Məhkəmə qərarları › İş №2(001)-617/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-617/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-617/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə İddiaçı (MMC) Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9051,40 manat əsas borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 manatın və ödənilmiş 50 manat mediasiya xərcinin, ümumilikdə 9163,40 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyytli Cəmiyyətində Ticarət nümayəndəsi vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə işçinin əmək funksiyalarına aşağıdakılar aid edilmişdir; 3.1.1 Müştərilərlə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq onlardan satış malların pulunu alır, həmin gün kassa mədaxil orderi yazıb təftiş assistentin və ya firmanın kassasına daxil edir. 3.1.2 Mədaxil orderi ilə qəbul etdiyi pul vəsaitlərini tam və vaxtında kassaya təqdim edilməsinə görə məsuliyyət daşıyır. Lakin şirkət tərəfindən aparılmış yoxlamalar zamanı işçi-Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi, şikayətin kassasına ödənilməli olan pul vəsaitinin kassaya mədaxil etmədiyi müəyyən edilmişdir. Belə ki, Təhvil-Təslim Aktları il Cavabdeh verilmiş mallar üzrə onun tərəfindən yığılmış 9051,40 manat pul vəsaiti təftiş assistentinə verilməmiş və ya firmanın kassasına mədaxil edilməmiş, bununla əlaqədar şirkətin auditor və təftişçiləri tərəfindən 18 adda Üzləşdirmə aktları tərtib edilmişdir. Beləliklə, Cavabdeh "xxxx" MMC-yə 9051,40 manat ziyan vurmasına və bununla bağlı tam maddi məsuliyyət daşımasına baxmayaraq, qeyd edilən məbləği ödəməmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil tələbini dəqiqləşdirərək bildirmişdir ki, verilmiş iddianın əsasını təhvil-təslim aktları ilə Cavabdeh verilmiş mallar üzrə onun tərəfindən yığılmış 9051,40 pul vəsaiti təftiş assistentinə verilməməsi və ya firmanın kassasına mədaxil edilməməsi, bununla əlaqədar şirkətin auditor və təftişçiləri tərəfindən 18 adda üzləşdirmə aktları tərtib edilməsi, beleliklə, Cavabdeh İddiaçı MMC-yə 9051,40 manat ziyan vurması və bununla bağlı tam maddi məsuliyyət daşımasına baxmayaraq, qeyd edilən məbləği ödəməməsi olmuşdur. Verilmiş iddianın əsasının dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən, İddiaçındə Ticarət nümayəndəsi vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə işçinin əmək funksiyalarına aşağıdakılar aid edilmişdir; 3.1.9 Müştərilərə verilmiş malların yararlılıq müddətlərinin ardıcıllığına uyğun olaraq satışa nəzarət edir. 3.1.10 Satış nöqtəsinin potensialından artıq mal sifarişini qəbul etməmək. Potensialdan artıq götürülmü. Son nəticədə satılmayan, potensialdan artıq malların zay və ya saxlama müddətinin bitməsi nəticəsində müəssisəyə geri qaytarılmasının qarşısını almaq. 3.1.11 Ticarət obyektlərinə verilmiş, lakin istifadə müddəti keçmiş mallara görə cavabdehlik daşıyır. 3.1.12 Alıcıya satış üçün verilmiş malların qaytarılması 3 gün müddətində həyata keçirilir və özünün Vəzifə Təlimatında qeyd olunmuş digər öhdəliklərini yerinə yetirir. Lakin şirkət tərəfindən aparılmış yoxlamalar zamanı işçi- Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi, Satış Nöqtəsinin potensialından artıq mal sifariş verməklə şirkətə zərər maddi zərər vurmuşdur. Bu səbəbdən, Cavabdeh 9051,40 əsas borc, dövlət rüsumu üçün ödənilmiş 62 manat və ödənilmiş 50 manat mediasiya xərcinin, ümumilikdə 9163,40 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi. İzahatında bildirdi ki, mağazalardan pulun yığılıb, şirkətə təhvil verilməsi onu işi olmamışdır. O heç vaxt nəğd şəkildə şirkətə pul verməmişdir. Mağazalar elektron qaydada şirkətin balansına pulu mədaxil edirlər. O ki, qaldı imza etmiş olduğu sənədlərə o üzləşmə zamanı iştirak etsə də, həmin çatışmamazlığa görə məsuliyyət daşımır, elə olsaydı şirkət ona son-haqq hesab vərəqəsi verəndə ondan pulunu tələb edərdi, əksinə onun balansına 1400 manat pul otuzdurmazdı. Həmçinin şirkətə vurulmuş ziyan kimi 1086 manat pul da onun son haqq hesabından çıxılmışdır. Onun əmək funksiyası malların sifarişini götürüb firmaya vermək və firmadan vaxtı keçmiş, zay malları firmaya qaytarmaq, eyni zamanda satışdan əldə edilən pulları kassaya mədaxil etmək olmuşdur. Malların sifarişini firmaya verdikdən sonra onun iştirakı olmadan firmanın sürücüsü anbardan sifariş edilmiş malları sifarişçiyə çatdırır və o isə malları yerində yoxlayaraq, sifarişin düzgün həyata keçirilməsinə nəzarət etmişdir. İddia edilən borcun yaranmasına əsas isə, sifarişçi mağazaların yaranmış borcunu firmaya qaytarmaması olmuşdur, buna görə o cavabdehlik daşımır. O ki qaldı zay məhsullara, o bütün məhsulları anbara təhvil vermiş, bütün qaimələr də hazıradək ondadır. Buna dair bütün üzləşdirmələr aparılmış, o məhsulların zay anbarına təhvil verməsi ilə əlqədar sənədlərə imza da etmişdir. onun hazırki zaman ərzində şirkətə heç bir məbləğdə borcu qalmamışdır. Məhkəmə tərəfləri dinləyərək, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmamalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, cavabdeh İddiaçı MMC-də Ticarət nümayəndəsi vəzifəsində işə qəbul edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, cavabdeh Şirkətə mənsub olan maddi və natural vəsaitlərin qorunub saxlanmasınıöz öhdəsinə götürmüşdür. Əmək müqaviləsinə xitam verilməsi barədə 259/k-x-01 nömrəli Əmrdən və Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dəki vəzifəsinə dair Azərbaycan Respublikası Əmək Məcəlləsinin 204-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, cavabdeh öz xahişi ilə işdən çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış 08 avqust 2024-cü il tarixli pretenziya məktubunda 9051,40 manat şirkətə vurulmuş ziyan barədə məlumatlandırmış, borcun bu məktubun alındığı tarixdən 3 gün müddətində ödənilməsi tələb olunmuşdur. Həmçinin pretenziyada göstərilən məbləğin cavabdeh tərəfindən yığılıb firmaya mədaxil edilməməsi əsasında yaranması qeyd olunmuşdur. Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə Mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış tarixləri göstərilməyən Xidməti Məlumatlardan (Aylıq SQ Hesabat) göstərilmişdir ki, o, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixə xidmət göstərdiyi satış nöqtələrində zay və saxlama müddəti bitmiş məhsullar qalmamışdır, 2459 AZN məbləğində bütün məhsullar Baş Ofisin Zay Anbarına təhvil verilmişdir. Qeyd olunan hal ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il 1176 AZN, xx.xx.2024-cü il tarixədək xx.xx.2024-cü il tarixədək 1198 AZN, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1475 AZN, xx.xx.2024-cü il tarxidən xx.xx.2024-cü il tarixədək 1386 AZN məbləğində satışa yararsız məhsullar şirkətin anbarına təhvil verilmişdir. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı ərizədə göstərilmişdir “ yazıb sizdən xahiş edirəm ki, təqsirim üzündən şirkətə dəymiş 1086,44 (min səksən altı) AZN zərərin, əmək haqqından və son haqq hesabından tutulmaq şərtilə ödənilməsinə köməklik edəsiniz.” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 191.1-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 203.1-ci maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmçinin yuxarıda sadalanan əmək qanunvericiliyinin normalarından göründüyü kimi işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət, eyni zamanda bu barədə müqavilə bağlandığı hallarda isə tam maddi məsuliyyət daşıması öhdəliyi vardır. Lakin maddi məsuliyyətin yaranması üçün 3 əsasın eyni zamanda mövcud olması zəruridir. Yəni ziyanın vurulması aşkar olduqda, əməl qanunazidd olduqda, qanunazidd əməl ilə nəticə arasındakı səbəbli əlaqə. Hazırda məhkəmənin tədqiqində olan iş üzrə vurulmuş zərərin mövcudluğunu təsdiq edən heç bir mötəbər sənəd məhkəməyə təqdim edilməmiş, “akt” kimi təqdim edilən butün sənədlər isə əksəriyyətinin birtərəfli, (şəxsiyyəti və tutduğu vəzifə müəyyən edilməyən) yalnız iddiaçı şirkətin əməkdaşları tərəfindən imzalanmış, tələb olunan qaydada nə möhürlə təsdiq, nə də müvafiq qeydiyyata alınmamışdır. Məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi və ciddi hesabat blankları formasında tərtib edilməsi zəruri olan sənədlərin həmin tələblərə cavab verməməsini, təhvil təslim aktlarında nəinki, mühasib və ya digər rəsmi vəzifəli şəxsin imzasının olmamasını, şirkətin möhürü vasitəsilə təsdiq edilməməsini, həmçinin sənədlərin tarixinin belə göstərilməməsini diqqətdən qaçırmır. Bundan başqa üzləşmə zamanı aşkar olunan “əskikgəlmə barədə akt” kimi təqdim edilən sənədin adi gözlə müəyyən edilən eyni xəttlə tərtib edilməsini, o cümlədən də cavabdehin adının qeyd olunmasına baxmayaraq heç bir sənəddə imzasının olmamasını, aktların natamam formada tərtibini, o cümlədən də qeyd olunan məbləğlərə dair heç bir mühasibatlıq və ya daxili audit yoxlama sənədlərinin olmamasını da məhkəmə nəzərə alır. Həmçinin iddiaçı tərəfindən təqdim edilən cavabdehin iddiaçı şirkətə ünvanladığı aylıq SQ hesabatlarda belə zay məhsulun müvafiq məbləğlər təşkil etməklə anbara təhvil verildiyi, şirkət əməkdaşlarının və cavabdehin bununla tanış olduğu göstərilməklə yanaşı, tədqiq edilmiş aktlarda tərəflərin bir-birilərinə qarşı hər hansı ziyan və ya çatışmamazlıqla bağlı etiraz, pretenziyasının əks olunmamasını da məhkəmə nəzərə alır. Təqdim olunmuş və sübut kimi qiymət verilməsi istənilən sənədlərin tədqiqindən isə tələbdə irəli sürülmüş məbləğin hansı əsaslı hala, mötəbər sənədə istinad edilərək hesablanıb ortaya çıxması məhkəməyə hələ də qaranlıq qalır. Bundan başqa iddiaçının məhkəməyə təqim etdiyi cavabdeh tərəfindən şirkətə ünvanlanmış ərizənin məzmunundan da müəyyən olunur ki, cavabeh işdən ayrılarkən 1086,44 manat şirkətə ziyan vurmasını etiraf edir və həmin məbləğin ona veriləcək son haqq hesabdan tutulmasını xahiş edir. Məhkəmənin suallarına cavab olaraq isə hər iki tərəf həmin məbləğin artıq cavabdehə məxsus haqq hesabdan tutulmasını bildirirlər. Bu isə öz növbəsində irəli sürülmüş tələbin heç bir əsasa malik olmadığını bir daha təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə qənaətə gəlir ki, İddiaçı (MMC) Cavabdeh qarşı “pul tələbinə” dair iddiası sübuta yetirilməməsi əsası ilə rədd edilməli və məhkəmə xərcləri də qanunamüvafiq olaraq iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar