 20000 borcunun olmasını deməyə məcbur olmuşdur. İddiaçıya 5000 manatı polis idarəsində qaytarmayıb, borcudu daha əvvəl tam olaraq qaytarıb. İddiaçıya hal-hazırda borcu yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, cavabdeh həbsdə olduğundan hansısa kənar şəxs 5000 manat məbləğində pulu ödəyib ki, atasını həbsdən çıxarsın. O demək deyil ki, cavabdeh borcunun olmasını qəbul edir. 2015-ci ilin yanvarında götürülən borc tam olaraq qaytarılıb. İddiaçı özü də bunu inkar etmir. Ümumiyyətlə Badamdarda tikilən binaların nə vaxt sökülməsinə dair aidiyyəti qurumlara sorğu verilməlidir. Onda aydın olacaq ki, cavabdeh özü də ziyan çəkib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 ********* nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Əməlin tövsif edilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında Qərarında aşağıdakılar göstərilmişdir: “ ... Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Nadir Quliyev 240.000 manat məbləğində pul verməli idi ki, 5 ədəd evin aqlay işlərini görəm. Belə ki, 2015-ci ilin yanvar ayının 6-da mən İddiaçı 20000 manat pulu, onunla şərikli olaraq Badamdar qəsəbəsində Nadir Quliyev tərəfindən fərdi tikilən 5 ədəd evin aqlay işlərinin görülməsi üçün Nərimanov rayonu K.Rəhimov küçəsində yerləşən “Texnika Bank”-ın qarşısında götürdüyünü və həmin işin sonunda əldə olunacaq ümumi 55000-60000 manat pulu isə Hafizlə aralarında bölünməli olduğunu bildirmişdir. Belə ki, Nadir Quliyev ona 240.000 manat puldan hissə-hissə olaraq 102.000 manat məbləğində iləri aparması üçün pul verdiyini bildirmişdir. O, həmin puldan 20.000 manat Hafizə qaytardığını bildirmişdir. 2015-ci ilin mart ayında binaların üzlənməsi və digər tikinti materialları almaq üçün Hafizdən hissə-hissə yenə 20.000 manat məbləğində pul aldığını demişdir. O, həmin binaların üzlənməsi ilə əlaqədar olaraq işlərə başladığını və təxminən 4 ay müddətində işləri gödükdən sonra, həmin binaların yerləşdiyi torpaq sahəsində dövlət tərəfindən bir gün içərisində həmin binalar sökülərək «Dostluq» parkı salındığını bildirmişdir. Həmin vaxt isə artıq binalar söküldüyündən, işləri yarımçıq qaldığını və tamamlana bilmədiyini bildirmişdir. O da, Hafizdən aldığı 20000 manat pulu da, binaların üzlənməsi ilə bağlı materialların alınmasına xərcləndiyindən, həmçinin özündə, təxminən özünə məxsus 35000 manat pulu orada xərclədiyindən Hafiz pulunu tələb etdikdə o, pulu ona qaytara bilmədiyini demişdir. Beləliklə də ziyana düşdüyünü, bundan sonra isə Hafiz pulu ondan tələb edərək, barəsində bu kimi əsassız şikayətlər etməyə başladığını bildirmişdir. O, Hafizi aldatmaq və ya pulunu ələ keçirmək məqsədi ilə 20000 manat pulu almadığını, ondan aldığı həmin pul ilə birlikdə razılaşdığı işə xərclədiyini, həmin binaların isə dövlət tərəfindən söküldüyündən, həmin işdə qazanc əldə edə bilmədiyindən, həm Hafizdən aldığı pulu ona qaytara bilmədiyini bildirmişdir. Hafiz ona cəmi 20.000 manat pul verdiyini, həmin məbləğin 30.000 manat olmasının isə həqiqət olmadığını, onun Hafizə 20.000 manat borcu qaldığını və o, ziyana düşdüyündən Hafizin pulunu qaytara bilmədiyini bildirmişdir. Onlar həm villalara həm də karxanaya gedib baxdıqlarını bildirmişdir. Hafizlə birlikdə Bakı şəhəri Dəməgül tikinti-sənayə bazarında 2 ədəd daş kəsən avadanlığını, 2 ədəd daş cilalayıcı aparat, 2 ədəd elektrik genaratoru 30.000 manata alınmadığım bildirmişdir. Hafizdən Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yanında 5.000 manat, 2015-ci ilin fevral ayının ortalarında Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə 6.000 manat, 2015-ci ilin fevral ayının sonlarında isə Bakı şəhəri Nərimanov rayonu ərazisində “Nəriman Nərimanov” adına istirahət parkında 3.000 manat olmaqla ümumilikdə 14.000 manat pul almadığını bildirmişdir. Hafizlə birlikdə Nadir Quliyevin yanına Binəqədi rayonu Biləcəri qəsəbəsindəki ofisinə gedərək söhbət etmədiyini bildirmişdir. ... Cinayət işi üzrə İddiaçı ilə Cavabdeh arasında üzləşdirmə keçirilmiş və Cavabdeh ondan 64.000 manat deyil cəmi 20.000 manat məbləğində pul alıdığını onun üzünə qarşı bildirmişdir. İş üzrə 10 may 2023-cü il tarixdə İddiaçı təkrarən ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən ona olan borcundan 5000 manat ödənildiyini bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh İddiaçı cəmi 20.000 manat məbləğində pul alması öz təsdiqini tapdığından, İddiaçı təkrar ərizəsi əsasında Cavabdehla aralannda olan borcdan 5000 manat pulun ödənildiyindən, qalan məbləğin sübuta yetmədiyinə nəzərə alaraq, təqsirləndirilən şəxs Cavabdeh cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən imzalanmış iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin ********* nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Əməlin tövsif edilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında Qərarından göründüyü kimi, Cavabdeh 2023-cü ilin may ayında borcu etiraf etməsini göstərən hərəkətlər etmiş və borcun 5000 manat hissəsini İddiaçı ödəmşdir. Belə olan halda iddia müddətinin axımı kəsildiyindən, hazırkı vəziyyətdə iddia müddəti ötürülmüş hesab edilə bilməz. Bununla yanaşı məhkəmə iddiaçının Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək cavabdehdən əlavə olaraq 14764 manat məbləğində pulun tələb edilməsini də əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Hər iki tərəfin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi, tərəflər birlikdə iş görmüş, davamlı olaraq müxtəlif layihələrdə iştirak etmiş (*iddiaçının sözlərinə görə, aralarında hər hansı narazılıq olmadan əməkdaşlıq 2004-cü ildən davam edib), gəlir əldə etmişlər. İddiaçı tərəfindən cavabdehə verilmiş və hazırkı işin predmetini təşkil edən 20000 manat məbləğində pul borc kimi deyil, evlərin tikintisində istifadə ediləcək materialların alınması üçün verilmiş və iş sifarişçiyə təhvil veriləndən sonra nəticə etibarilə əldə ediləcək gəlir aralarında bölünəcəkdi. Tərəflər arasında iddiaçıya pulun nə vaxt və hansı həcmdə qaytarılacağına dair hər hansı müqavilə mövcud deyil. Pulun qaytarılması anı tərəflər arasında şərtləndirilmədiyindən isə, cavabdeh tərəfindən “borcun ödənilməsinin gecikdirilməsi”nin qəbul edilməsi və ondan əlavə olaraq 14764 manat məbləğində pulun tutulması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 15000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 15000 (on beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 135 (yüz otuz beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin eidlməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6031/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6031/2023
19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver