Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-618/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı “sazişin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı “sazişin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, müqavilə hüquq və öhdəliklərin keçirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 1054 ünvanında yerləşən kompleksin 1-ci blok, 5-ci mərtəbəsindəki 2 otaqdan ibarət 12 saylı mənzil iddiaçıya məxsusdur. Cavabdeh və onun həyat yoldaşı X2 iddiaçıya məxsus olan mənzili almaq üçün müraciət etmişlər və arada razılaşma olmuşdur. Mənzilin dəyərinin müəyyən edilməsində iddiaçı, həyat yoldaşı və cavabehin həyat yoldaşı X2 iştirak etmişlər. Daha sonra iddiaçı və həyat yoldaşı evin satılmasına etiraz edilməməsi barədə notarial qaydada ərizə vermişlər. Mənzilin məbləğini MTK-nın ofisində cavabdeh sellofan paketdə iddiaçının həyat yoldaşına təqdim etmişdir. Həyat yoldaşı qarşı tərəfə etibar etdiyindən pulu tam saymayaraq təhvil almışdır. Daha sonra "xxxx" “MTK-nın ofisində MTK-nın, iddiaçının və cavabdehin iştirakı ilə xx.xx.2022-ci il tarixdə üçtərəfli saziş bağlanılmışdır. Təqdim olunan pul evdə sayılan zaman məbləğdən 10000 manat əskik gəlmişdir. Bununla bağlı cavabdehə və onun həyat yoldaşı R.İbrahimova müraciət edən zaman cavabdeh buna etiraz edərək belə bir halın olmadığını bildirmişdir. Daha sonra iddiaçı MTK-ya məlumat verərək, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mənzilin dəyərinin müəyyən edilməsində o, həyat yoldaşı və cavabdehin həyat yoldaşı iştirak etmişdir. Cavabdeh onun iştirakı ilə pulu həyat yoldaşına vermişdir. Pulu verən zaman cavabdeh razılaşdırdıqları məbləğdə olduğunu bildirmiş, həyat yoldaşı da pulun bir bağlamasını saydıqdan sonra ona etibar etdiyindən digər bağlamanı saymamışdır. Həmin gün həyat yoldaşı 3000 manat alqı-satqı vasitəçisinə (maklerə), 4000 manat məbləğində "xxxx" MTK-ya pul ödəmişdir. Daha sonra onlar evə gəlmiş və pulu saydıqları zaman 163000 manat olduğunu müəyyən etmişlər, əslində isə 173000 manat olmalı idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki (yazılı etiraz təqdim edilmişdir), müdafiə etdiyi şəxs pulu verən zaman iddiaçıya və onun həyat yoldaşına bir neçə dəfə pulu saymasını təklif etmiş, lakin onlar özləri saymamışlar. Cavabdeh öz öhdəliyini tam yerinə yetirərək, pulu tam ödəmişdir. Həmçinin qeyd etmişdir ki, hazırkı iddia üzrə sazişin etibarsız hesab edilməsi üçün hallar mövcud deyil. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Ə.Əliyeva izahatı verərək, müqavilənin MTK-da qanunvericiliyə uyğun qaydada bağlandığını, pulun ödənilməsi və sayılmasını isə MTK-dan kənar tərəflərin özlərinin arasında olduğunu bildirərək, yekun məhkəmə qərarının məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - müqavilə hüquq və öhdəliklərin keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli sazişə əsasən, "xxxx" (MTK” ilə “əvvəlki sifarişçi” (İddiaçı) arasında bağlanmış Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə, blok 1, mərtəbə 5-də yerləşən 12 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli GH- A 1/001546 saylı müqavilə və xx.xx.2017-ci il tarixli GH-MA-170920-78 saylı maliyyə arayışı üzvə əvvəli sifarişçinin sahib olduğu bütün hüquq və öhdəliklərni bu saziş hüquqi qüvvəyə mindiyi anbdan “yeni sifarişçi”-yə (Cavabdeh) keçir. Bu saziş hüquqi qüvvəyə minəndən sonra əvvəlki sifarişçinin müqavilə üzrə bütün hüquq və öhdəliklərinə birdəfəlik məhkəmədən kənar qaydada xitam verilir. Əvvəlki sifarişçi qəbul və bəyan edir ki, müqavilə və sazişlə əlaqədar icraçıya qarşı gələcəkdə hər hansı bir formada və qaydada heç bir tələb irəli sürülməyəcək. - "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarxli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə, blok 1, mərtəbə 5-də yerləşən 12 saylı mənzil 144.064,00 manata İddiaçı satılmışdır. - xx.xx.2022-ci il tarixdə notarial qaydada İddiaçı və X1 ərizə verərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə, blok 1, mərtəbə 5-də yerləşən 12 saylı mənzilə dair müqavilədən gələn öhdəliklərin Cavabdeh keçirilməsinə və müvafiq sənədləşmə aparılmasının təmin edilməsini "xxxx" MTK-dan xahiş etmişlər. - xx.xx.2022-ci il tarixdə İddiaçı və X1 notarial qaydada ərizə verərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində 8i-11077 reyestr nömrəsi ilə təstiq edilmiş ərizədən imtina etmişlər. - "xxxx" “MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 103 ünvanında 1-ci giriş, 5-ci mərtəbəsində ümumi sahəsi 102 kv.m, istifadə üçün yararlı sahəsi 90.03 kv.m olan 2 otaqlı 12 saylı mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilmişdir. Məhkəmə qeyd edir ki, aldatma fakti mövcud olmamiş və cavabdeh tərəfindən razilaşma üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Belə ki, iddiaçi tərəfindən iddia ərizəsində cavabdehin aldatmaya yönəlmiş hansi hərəkətləri etdiyi və bu hərəkətlərin iddiaçı da əqdin bağlanmasi üçün yanlış iradə ifadəsinin formalaşmasına hansi formada təsir etdiyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında mənzilə dair hüquqların ötürülməsi barəsində razılaşma mövcud olmuş və bu razılaşmanın icrasının nəticəsi (qanuni gözləntisi) olaraq iddiaçı, cavabdeh və "xxxx" MTK arasında "Müqavilə hüquq və öhdəliklərinin keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli üçtərəfli saziş (bundan sonra "Saziş") imzalanmışdır. Tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı müqavilə üzrə ona məxsus hüquqları cavabdehə keçirməyi (güzəşt etməyi), cavabdeh isə iddiaçıya 180 000 (bir yüz səksən min) AZN pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi, faktiki olaraq, hər iki tərəf (həm iddiaçı, həm də cavabdeh) üzərlərinə götürdüyü öhdəliyi tam icra etmişdir. İddiaçının öhdəliyini icra etməsinin nəticəsi olaraq xx.xx.2022-ci il tarixli üçtərəfli Sazişin imzalanması, cavabdehin öhdəliyini icra etməsinin nəticəsi olaraq cavabdehin razılaşdırılmış ödənişi iddiaçıya verməsi və iddiaçının icranı qəbul etməsindən sonra cavabdehə "xxxx" MTK tərəfindən öhdəliyin icrasına dair maliyyə arayışının verilməsi çıxış edir. Nəzərə alınmalıdır ki, iddiaçı Sazişin etibarsızlığının faktiki və hüquqi əsası kimi aldatma faktına istinad etsə də, bu faktı iddia ərizəsində əsaslandırmamış, cavabdehin hərəkəti nəticəsində aldadılmaya məruz qaldığını qeyd etməmişdir, əksinə iddia ərizəsində "həyat yoldaşım ona etibar etdiyindən həmin pulu tam şəkildə sayıb təhvil almır" kimi ifadə qeyd edərək əslində cavabdeh tərəfindən iddiaçını aldatmağa yönəlmiş hər hansı formada bir hərəkət və ya hərəkətsizlik edilmədiyini birbaşa etiraf etmişdir. Odur ki, bir-birini mübahisəyə qədər heç vaxt görməmiş, tanımamış, münasibətləri ancaq mübahisəli məsələ ilə bağlı olan iki şəxsdən birinin digərinə etibar etməsi aldatma faktı kimi dəyərləndirilə bilməz. Cavabdeh pul vəsaitini iddiaçıya təqdim edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmiş, öhdəliyini tərəflər arasında razılaşdırılmış qaydada icra etmiş, pul vəsaitinin tərəflərin iştirakı ilə sayılmasını iddiaçıya və onun həyat yoldaşına (Azər Allahverdiyevə) dəfələlərlə bildirmiş, iddiaçı pul vəsaitini özünün müəyyən etdiyi formada saymaqla öhdəliyin icrasını təsdiq və qəbul etmişdir. Bu faktlar iddiaçının iddia ərizəsi və məhkəmədəki ifadəsi ilə təsdiq edilir. Həmçinin iddiaçı təklif edilmiş öhdəliyin icrasının qəbulu formasını öz məsuliyyətini dərk edərək və cavabdehin hər hansı müdaxiləsi olmadan özü müəyyən etmiş və icranı özünün müəyyən etdiyi formada qəbul etmişdir. Bununla cavabdehin öhdəliyinə xitam verilmiş və iddiaçının öhdəliyinin icrasını qəbul etməsindən sonra cavabdehə "xxxx" MTK tərəfindən ödənişin tam ödənildiyinə dair xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin iddiaçı tərəfindən Məhkəməyə cavabdehin öz öhdəliyini icra etməməsi və ya lazımi qaydada icra etməməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. AR Mülki Məcəlləsinin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. AR Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən "... Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir." AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli qərarında qeyd edir: "O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir." İddiaçının iddia tələbinin məzmunundan da açıq-aşkar görünür ki, iddiaçı cavabdeh tərəfindən aralarında olan razılaşma üzrə ödəniş öhdəliyinin lazımi qaydada icra edilmədiyinə istinad edərək Sazişin etibarsız hesab edilməsini tələb edir. Halbuki, Sazişin özünün 5-ci bəndində qeyd olunur: "Yeni Sifarişçi ilə Əvvəlki Sifarişçi arasında olan cari münasibətlər, indiki və ya gələcəkdəki sövdələşmələr, razılıqlar, o cümlədən hal-hazırda mövcud olan və ya gələcəkdə yarana biləcək mübahisələr üzrə "xxxx" heç bir məsuliyyət daşımır, belə (və ya qeyd olunmamış bənzər) halların mövcudluğu müqavilənin və bu sazişin etibarsızlığına əsas sayıla bilməz..." Göstərilən bəndin məzmunundan göründüyü kimi, iddiaçı Sazişin etibarlılığının hər hansı digər öhdəliyin icrasından və ya mübahisədən asılı olmadığını özü də təsdiq edərək Sazişi imzalamışdır. Hazırki halda, əqdə dair iradə ifadəsinin başa çatmasından sonra icra edilmiş, əqd üzrə yanlış iradə ifadəsinin formalaşmasına təsir etməsi mümkün olmayan, əqddə nəzərdə tutulmayan və istinad olunmayan öhdəliyin lazımi qaydada icra edilməməsi bildirilərək Sazişin etibarsızlığının tələb edilməsi tərəflər arasında imzalanmış Sazişin və qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Hazırki mülki işin hüquqi və faktiki halları (xüsusilə ödəniş öhdəliyinin mübahisələndirilməsinin əqdin etibarsızlığına təsiri hissəsində) ilə oxşarlıq təşkil edən digər mülki mübahisə üzrə artıq AR Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı mövcuddur və həmin qərarda əqdin etibarsızlığı əsası kimi aldatmanın təfsiri zamanı nəzərə alınmalı əlamətlər qeyd edilmişdir. AR Konstitusiya Məhkəməsi Plenumu "T. Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 01 dekabr 2020-ci il tarixli qərarında qeyd edir: "Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə- bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: -Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; -Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). “Yuxanda qeyd olunduğu kimi, hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2019-cu il tarixli qətnaməsində satılan payların dəyərinin müqavilədə real qiymətindən aşağı göstərilməsinin, müqavilənin formal olaraq T.Qasımova ilə bağlanılmasının, o cümlədən razılaşdırılmış məbləğin ödənilməməsinin müqavilənin yalan məlumatlar əsasında bağlanmasına və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmişdir. Lakin məhkəmənin gəldiyi bu qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır.» AR Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən xx.xx.2020-ci il tarixli qərarında göstərilən aldatmanın əqdin etibarsızlığı əsası kimi cavab verməli olduğu şərtlərin heç biri hazırki mülki iş üzrə mövcud deyildir və bu səbəbdən iddiaçı tərəfindən iddia ərizəsində əsaslandırılmamışdır. Həmçinin, AR Konstitusiya Məhkəməsi Plenumu müvafiq qərarında aşkar şəkildə hüquqi mövqe ifadə edir ki, hər hansı müqavilə üzrə ödəniş öhdəliyinin lazımi qaydada icrasının mübahisələndirilməsi əqdin etibarsızlığına əsas ola bilməz. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndiridiyi müqavilədən görünür ki, həmin müqavilə qanunamüvafiq formada imzalanmış və cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmamışdır... İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-618/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-618/2023
26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver