Məhkəmə qərarları › İş №2(001)-620/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-620/2025

17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-620/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə, Cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsindən cavabdehə məxsus əmlaklarının çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: mənzilə istifadə hüququ, yaşayış sahəsinə ehtiyac) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1nə, Cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsindən cavabdehə məxsus əmlaklarının çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh1nə, Cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsindən cavabdehə məxsus əmlaklarının çıxarılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 məxsus olan ümumi sayı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşdırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqlarının ona məxsus olan qeyri-yaşayış sahəsində öz hesablarına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə mübahisəsi üzrə iddiaçılar Cavabdeh2 ve "xxxx" MMC-nin cavabdehler X7, X8 və "xxxx" MMC-yə qarşı maneələrin aradan qaldırılması, əldən çıxmış fayda, dəymiş ziyan, mənəvi ziyanın ödenilmesi, iddiaçılar X7, X8 ve "xxxx" MMC-nin cavabdehler Cavabdeh2 və "xxxx" MMCyə qarşı müqavilələrə xitam verilməsi, icarə haqqı, xidmət haqqı, mənəvi zərər və əldən çıxmış faydanın tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələblərinə dair birləşdirilmiş işlər üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 2730/2022 nömrəli qətnaməsi elan edilmiş, həmin qətnamə üzrə iddiaçılar Cavabdeh2 və "xxxx" MMC-nin iddiasının qismən təmin olunması, X1 dəymiş zərərin əvəzi olaraq 28907,90 manat məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməsi, X2 dəymiş zərərin əvəzi olaraq 10198 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iddiaçılar X7, X8 və "xxxx" MMC-nin iddia tələblerinin qismən təmin edilməsi, X9 ilə Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, Cavabdeh2 4940,73 manat məbləğində icarə haqqının tutularaq X5 ödənilməsi, X8 ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, "xxxx" MMC-dən 866180 manat məbləğində icarə haqqının tutularaq X6 ödənilməsi, "xxxx" MMC ilə Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilməsi, Cavabdeh2 618,32 manat, "xxxx" MMC-dən 9003,18 manat xidmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 və "xxxx" MMC apellyasiya şikayəti verilmiş, Baki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMCnin apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmişdir. Şikayət təmin edilən hissədə cavabdeh X2 iddiaçı "xxxx" MMC-nin xeyrinə 34.438 manat pul tutulması qət olunmuşdur. Bundan sonra həmin qətnamədən Cavabdeh2 və "xxxx" MMC kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-44/2024 sayİı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətləri təmin olunmamışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, “Hayat Management" MMC-nin və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktla, xx.xx.2020-ci il tarixdə saat 10:30-dan başlayaraq 18:00-a qədər Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən "Azure" Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən "xxxx" MMC və Cavabdeh2 məxsus olan ümumi sayı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşdırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqları "xxxx" MTKnın anbarına yığılmışdır. Qeyd olunur ki, anbar "xxxx" MTK-nın istifadəsində olsa da, iddiaçıya məxsusdur və onun mülkiyyətindədir. Belə ki, cavabdehlərin əmlaklarının yerləşdirildiyi qeyri-yaşayış sahəsini "xxxx" MTK-dan 2016-cı il 24 may tarixli GH-Q- 000850 saylı bağlanmış müqavilə əsasında almış və buna dair ona həmin tarixli maliyyə arayışı təqdim olunmuşdur. Həmin maliyyə arayışında qeyd olunur ki, "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış kompleksinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu girişlərinin 3-cü mərtəbəsində yerləşən, hər birinin 655m2 olan qeyri-yaşayış sahəsi ona məxsusdur və "xxxx" MTK-ya hər hansı bir borcum yoxdur". Göründüyü kimi, həmin qeyriyaşayış sahəsi onun mülküdür və ona məxsusdur. Qeyd olunan emlakların uzun müddət ərzində ona məxsus olan qeyri-yaşayış sahəsində saxlanılması, cavabdehlər tərəfindən həmin əmlakİarın götürülməməsi nəticəsində o, öz daşınmaz əmlakından bu gün də istifadə edə bilmir və nəticədə onun mülkiyyətə dair hüquqları pozulur. "xxxx" MTK-nın nümayəndəsi tərəfindən dəfələrlə bu barədə cavabdehlərə müraciət olunsa da, cavabdehlər müraciətlərə məhəl qoymamış və bu günə qədər həmin əmlakları ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarmamışlar. Ona görə də mübahisənin həll olunması məqsədi ilə məhkəməya müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, həmin rəylə bağlı olan məsələlər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarında münasibət bildirilmişdir. Cavabdehin nümayəndəsi özü də bildirir ki, əmlakların sahib özlərinə məxsusdur. Həmin əmlakların dövriyyəyə buraxılması və ya satılması onların hüququdur. Həmin əmlkların onların müstəsna mülkiyyətindədir. Onların dövriyyəyə buraxılması, satılması və ya məhv edilməsi onların vəzifəsidir. Qarşı tərəf “Azad İstehlakçılar” İctimai Birliyinə həmin əmlakların satışının qadağan olunması məqsədilə müraciət etmişlər. Bu gün onlar həmin əmlakların çıxarılmasını tələb edirlər. Bundan əlavə tərəflərin 4 il müddətində məhkəmələrdə çəkişmələri olmuşdur. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə verdiyi izahatında bildirdi ki, ekspert rəyləri iddiaçının mülkiyyətin olan sahəyə yığılan əmlakların qadağan olunmuş preparatlar vasitəsi ilə dərmanlanması ilə bağlıdır. Hansı ki, həmin əmlaklar anbara yığılandan sonra onların orda baxımsız qalmışdır. Həmin əmlakları xarab olunmaması məqsədilə ora qadağan olunmuş preparatlarla dərmanlanmışdır. Həmin əmlakların kim tərəfindən dərmanlanması kim tərəfindən olunması məlum deyil. Eyni zamanda həmin preparatlaın istifadəsi Azərbaycan Respublikasında qadağandır. Həmin əmlakların çıxarılması insan sağlamlığına ciddi fəsadlar törədə bilər. Bununla bağlı müvafiq Dövlət qurumları məlumatlıdırlar. Onlar əmlakların ordan çıxarılmasından savayı, ümumiyyətlə həmin yerə daxil olunması insan sağlamlığına təhlükəlidir. Həmin əmlaklara bağlı “Azad İstehlakçılar” İctimai Birliyi rəyi təsdiq edir ki, o mallar insan sağlamlığı üçün təhlükəlidir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış kompleksinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu girişlərinin 3-cü mərtəbəsində yerləşən, hər birinin 6550 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur və "xxxx" MTK-ya hər hansı bir borcu yoxdur. - GH-Q-000850 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı-"xxxx" MTK onun tərəfindən inşa edilməsi nəzərdə tutulan Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbədə sahəsi 6550 m2 olan qeyriyaşayış sahəsini inşa etməyi, sifarişçi-İddiaçı isə bunun qarşılığında müqavilə ilə razılaşdırılmış pul vəsaitini İcraçıya ödəməyi öhdəsinə götürür. - Xətai Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021ci il tarixli qərarı ilə X3 müraciəti, X10 və Cavabdeh2 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən “Azure” TM-nin 1-ci mərtəbəsindəki sahəsi 441,9 kv.m. və 843, kv.m. sahəsi olan “X11” MMC-nin və Cavabdeh2 məxsus geyim əşyaları satılan mağazadakı əşyalar qablaşdırılaraq "xxxx" MMC-nin anbarına yığılmışdır. - Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-2(113)-49/2022 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 MMC-nin iddiasının qismən təmin olunması, X1 dəymiş zərərin əvəzi olaraq 28907,90 manat məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməsi, X2 dəymiş zərərin əvəzi olaraq 10198 manat məbləğində pulun tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması; iddiaçılar X7, X8 və "xxxx" MMC-nin iddia tələblərinin qismən təmin edilməsi, X7 ilə Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, Cavabdeh2 4940,73 manat məbləğində icarə haqqının tutularaq X5 ödənilməsi, X8 ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, "xxxx" MMC-dən 8661,80 manat məbləğində icarə haqqının tutularaq X6 ödənilməsi, "xxxx" MMC ilə Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilməsi, Cavabdeh2 6128,32 manat, "xxxx" MMC-dən 9003,18 manat xidmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-2730/2022 nömrəli qətnaməsi dəyişdirilərək, cavabdeh X2 iddiaçı Cavabdeh1 MMC-nin xeyrinə 34.438 manat pulun tutulması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, 300 manat ekspertiza xərcinin cavabdehlər X7 və X2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-44/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-141/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). “İnsan hüquqları və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Sporronq və Lonnrotun İsveçə qarşı” işi üzrə qərarında mülkiyyət hüququnun müdafiəsində üç qaydanı qeyd edərək göstərmişdir ki, bu hüquq özündə mülkiyyətdən məhrum edilmənin və mülkiyyətə müdaxilənin yolverilməzliyini, mülkiyyətdən istifadə edilməsinə nəzarəti ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məhkəmə qeyd edir ki, cavabdehlərə məxsus əşyaların iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, əmlakından öz istədiyi kimi istifadə etmək imkanına maneələr yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən işin araşdırılması ilə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbədə sahəsi 6550 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və hazırda çıxarılması tələb edilən əşyalar cavabdehin nümayəndəsinin məhkəmə iclasında etirafı ilə cavabdehə məxsus olduğu öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbinin qəbul edilməməsini əşyaların onlara məxsus olmasına baxmayaraq həmin qeyri-yaşayış sahəsinə cavabdehlər tərəfindən deyil, onların məlumatı və razılığı olmadan iddiaçının oğlu tərəfindən yerləşdirilməsini, əşyaların kimyəvi maddə nəticəsində yararsız hala salınmasını, nəticədə əşyaların çıxarılmasının insan həyatı üçün təhlükə yaratması ilə əsaslandırmağa çalışsa da, məhkəmə qeyd edir ki, hazırki mübahisə əşyanın yerləşdirilməsi nəticəsində dəymiş ziyanla bağlı olmamaqla mülkiyyətçinin mülkiyyətində olan əmlakla bağlı hüquqlarının pozulması, iddiaçının müraciətlərinə baxmayaraq cavabdehlər tərəfindən özlərinə məxsus əşyaların qeyri-yaşayış sahəsindən çıxarılmamasıdır. Cavabdehin iddia tələbinə etirazında qeyd edilən hallar artıq məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Hazlrki halda cavabdehlərə məxsus əşyaların mülkiyyətçinin qeyri yaşayış sahəsində mülkiyyətçinin iradəsinə zidd olaraq saxlanılması onun hüquqlarını pozmaqdadır. «Mülkiyyət hüququ»nun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə yuxarıda qeyd edilən işin halları və qanunvercilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məxsus olan ümumi saylı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla, bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqlarının İddiaçı məxsus "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlərin hesablarına çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məxsus olan ümumi saylı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla, bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqlarının İddiaçı məxsus "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlərin hesablarına çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar