Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6118/2025 30.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdehi 2012-ci ildən tanıyır, həmin vaxt tikinti işləri ilə məşğul olurmuş, tikinti obyektinin mebellərini cavabdeh hazırlamış, münasibətləri bu formada yaranmış, bundan sonrakı dövrdə də şəxsi və işi ilə bağlı mebel sifarişlərini Cavabdeh yerinə yetirmişdir. Bu şəkildə yaxın münasibət yarandığından 2025ci ilin aprel ayında cavabdeh ona zəng edərək onunla görüşmüş, təcili 11000 manat məbləğində pula ehtiyacı olduğunu, 10-15 günə qaytaracağını bildirmişdir. O, isə özündə olmadığı üçün yaxın dostu ilə danışaraq 10000 manat pulu dostundan almış və 1000 manat da özü düzəldərək ümumilikdə 11000 manat məbləğində pul vəsaitini 21 aprel 2025-ci il tarixdə Cavabdeh vermişdir. Borcun 15-20 gün müddətinə geri qaytarılması barədə cavabdehlə razılığa gəlmiş olsalar da, cavabdeh öhdəliyini müəyyən olunmuş müddətdə icra etməyərək borcunu qaytarmamışdır. Cavabdehin götürmüş olduğu öhdəliyi vaxtında icra etməməsi səbəbindən borc aldığı şəxsin pulunu bağlaması üçün başqalarından faizə pul götürməklə borcu ödəmişdir. Bu da ona birbaşa əlavə maddi zərər vurmuşdur. Cavabdehə görə əlavə zərərə məruz qaldığını, 3500 manat faiz ödədiyini bildirdikdə o, bütün zərəri qarşılayacağını, kimlərdənsə alacağının olmasını, qısa müddətdə pulu alaraq ümumi zərəri, yəni 14500 manatı bağlayacağını bildirmişdir. Artıq beş aydır ki, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Hər dəfə zəng etdikdə işi uzatmaq üçün əlində yaxşı sifariş olduğunu, həmin sifarişi bitirərək aldığı pul vəsaiti ilə borcunu ödəyəcəyini bildirmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 14500 manat məbləğində pul vəsaiti, 330 manat hüquqi yardım, 135 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14965 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, nümayəndə bildirmişdir ki, tərəflər arasında hər hansı bir yazılı razılaşma bağlanmamış, hüquq mühafizə orqanlarına müraciət edilməmiş, ümumilikdə 14500 manat məbləğində borcun verilməsi ilə bağlı yalnız və yalnız tərəflərin telefon danışıqlarını özündə əks etdirən video görüntünün mövcud olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək, iddiaçıdan 11000 manat məbləğində pul vəsaitinin borc olaraq götürdüyünü etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan CD diskdə olan video çəkilişdən məlum olur ki, İddiaçı Cavabdeh məxsus telefon mobil nömrəsi ilə telefon danışığı apararaq, ondan borcun qaytarılmasını tələb etmiş, Cavabdeh isə ona 11000 manat məbləğinə pul vəsaitinin verildiyini etiraf etmiş, işi ilə bağlı alacaqlarının olduğuna əsaslanaraq yaxın vaxtlarda borcunu qaytaracağını bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh ərizəsində iddia tələbini qismən qəbul etməklə, iddiaçıdan 11.000 manat məbləğində pul vəsaitini borc olaraq aldığını etiraf etmişdir. İş materiallarında olan Bakı şəhəri 11 saylı vəkil bürosu tərəfindən Vəkil verilmiş xx.xx.2025-ci il tarixli 137 nömrəli arayışdan görünür ki, həqiqətən vətəndaş İddiaçı Binəqədi Rayon Məhkəməsində mülki iş üzrə hüquqlarının müdafiəsi ilə bağlı yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixli, EM-10VK-0987/2024 saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 330 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasında verdikləri izahatlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh 11.000 manat məbləğində pul vəsaiti vermişdir. Bununla yanaşı, iddiaçının 3500 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı “Cavabdeh borcuna görə əlavə 3500 manat məbləğində zərərin ödənilməsi” hissəsində tələbini əsaslandırılmadığından və həmin hissə sübutlarla təsdiq edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11.000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə məhkəmə xərcləri hüquqi yardıma görə vəkilə ödənilmiş 330 manat məbləğində vəsaitdən və ödənilmiş 135 manat dövlət rüsumundan ibarətdir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 330 manat vəsaitinin 76%-i, yəni 386 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 24%-i, yəni 79 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-6118/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6118/2025
30.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver