Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6065/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon 27 saylı notarius idarəsi cəlb edilməklə) vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı vərəsəliyin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.09.1994-cü ildə Bakı şəhəri 27 saylı notariat kontorunda Cavabdeh adına düzənlənən X4 Kamal oğlunun vərəsəsi şəhadətnaməsinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.08.2021-ci il tarixində iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06.09.1994-cü ildə Bakı şəhəri 27 saylı notariat kontorunda Cavabdeh adına düzənlənən qardaşı Əkbərov Bəylər Kamal oğlunun vərəsəsi şəhadətnaməsinin etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X4 Kamal oğlu 1994-cü ilin avqust ayında Ağdam rayonunda cəbhədə həlak olmuşdur. Ölümündən 7 ay əvvəl Cavabdeh isimli şəxslə nikaha girmiş 3 ay sonra boşanma ərizəsi vermişlər. Lakin proses başa çatmamış, Vəfa xanım qardaşının ölüm xəbərini aldıqda, boşanmadan imtina etmiş və 06.09.1994-cü il tarixində Bakı şəhəri 27 saylı notaria kontorunda özünə vərəsəlik şəhadətnaməsi almışdır. Bu işlərdən ailənin xəbəri olmamışdır. 2019-cu ilin iyun ayında qeydiyyat şöbəsində (Binəqədi rayon) bu məsələləri aşkar etdikdən sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin nikahın etibarsız sayılmasını tələb etmişdir. 04 mart 2021-ci il tarixində Binəqədi Rayon Məhkəməsində işə baxılmış və nikahın etibarsız sayılmasına qərar verilmişdir. Cavabdeh adına vərəsəlik şəhadətnaməsi 11.01.1994-cü il tarixində bağlanmış nikaha əsasən verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, 1994-cü ildə Bəylər ilə Vəfa nikaha daxil olurlar. 3 aydan sonra boşanma ilə bağlı ərizə verirlər. 06.08.1994-cü ildə qardaşı şəhid olmuşdur. Vəfa isə nikahın pozulması barədə ərizəsini geri götürür. Qardaşından sonra yas mərasimi keçirmişlər. 18 il ərzində valideynləri şəhidliyə görə ödənilən pulu almışlar. 1 ildir ki, qan pulunu Vəfanın almasından xəbər tutmuşdur. Bu faktı 2019-cu ilin iyun ayının 13-də qeydiyyat şöbəsinə yaxınlaşdıqda bilmiş, hətta uşağının olduğunu öyrənmişdir. Uşaq 1996-cı il təvvəllüdlüdür. O, Azərbayca Republikası Ədliyyə Nazirliyinə müraciət edərək, uşağın atalıq məlumatlarını sildirmişdir. 2020-ci ilin mart ayında nikahın etibarsızlığı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Uşaq ananın adı ilə qeydiyyata alınmışdır. Vəfa məhkəmə prosesində nikahın etibarsız sayılmasına etiraz etməmiş, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Hazırki məhkəmə iclasına özü gəlmək istəmir. Lakin bu barədə məlumatı var. Arxiv sənədlərində qardaşının bir vərəsəsinin olduğu qeyd edilir. Hazırki şəhadətnamənin etibarsızlığının tələb etməkdə məqsədi gələcəkdə şəhidlik üçün ödənilən pula görə iddia ilə müraciət etməsinin ehtimalından irəli gəlir. Həmçinin mənəvi cəhətdən həmin qadının arxiv sənədlərində vərəsə qismində görünməsini istəmir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirakı etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 27 saylı notariat ofisinin notariusu Eldar Qurbanov tərəfindən İddiaçı yazılan ərizədən görünür ki, ona 06.08.1994-cü il tarixində vəfat etmiş Əkbərov Bəylər Kamal oğlunun ölümü ilə əlaqədar sığorta puluna verilmiş 06.09.1994-cü il tarixli, 2v-187 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat ofisi tərəfindən ləğv edilə bilməz. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Bakı şəhər Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən 13 iyun 2019-cu il tarixində verilən AZ-İ seriyalı, 999666 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əkbərov Bəylər Kamal oğlu 18.08.1994-cü il tarixində Ağdam rayonunda erməni qəsbkarlarına qarşı döyüşdə həlak olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.08.1994-cü il tarixində 834 № ilə qeyd edilmişdir. АЗ seriyalı, № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əkbərov Bəylər Kamal oğlu 23 fevral 1966-cı ildə Ağdam rayonunda doğulmuş, bu barədə akt qeydləri kitabında 13 mart 1966-cı il tarixində 123 № ilə qeyd edilmişdir. Atası Əkbərov Kamal Əsədulla oğlu, anası X1r. Bakı şəhər Sabunçu rayon qeydiyyat şöbəsinin Maştağa qəsəbə bölməsi tərəfindən verilən 06 dekabr 2012-ci il tarixli AZ-İ seriyalı, 583434 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25.11.2012-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeyləri kitabında 06 dekabr 2012-ci il tarixində 314 № ilə qeyd edilmişdir. Bakı şəhər Sabunçu rayon qeydiyyat şöbəsinin tərəfindən verilən 17 fevral 2012-ci il tarixli AZ-İ seriyalı, 510786 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əkbərov Kamal Əsədulla oğlu 03.02.2012-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeyləri kitabında 17 fevral 2012-ci il tarixində 45 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2015/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Əkbərov Bəylər Kamal oğlu ilə Cavabdeh arasında 11.01.1994-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu, “Leyla” nikah evində 29 nömrə ilə qeyd edilərək bağlanmış nikahın etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən görünür ki, həmin iş üzrə Cavabdeh 05.02.2021-ci il tarixində məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və nikahın etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. Binəqədi rayon “Leyla” nikah evi tərəfindən verilən Vİ-ЖГ seriyalı, 407667 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əkbərov Bəylər Kamal oğlu ilə Cavabdeh arasında 11 yanvar 1994-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 yanvar 1994-cü il tarixində 29 №-li akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun notariusu A.K.Məmmədov tərəfindən 06 sentyabr 1994-cü il tarixində verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 06 avqust 1994-cü ildə ölmüş vətəndaş Əkbərov Bəylər Kamal oğlunun əmlakını yəni rayon hərbi komissarlığının Umo hissəsindən verilmiş 17.07.1994-cü il tarixli 74İ№-li arayışa əsasən 50000 manat məbləğində sığorta pulunu almışdır. Cavabdeh tərəfindən 06 avqust 1994-cü il tarixində Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna yazılan ərizənin surətindən görünür ki, o, vəfat etmiş əri Əkbərov Bəylər Kamal oğlunun sığorta pulunu almaq üçün ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Vərəsə qrafasında Əkbərov Bəylər Kamal oğlunun arvadından başqa heç bir vərəsəsinin olmaması qeyd edilmişdir. Cavabdeh isə ərizəsinin arxa üzünə imza etməklə əgər ondan başqa vərəsə çıxacağı halda onunda hissəsini verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin mübahisələndirilən və mübahisələndirilməyən halları aşağıdakı qaydada müəyyən edilmişdir. Miras qoyan 23.02.1966-cı il təvəllüdlü Əkbərov Bəylər Kamal oğlu 18.08.1994-cü ildə vəfat etmişdir. Əkbərov Bəylər Kamal oğlunun valideynləri Əkbərov Kamal Əsədulla oğlu və X2 olmuşdur. İddiaçı miras qoyan Əkbərov Bəylər Kamal oğlunun bacısıdır. Miras qoyan mərhum Əkbərov Bəylər Kamal oğlu 11.01.1994-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olmuşdur. Miras açıldıqdan sonra Cavabdeh 06.09.1994-cü il tarixdə sığorta pulu almaq üçün Bakı şəhəri 27 saylı Dövlət Notariat Ofisinə müraciət etmiş və cavabdehə 06.09.1994-cü il tarixli, 2B-187 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Vərəsəliklə bağlı notariat işində miras qoyanın digər vərəsələrinin olmaması müəyyən edilmişdir. Halbuki, miras qoyanın birinci növbədən vərəsəsi olan valideynləri 2012-ci ildə vəfat etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(001)-2015/2021 saylı qətnaməsinə əsasən mərhum Əkbərov Bəylər Kamal oğlu ilə Cavabdeh arasında 11.01.1994-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Leyla” nikah evində 29 nömrə ilə qeyd edilmiş nikah hazırki iş üzrə İddiaçı iddiasına əsasən etibarsız hesab edilmişdir. Məhkəmə qətnaməsində nikahın etibarsızlığına əsas saxta nikah olması göstərilmişdir. Həmin qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Hazırki iddia ilə iddiaçı Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən 06 sentyabr 1994-cü il tarixli, 2B-187 reyestr nömrəli 06.08.1994-cü ildə ölmüş vətəndaş Əkbərov Bəylər Kamal oğlunun arvadı Cavabdeh adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsızlığını tələb edir. İşin hallarından göründüyü kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1994-cü ildə verildiyindən və sonradan etibarsız hesab edilmiş nikah 1994-cü ildə bağlandığından hüquq münasibətləri həmin dövrdən yaranmışdır. Odur ki, mübahisəyə Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan SSR-nin 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 532-ci maddəsində qeyd edilmişdir ki, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə mə`lumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Azərbaycan SSR-nin 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah bağlandığı andan etibarsızdır. Belə nikahda olan şəxslərin bu maddənin 4-cü 5-ci hissələrində müəyyən edilmiş hallar istisna olmaqla ər-arvad hüquq və vəzifələri yaranmır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, miras qoyanın birinci növbə vərəsələri sırasına onun uşaqları(o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) daxildir. Eyni zamanda nikahları etibarsız hesab edilmiş ər-arvadın bir birinə münasibətdə hüquq və vəzifələri(vərəsə olmaq) yaranmır. Göründüyü kimi etibarsız hesab edilmiş nikah bağlandığı andan heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh miras qoyanın arvadı kimi onun vərəsəsi ola bilməzdi. Nəticədə vərəsəlik haqqında şəhadətnamə heç bir hüquqi nəticə doğurmamalıdır. Buna baxmayaraq vərəsəlik şəhadətnaməsinin etibarsızlığı barədə nə qüvvədə olan, nə qüvvədən düşmüş Mülki Məcəllədə hər hansı norma nəzərdə tutulmamışdır. Lakin məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mülki hüquq münasibəti əmələ gətirən(dəyişən, xitam edən) hüquqi akt olduğundan analogiya baxımından onun etibarlılığı mübahisələndirilə bilər. Belə ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 39-cu maddəsində qeyd edilmişdir ki, vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Həmin Məcəllənin 49-cu maddəsində qeyd edilmişdir ki, qanunun tələblərinə müvafiq olmayan əqd e`tibarsızdır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən e`tibarsız sayılan əqd, bağlandığı vaxtdan e`tibarsız hesab olunur. Lakin əqdin məzmunundan, onun ancaq gələcək vaxtda xitam edilə biləcəyi mə`lum olarsa, əqdin qüvvəsi gələcək vaxtda xitam edilmiş sayılır. Beləliklə məhkəmə hesab edir ki, miras qoyan şəxslə mirası qəbul edən şəxs arasında nikah münasibətləri etibarsız hesab edildiyindən, etibarsız hesab edilmiş nikah onun bağlandığı andan ər-arvadın hüquq və vəzifələrini yaratmadığından və nəticədə mirası qəbul edən şəxsin qanuni üzrə vərəsə olmadığı müəyyən edildiyindən Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən 06 sentyabr 1994-cü il tarixli, 2B-187 reyestr nömrəli 06.08.1994-cü ildə ölmüş vətəndaş Əkbərov Bəylər Kamal oğlunun arvadı Cavabdeh adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən 06.08.1994-cü ildə ölmüş vətəndaş Əkbərov Bəylər Kamal oğlunun arvadı Cavabdeh adına verilmiş 06 sentyabr 1994-cü il tarixli, 2B-187 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən 06.08.1994-cü ildə ölmüş vətəndaş Əkbərov Bəylər Kamal oğlunun arvadı Cavabdeh adına verilmiş 06 sentyabr 1994-cü il tarixli, 2B-187 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6065/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6065/2021
31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver