Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6164/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə ödədiyi 3.350 manat məbləğində pulun, vəkil tərəfindən göstərilmiş xidmətə görə ödənilmiş 200 manat pulun, avtomobilin təmiri üçün xərclənmiş 800 manat məbləğində pulun əvəzinin, 400 manat məbləğində avtomobilin açar dəstinin dəyişdirilməsi üçün ödənilmiş pulun əvəzinin, habelə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun, cəmi 4.781 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 3.350 manat məbləğində pulun, vəkil tərəfindən göstərilmiş xidmətə görə ödənilmiş 200 manat məbləğində pulun, habelə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun, cəmi 3.581 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh məhkəmə iclaslarına gəlməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə, habelə cavabdeh İddiaçı izahatına uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə yaxın münasibətdədir və iddiaçının avtomobil almaq niyyəti barədə məlumatlı olmuşdur. Belə ki, o da iddiaçıya bu məsələdə köməklik etmişdir. Bir müddət axtarışlardan sonra iddiaçı “Mercedes Benz C200” minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və onu almaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobili satan Cavabdeh ilə söhbət aparmış və onlar avtomobilin dəyərinin ödənilməsi qaydasını öz aralarında razılaşdırmışdılar. Həmin razılaşmaya əsasən iddiaçı cavabdehə ilkin olaraq 2.000 manat, sonra isə 13 ay ərzində hər ay 450 manat məbləğində pul ödəməli idi. Bununla bağlı onlar Bakı şəhəri, Atatürk prospektində yerləşən Ayna Sultanovanın heykəlinin yaxınlığında görüşmüşlər və onun iştirakı ilə keçən həmin görüşdə cavabdeh qeyd edilən avtomobili iddiaçıya təhvil vermiş və bunun müqabilində iddiaçı onun şahidliyi ilə cavabdehə 2.000 manat məbləğində pul ödəmişdir. Digər hər hansı ödənişlərin aparılmasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz” minik markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ 20.02.2021-ci il tarixdən 20.08.2020-ci il tarixədək İddiaçı etibar edilmiş və bununla bağlı iddiaçıya notarial qaydada təsdiq edilmiş müvafiq etibarnamə təqdim edilməklə avtomobil Cavabdeh tərəfindən ona təhvil verilmişdir. İddiaçı həmin avtomobili 2.000 manat məbləğində ilkin ödəniş, qalan məbləği isə 13 ay ərzində hər ay 450 manat ödəmək şərti ilə Cavabdeh nisyə aldığını, ilkin ödəniş qismində ona 2.000 manat, sonradan isə ümumilikdə 1.350 manat məbləğində pulun ödənildiyini, lakin sonradan cavabdehin avtomobili ondan qaytarmaq şərti ilə müvəqqəti aldığını və bir daha qaytarmadığını bildirir və ona ödədiyi ümumilikdə 3.350 manat məbləğində pulun, göstərilən hüquqi xidmətə görə vəkilə ödənilən 200 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. İddiaçı tərəfindən təqdim edilmiş “whatssap” social şəbəkəsində aparılmış yazışmaların çıxarışına əsasən cavabdeh iddiaçının xeyrinə 450 manat və 600 manat məbləğində pulun ödənilməsini təsdiq edən ödəniş qəbzlərinin şəklini göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır; 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdehin köməkliyi ilə “Mercedes Benz” minik markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən 20.02.2021-ci il tarixdən 20.08.2020-ci il tarixədək iddiaçıya etibar edilmiş, bunun müqabilində cavabdeh iddiaçıdan ümumilikdə 3.350 manat məbləğində pul almış, sonradan isə həmin avtomobili iddiaçıdan geri almışdır. Bu avtomobil cavabdehin mülkiyyətində, habelə etibarlı idarə etməsində olmamış, tərəflər arasında hər hansı, o cümlədən nisyə alqı-satqı müqaviləsi bağlanmamışdır. Bununla belə, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına ona məxsus olan ümumilikdə 3.350 manat məbləğində pulu əldə etmiş və bu məbləğ hesabına əsassız olaraq varlanmışdır. Hazırda da iddiaçı bu məbləğin ondan tutulmasını tələb edir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 3.350 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 200 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə, qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, hüquqi yardıma görə ödənilmiş 200 manat pulun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3.350 manat məbləğində pul, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3.350 (üç min üç yüz əlli) manat məbləğində pul, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 1 (bir) manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçı verilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6164/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-6164/2021
28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver