Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-613/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 11700 manat pul və 126 manat dövlət rüsumu olmaqla, cəmi 11826 manat pulun Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, qapı-pəncərə və s. quraşdırılması işləri ilə məşğuldur. 2023-cü ilin aprel ayının əvvəllərində dostu rəşad Hüseynov qapı-pəncərə quraşdırılması üçün Cavabdeh onunla tanış etmişdir. Cavabdeh bildirmişdir ki, təmir-tikinti işləri ilə bağlı sifarişlərin götürülməsi ilə əlaqədar şirkət işlədir. Ondan 2 evə qapı-pəncərə, məhəccər və duş kabininin quraşdırılmasını istəmişdir. Razılaşmalarına görə 2 evə qapı-pəncərə, məhəccər və duş kabininin quraşdırılması müqabilində cavabdeh tərəfindən ona 14900 manat pul ödənilməli idi. Həmçinin ödəniş iş təhvil veriləndən sonra olacaqdı. O, işlərə başlamış və razılaşdığı bütün quraşdırma işlərini 2023-cü ilin aprel ayının axırlarında bitirmiş və cavabdehə tam olaraq təhvil vermişdir. Lakin işi təhvil verəndə cavabdeh heç bir ödəniş etməmiş, pulu növbəti ay ödəyəcəyini bildirmişdir. 2023-cü ilin payız aylarında cavabdeh ona 3200 manat pulun əvəzi olaraq, həmin dəyərdə tikinti materialları vermişdir. Qalan 11700 manat pulu isə sonradan ödəyəcəyini bildirmişdir. Lakin pulun qalan hissəsini, yəni 11700 manat vəsaiti verməkdən boyun qaçırdır. Dəfələrlə cavabdehdən pulun qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirmiş, pulu olanda qaytaracağını bildirmişdir. Bununla bağlı aralarında telefon danışıqları və votsap yazışmaları olmuşdur. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənəd saxtadır. Məhəccərin şüşəsinin pulu kimi 800 manat ödəniş edəcəyi təqdirdə, şüşəni təhvil verib, quraşdırmağa razıdır. Həmin şüşə müəyyən ölçülərə görə kəsilir. Ona görə də, üst-üstə düşən ölçülərə uyğun şüşə təklifinin olması çox az ehtimaldır. Hətta ölçüdə 1 mm fərq şüşənin yararsız hesab edilməsinə səbəb olur. Bundan başqa cavabdeh iddia edir ki, qapının cəftəsi, ştapiki olmamışdır. Ştapik şüşəni saxlayan nazik aliminium materialdan olan profildir. O prerimetr boyunca olur və onsuz şüşənin saxlanılması qeyri-mümkündür.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və ona verilən suallara cavab olaarq bildirmişdir ki, cavabdeh 5 ədəd duş kabina sifariş etmişdir. Duş kabinanın birinin qiyməti 270 manat, altının mərməri isə 50 manatdır. Duş kabinanın quraşdırılması 270 manata daxildir. Ustaları bir ədəd duş kabina quraşdırmışdır. Duş kabinalar 90x90 idi. Məhəccəri isə quraşdırmamışlar, məhəccər 1300 manat dəyərindədir və quraşdırılması üçün usta pulu 250 manat təşkil edir. Qapı və pəncərələr quraşdırılıb. Pəncərələrin qiyməti 12000 manatdır və pəncərələr Ləhiş bağlarındakı evə, duş kabina isə Novxanıdakı evə quraşdırılmışdır. Asaş firmasının Bakı şəhərində rəsmi distribütoru vardır. Qapı və pəncərə ilə bağlı bütün materialları oradan almışdır. Duş kabinaların materiallarını isə tap.az internet saytından almışdır. Çünki cavabdeh ucuz mal istəmişdir. Ustalar öz işçiləridir, onlara aylıq əmək haqqı verir. Məhəccər hazırdır, lakin cavabdeh pulunu vermədiyi üçün quraşdırmamışlar. Məhəccərin şüşəsi 800 manat təşkil edir, məhəccər və şüşəsi sırf cavabdehin sifarişinə əsasən hazırlandığı üçün başqa şəxslərə sata bilmir. Cavabdeh barəsində bu ilin iyun ayında 5-ci Polis Bölməsinə şikayət etmişdir. Lakin şikayətinin nəticəsi barədə qərarı götürmək istədikdə Polis Bölməsindən yalnız məhkəmə sorğusu ilə qərarı təqdim edəcəklərini bildirmişlər. Cavabdeh ona yalnız 2023cü ilin payız aylarında 3200 manat dəyərində material vermişdir. Cavabeh əvvəlki məhkəmə iclasında guya başqa şəxsə məhəccər sifariş etdiyini və artıq məhəccərin quraşdırıldığını bildirmişdir. Lakin Rəşad adlı dostu ilə məhəccərin quraşdırılacağı evə getmiş, məhəccərin quraşdırılmadığını görmüşlər. Bundan başqa cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində izahat verərkən ona olan borcunu etiraf etmişdir və borcunu bu ilin sonuna kimi qaytaracağını bildirmişdir. Bundan başqa sifariş etdiyi malların dəyərini, yəni 12000 manat pulu sifariş etdiyim şəxslərə vermişdir. Belə ki, həmin şəxslər pullarını ondan tələb etmişlər. Bu zaman dostu Rəşad tanışlarından 12000 manat məbləğində borc pul götürmüşdür. Rəşad 12000 manat pul vəsaitini götürən zaman götürdükləri pulun üstündə əlavə olaraq 1500 manat da verməli idi. Bu barədə cavabdehə məlumat verən zaman cavabdeh onunla razılaşmış və yaxın vaxtlarda pulunu verəcəyindən pulu tapıb verməyi bildirmişdir. Daha sonra cavabdeh olan borcunu qaytarmamış və 12000 manatı, eyni zamanda əlavə olaraq 1500 manatı borc aldıqları şəxslərə qaytarmışdır. Ustaları qapı, pəncərə və duş kabinaları quraşdırmışlar, hətta şəklini də çəkərək onüa göndərmişlər, o da, öz növbəmdə həmin şəkilləri cavabdehə göndərmişdir. Həmin şəkilləri iş materiallarına da əlavə etmişdir. İzo sistemdə və duş kabinaların şüşələrində heç bir problem olmamışdır, problem olduğu təqdirdə cavabdeh bu barədə məlumat verməli idi. Bundan başqa izo sistem 2 il əvvəl quraşdırılmışdır. Cavabdeh 2 il sonra izo sistemdə və duş kabinaların şüşəsində sınığın olmasını indi bildirməsi düzgün deyildir. Perilanın şüşəsi kəsilib, hazırda zavoddadır. Şüşə cavabdehin sifariş verdiyi ölçüdə kəsildiyindən başqa şəxsə satıla bilmir. Özü hər malın üstündə təxminən 10-15 faiz gəlir əldə edir. Perilanın şüşəsinin təxmini qiyməti 800 manat təşkil edir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki, 2023-cü ilin aprel ayında tanışı Rəşad Hüseynovun vasitəsi ilə sifariş əsasında Novxanıda və Ləhic bağları ərazisində yerləşən tikdiyim həyət evləri üçün pəncərə, məhəccər və duş kabinlərinin hazırlanması və quraşdırılması ilə bağlı iddiaçıya müraciət etmişdir. İddiaçı ilə aralarında şifahi danışığa əsasən 11.700 manat olmaqla görüləcək iş üçün qeyri-rəsmi smeta təyin edilmişdir. X4 və Ləhic bağlarına pəncərə, məhəccər və duş kabinlərinin hazırlanması və quraşdırılması ilə bağlı işlərin görülməsini xahiş etmiş və bildirdim ki, işləri təhvil verdikdən 1 ay sonra pulunu ödəyəcək. İddiaçı təkliflə razılaşdı. Bu ərəfədə o, Quba rayonunda Rəşad Hüseynovla birgə Kottec layihəsi inşa etdiyindən, nəzərimdə tutmuşdur ki, Quba layihəsini yekunlaşdırıb, oradan alacağı pul vəsaitindən Fuada avans ödəsin. Lakin işdə problemlər çıxdığından Quba sifarişçisindən cəmi 5000 manat pul vəsaiti ala bilmişdir. Rəşadla 5000 manatı aldıqdan sonra Fuadın pulunu verməyi və yaxud Quba lahiyəsinin ustalarına pul verməyi məsləhətləşdikdən sonra, Rəşadın məsləhəti ilə pulu ustalara vermişlər. Buna görə də nəzərdə tutduğu pulu İddiaçı ödəyə bilməmişdir. Daha sonra İddiaçı ona zəng edərək, işləri bitirdiyini və pulun istədiyini bildirdi. Bu zaman Qubadan qayıdandan sonra işi təhvil alıb pulu ödəyəcəyini bildirmişdir. Lakin daha sonra Fuad işi tam olaraq yekunlaşdırmadığını, lakin ödəniş etməli olduğunu bildirdi. İş yarımçıq qaldığından həmin sifarişçilərdən də pulunu ala bilməmişdir. 3 ay sonra Fuada 3300 manat dəyərində material göndərmişdir. Sonradan Fuadla görüşmüş və yaxın vaxtlarda ona olan borcu ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq İddiaçı və Rəşad Hüseynov dəfələrlə zəng edərək onu polislə hədələmişlər, daha sonra ona hədəqorxu gəlmişlər və təzyiq etməyə başlamışdırlar. Hesab edir ki, İddiaçı iddiası əsassızdır. İddiaçılə aralarında heç bir müqavilə və təhvil-təslim aktı yoxdur. O öz işini tamamlamadığına, ona doğru məlumat vermədiyinə, işi yarımçıq saxladığına görə ona maddi ziyan vurmuşdur. Əslində özü ziyana düşmüşdür. Lakin buna baxmayaraq iddiaçıya olan 1700 manat borcunu ödəyəcək. İddiaçı neçə kvadrat qapı, pəncərə və sair sifariş etdiyim yadında deyil. Fuada etdiyi sifarişin məbləği tam dəqiq yadında olmasa da, Fuad təxminən 11700 manat məbləğində qapı, pəncərə, duş kabinə, məhəccər və sair quraşdırmalı idi. Fuada 11700 manat borcundan 3300 manat məbləğində material vermişdir. Borc məbləği ilə bağlı aralarında hər hansı bir yazışma yoxdur. Fuad onun sifarişini tamamlamadığı üçün yarımçıq qalan işlərin görülməsini dostundan xahiş etmişdir. Dostu yarımçıq qalan işləri nisyə görmüşdür, daha sonra müştəridən pulu alıb, dostunun pulunu vermişdir. O, iddiaçıya da sifarişi tam olaraq təhvil verməsini, təhvil verdikdən sonra onun pulunu verəcəyimi bildirsə də, Fuad təkliflə razılaşmamışdır. Dostunun da qapı, pəncərə şirkəti vardır. Şirkətin adı SVK Constructiondır. Yarımçıq işlərə görə 6000 manat pulu çıxmışdır. İddiaçıya 1700 manat borcu qalıb. Qapı, pəncərə və duş kabinələri quraşdırılan ev sifarişçinin evidir, hazırda evdə yaşayışın olub-olmamasını bilmir. Tamamlanmamış işə görə 3000 manat xərci çıxmışdır. Qapının cəftələrini səhv etmirsə, Asaş şirkətindən almışdır. Polis bölməsində təxminən bu ilin iyun ayında izahat vermişdir. Əvvəlki məhkəmə iclasında iddiaçıya etdiyi sifarişin məbləğinin 11700 manat olmasını səhvən bildirmiş, aralarındakı şifahi razılığa əsasən etdiyi sifarişin məbləği 14900 manat təşkil etmişdir. İddiaya etirazı müdafiə edir, əlavə olaraq bildirir ki, fərdi yaşayış evinə məhəccər quraşdırılmamışdır. O, məhəccərin quraşdırılmaması barədə ev yiyəsi ilə razılığa gəlmişdir. Evin yiyəsi məhkəmə iclasında iştirak edib, bu halı təsdiq edə bilər. Məhəccər quraşdırılmadığından məhəccərin pulunu iddiaçıya verməyəcək. İddiaçı sifarişi tam olaraq yerinə yetirməmişdir. Pəncərinin profilləri yığılıb, şüşə qoyulub, lakin şüşələrin bir hissəsində defekt olub. Belə ki, pəncərə su buraxırdı və cəftələr xarab idi. O, pəncərələri və cəftələri dəyişmişdir. Bu barədə iddiaçıya dəfələrlə bildirmiş, lakin iddiaçı pulu verdikdən sonra işi tam təhvil verə biləcəyini bildirmişdir. Hazırda iddiaçıya 1700 manat borcu vardır. Hazırda quraşdırılmayan 4 ədəd duş kabinaları quraşdırmışdır. İzo sistem yaxşı quraşdırılmadığından su buraxırdı, həmin məsələni də, artıq həll etmişdir. Həm izo sistemin, həm də ki, duş kabinaların şüşələri sınmış olduğundan, bu barədə iddiaçıya məlumat vermişdir. Lakin iddiaçı pulunu tam olaraq verdiyi təqdirdə həmin problemləri aradan qaldıra biləcəyini bildirmişdir. Bu səbəbdən özü həmin işləri görmüşdür. Şüşələrin sınıq olması barədə iddiaçını məlumatlandırmağı barədə sübutu növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcək.
6. Cavabdeh iddiaya yazılı etirazında göstərir: X3 iddia ərizəsinə cavab olaraq bildirmək istəyirəm ki, 2023-cü ilin aprel ayında tanışı Hüseynov Rəşadın vasitəsi ilə sifariş əsasında Novxanıda və Ləhic bağları ərazisində yerləşən tikdiyi həyət evləri üçün pəncərə, məhəccər və duş kabinlərinin hazırlanması və quraşdırılması ilə bağlı müraciət etmişdir. O da dostu İddiaçılə məni tanış edib və aramızda umumi dəyəri 11.700 azn olmaqla görüləcək iş üçün qeyri-rəsmi smeta təyin edilib. Mən də X4 və Ləhicə pəncərə, məhəccər və duş kabinlərinin hazırlanması və quraşdırılması ilə bağlı işlərin görülməsini xahiş etdim, bildirdim ki, işləri təhvil verdikdən 1 ay sonra pulunu ödəyəcəm. İddiaçı razılaşdı. Bu ərəfədə X5 birgə Kottec layihəsi inşa edirdim. Nəzərimdə tutmuşdum ki, Quba layihəsini yekunlaşdırım, ordan alacağım vəsaitdən Fuada avans ödəyim. Elə oldu ki, Rəşadın nəzarətsizliyi ucbatından layihədə müəyyən qüsurlar ortaya çıxdı, mən də Quba Sifarişçisindən cəmi 5000 azn pul vəsaiti ala bildim. Vəsaiti aldıqdan sonra Rəşad Hüseynovun sözünə inanaraq onun təkidi ilə pulu ona verdim. Rəşad Huseynov 5000 azn pulu Quba layihəsinin ustası Qoşqara verdiyini söylədi. Buna görə də nəzərdə tutduğum pulu İddiaçı ödəyə bilmədim. Daha sonra İddiaçı mənə zəng gəldi, dedi ki, işləri bitirmişəm, pulumu ödəyin. Mən də bildirdim ki, Qubadan qayidib işi təhvil götürüm, ödəyəcəm. Fuad mənə bildirdi ki, işi yekunlaşdırmamışam, mənə ödəniş elə. Fuad işi tamamlamadı. İş yarımçıq qaldığından həmin sifarişçilərdən də pulumu ala bilmədim. 3 ay sonra Fuada 3300 azn dəyərində material göndərdim. Sonradan Fuadla görüşdüm, dedim vəsaitim olanda haqq-hesab edərik. Buna baxmayaraq İddiaçı dəfələrlə zəng edərək məni polislə hədələdi, sonra Rəşad Hüseynovla birgə başladılar mənə təzyiq etməyə, bidirdilər ki, sənin yerinə sələmə faizə pul götürmüşük, onu da üstünə gələcəyik. Ona görə də tefonumu söndürdüm, onlarin zənglərinə cavab vermədim. Hesab edirəm ki, İddiaçı iddiası əsassızdır. Aramızda heç bir müqavilə və təhvil-təslim aktı yoxdur. O öz işini tamamlamadığına, mənə doğru məlumat vermədiyinə, işi yarımçıq saxladığına görə mənə maddi ziyan vurmuşdur. Əslində mən özüm ziyana düşmüşəm. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
7. İddiaçı briqadası olmaqla qapı-pəncərə düzəldilməsi və quraşdırılması ilə məşğuldur, cavabdeh isə sifariş əsasında ev təmiri ilə məşğuldur. Tərəflər arasında 2023cü ilin aprel ayında şifahi podrat müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh ümumi smeta xərci 14900 manat olan işlərin görülməsini İddiaçı sifariş vermişdir. Sifariş smeta dəyəri 12000 manat olan qapı-pəncərənin, 1 ədədi 320 manat olan 5 ədəd duş kabinanın, ümumi dəyəri 1300 manat olan məhəccərin(perilla) quraşdırılmasından ibarət olmuşdur. Tədqiq olunan telefon yazışmalarından, cavabdehin polis bölməsində verdiyi ifadəsi və məhkəmə iclasında verdiyi izahatından sifarişin smeta dəyərinin 14900 manat olması işin mübahisəsiz halıdır.
8. Cavabdeh sifarişin dəyərindən cəmi 3300 manat həcmində naturada ödəniş etdiyini bildirir, iddiaçı isə cavabdehin 3200 manat həcmində natura şəklində ödəniş etdiyini qəbul edir. Burada məbləğlər arasında olan 100 manat fərqi sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin bununla bağlı hər hansı sübut təqdim etmir.
9. Verilən sifarişdən 2023-cü ilin aprel ayının sonuna qədər smeta dəyəri 12000 manat olan qapı-pəncərinin quraşdırılması, 1 ədəd duş kabinanın quraşdırılması, birinin dəyəri 320 manat olan qalan 4 ədəd duş kabinanın materiallarının təhvil verilməsi, məhəccərin yalnız şüşəsinin müvafiq zavoda sifariş verilməsi və onun quraşdırılmaması, cavabdehə təhvil verilməməsi işin mübahisəsiz hallarıdır.
10. Cavabdehin iddiaya etirazın dəlilləri isə belədir: 1) Qapı-pəncərənin cəftələri və ştapikləri quraşdırılmamışdır, 2) qapı-pəncərə su axıtmışdır, 3) Məhəccərə ehtiyac qalmamışdır, 4) 4 duş kabin quraşdırılmamış və şüşələri sınıq olmuşdur. Bununla bağlı təqdim etdiyi təhvil-təslim aktında qeyd edilmişdir ki, 1)duş kabin şüşəsi və quraşdırılması 4 ədəd 2500 manat, 2) Perilla məhəccər 25 metr 2870 manat, 3)Pəncərə cəftələri və ştapikləri 30 ədəd 1340 manat. İddiaçı isə cavabdehin etirazının dəlilləri ilə və təqdim edilən təhvil-təslim aktında qeyd edilənlərdə razılaşmamış və etirazını belə əsaslandırmışdır ki, onun materiallarını verdiyi və 1 ədədinin 320 manat olduğu, hansı ki, cavabdeh özü ən ucuz variantı seçmişdir, 4 ədəd duş kabinaya görə cavabdehin 2500 manat xərc çəkməsi inandırıcı və məntiqli deyildir. İkincisi sifarişin icra edildiyi yerə baxmış və orada hər hansı məhəccərin quraşdırılmadığının şahidi olmuşdur. Hansı ki, cavabdeh özü də məhkəmə iclasında məhəccərin quraşdırılmadığını və ev yiyəsi ilə razılaşdıraraq məhəccərin quraşdırılmasından imtina etdiyini bildirmişdir. Üçüncüsü cavabdeh onların məhkəməyə qədər mübahisələri dövründə pəncərənin hər hansı qüsuru barədə heçnə deməmiş və tədqiq edilən fotoşəkildən cəftələrin yerində olduğu görünmüşdür. Eyni zamanda cavabdehin dediyi ştapik şüşəni saxlayan profildir və fotoşəkildən də şüşənin yerində olduğu görünmüşdür. Odur ki, cavabdeh onun icra etdiklərinin əvəzini ödəmək yerinə, guya X1 adlı şəxsə qüsurların aradan qaldırılması üçün 6710 manat vəsait xərcləməsi əsassızdır. Cavabdeh isə sonuncu məsələ barədə bildirmişdir ki, N.Qayınbəyov adlı şəxs onun dostudur və həmin işləri ona əvəzsiz görmüşdür.
11. Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci X6 Nəzirli yazdığı və imzası ilə təsdiqlədiyi izahatında göstərmişdir ki, Fuad Qaziyevə 14900 manat dəyərində olan işin görülməsini sifariş vermiş, 3300 manatını qaytarmış, işin tam təhvilinə əlavə 3000 manat özü pul xərcləmişdir. Hazırda 8600 manat borcunu 2024cü ilin sonuna kimi ödəməyə hazırdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
16. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
17. 756.1-ci maddəsinə əsas əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
18. 757. Əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər.
19. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
20. 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
21. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
22. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
23. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
24. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
25. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
26. 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.
27. 772.2-ci maddəasinə əsasən materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür.
28. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
29. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Podratçı muzd və smeta dəyəri 14900 olan sifarişi qismən icra etmişdir. Belə ki, podratçı 12000 manata razılaşdırılmış qapı-pəncərəni(izosistem) quraşdırmış, hər birinin qiyməti 320 manat olan 5 ədəd duş kabinanın materiallarını təhvil verməklə onlardan birini quraşdırmış, yalnız sifarişçinin təqdim etdiyi ölçülərə uyğun gələn ümumi dəyəri 800 manat olan şüşələri sifariş vermişdir. Sifarişçi isə bunun əvəzində cəmi 3200 manat ödəniş etmişdir.
31. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olmaqla cavabdehdən 10400 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, sifarişçinin görülən işlərin qüsurlu olması barədə məhkəmə icraatına qədər hər hansı pretenziyası olmamışdır. Belə ki, tərəflər arasında olan çoxsaylı telefon danışıqlarında sifarişçi bir dəfə də olsun icra edilmiş işin qüsuru barəsində pretenziyasını bildirməmiş, əksinə borcunu ödəmək üçün podratçıdan əlavə vaxt istəmişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, sifarişçi yerinə yetirilmiş işi qəbul etmişdir, hətta məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etmişdirsə, bu qüsurlarla bağlı tələb hüququ istisna edilmişdir. Odur ki, sifarişçi yerinə yetirilmiş işi qəbul etdiyindən razılaşdırılan muzdu ödəməlidir. Bundan əlavə duş kabinaların quraşdırılması ilə bağlı razılaşdırılmış muzd ümumi iş həcminin fonunda ayrı-ayrı, yəni materialların dəyəri və işçilik xərci olaraq danışığın predmeti olmamışdır. Yəni hazır duş kabina şüşələrinin və onun altı üçün alınmış mərmərlərin təhvil verilməsi ilə sifariş icra olunmuş hesab edilə bilər. Çünki duş kabinanın quraşdırılmaması məhz sifarişçinin hərəkətləri ilə bağlı olmuşdur və podratçı həmin işdən yalnız material xərcini tələb edir.
32. Məhəccərin quraşdırılması ilə bağlı isə məhkəmə iddianı ona görə qismən əsaslı hesab edir ki, həmin iş üçün razılaşdırılmış icra 1300 manat olsa da, podratçı yalnız onun 800 manat təşkil edən şüşələrini zavoda sifariş vermiş(kəsdirmiş), lakin sifarişçiyə təhvil verməmişdir, hansı ki, həmin şüşələr özünə xas ölçülərinə görə fərdi-müəyyən əşyadır. Eyni zamanda həmin şüşələrin pulunu ödəsə də, zavoddan təhvil almamışdır. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, nə qədər ki, həmin fərdi-müəyyən əşyalar sifarişçiyə təhvil verilməmişdir, baxmayaraq ki, sifarişçinin artıq həmin icraya marağa itmişdir sifarişçinin hərəkətləri nəticəsində podratçıya vurulan zərər ödənilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, borclunun qanunla qorunan ləngitmə hüququ vardır və öhdəliyin xarakteri eyni vaxtda qarşılıqlı icranı şərtləndirir.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsində qeyd edilmişdir ki, əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Həmin maddənin 5-ci bəndində isə qeyd edilmişdir ki, kreditorun iddiası üzrə ləngitmə hüququ yalnız o zaman həyata keçirilə bilər ki, borcluya öhdəliyi ancaq kreditorun öz öhdəliyini icra etdiyi vaxt icra etmək (eyni vaxtda icra) vəzifəsi tapşırıla bilsin. Vəzifənin bu cür tapşırılması əsasında kreditor, əgər borclu icranın qəbulunu gecikdirərsə, öz öhdəliyini icra etmədən məcburi icra tələb edə bilər.
34. Beləliklə məhkəmə hesab edir ki, məhəccər üçün razılaşdırılmış şüşələr sifarişçiyə təhvil verildiyi vaxt onun dəyəri olan 800 manat vəsait podratçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
35. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, bunun 800 manat məbləğində hissəsi məhəccər üçün razılaşdırılmış şüşələr iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi vaxt icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda 120 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
36. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. 11200 (on bir min iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin, bunun 800(səkkiz yüz) manat məbləğində hissəsi məhəccər üçün razılaşdırılmış şüşələr iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi vaxt icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (yüz iyirmi) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev