Məhkəmə qərarları › İş №2(001)-6039/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6039/2020

13.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6039/2020 13.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı cavabdehlər Cavabdeh3-yə, Cavabdeh3-nin sədri Cavabdeh2 və Cavabdeh1-yə qarşı səhmdar cəmiyyətin ümumi yığıncağının qərarının ləğv edilməsinə, ləğv etmə prosesi zamanı Cavabdeh3nin balansında olan əmlak və avadanlıqların, torpaq sahəsinin satılmasına dair müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı cavabdehlər Cavabdeh3-yə, Cavabdeh3-nin sədri Cavabdeh2 və Cavabdeh1-yə qarşı səhmdar cəmiyyətin ümumi yığıncağının qərarının ləğv edilməsinə, ləğv etmə prosesi zamanı Cavabdeh3-nin balansında olan əmlak və avadanlıqların, torpaq sahəsinin satılmasına dair müqavilələrin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi aşağıdakılara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1.-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 149.3.-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 150.0. maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 150.0.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; 150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; İstinad olunan posessual normalardan müəyyən olunur ki, öz tələblərini əsaslandırdığı halları, bu hallara dair sübutlarını iddia ərizəsinə əlavə etmək, hər bir cavabdehinə qarşı tələbini, cavabdehlərinin adını, ünvanını iddia ərizəsində qeyd etmək, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbini iddia ərizəsində göstərmək iddiaçının vəzifəsi, biri digəri ilə əlaqəli olan tələbləri bir icraatda birləşdirmək isə hüququdur. İddia ərizəsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1-ni cavabdeh kimi iddia ərizəsində qeyd etsə də, bu cavabdehə qarşı tələbini iddia ərizəsində göstərməmişdir. Daha sonra hər biri müstəqil tələb olan və araşdırma aparılması üçün kifayət qədər vaxt tələb edən tələbləri, yəni səhmdar cəmiyyətin ümumi yığıncağının qərarının ləğv edilməsi və ləğv etmə prosesi zamanı Cavabdeh3-nin balansında olan əmlak və avadanlıqların, torpaq sahəsinin satılmasına dair müqavilələrin ləğv edilməsini tələb edən iddiaçı müqavilələrin nə vaxt, kiminlə bağlanmasını, həmin müqavilələrin digər tərəfini iddia ərizəsində qeyd etməməklə qeyri-müəyyən tələblər irəli sürmüşdür. Hesab edirəm ki, qeyd edilən nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149, 151, 152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı cavabdehlər Cavabdeh3-yə, Cavabdeh3-nin sədri Cavabdeh2 və Cavabdeh1-yə qarşı səhmdar cəmiyyətin ümumi yığıncağının qərarının ləğv edilməsinə, ləğv etmə prosesi zamanı Cavabdeh3-nin balansında olan əmlak və avadanlıqların, torpaq sahəsinin satılmasına dair müqavilələrin ləğv edilməsinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar