Məhkəmə qərarları › İş №2(001)-6283/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6283/2021

06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6283/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 oktyabr 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-yə ödədiyi 216 manat məbləğində pul vəsaitinin və sonuncu tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 9 manat ödəniş etməklə qızı X3 cavabdeh mərkəzdə yoxlamadan keçirmiş, yoxlanışı Cəmilə adlı direktor həyata keçirmiş, qızının psixopedaqoq və psixoloq seansları almalı olduğunu bildirmişdir. Beləliklə, 12 dərs və 2 seans olmaqla seanslar qeyd olunmuş, ondan 216 manat pul tələb olunmuşdur. Qızını mərkəzə aparma səbəbi uşağın Enurezdən əziyyət çəkməsi və atası ilə bağlı travmasının olmadı idi. Cəmilə xanım seansları özü aparacağını bildirsə də, yoxlanışdan sonrakı günlərdə ilk dərsləri digər, daha cavan və az praktikalı müəllimlər keçmişdir. Uşağının Mərkəzə gəlmə səbəbləri cavabdeh tərəfindən unudulmuş, adi yanaşma ilə 10 yaşlı uşağına məktəbəqədər təhsilə aid dərslər keçilməyə başlanmışdır. O, cavabdehə ödənişi edərkən cavabdeh tərəfindən güyə kompaniya müddətinin bitməsinə az qalması bildirilərək ondan təcili ödəniş etməsi tələb olunmuş, o, 30 manat pulu nağd ödədikdən sonra 186 manatı ödəniş terminalı vasitəsi ilə həyata keçirmişdir. Bir neçə dərsdən sonra qızı eyni məzmunlu dərslərdən yorulduğunu söyləyib Mərkəzə getməkdən imtina etmişdir. O, bu barədə Cəmilə xanıma məlumat verdikdən sonra sonuncu Banu ilə özü məşğul olacağını, daha keyfiyyətli senaslar keçiriləcəyini vəd etmişdir. Lakin, 3 dərsdən sonra Cəmilə xanım Banu ilə məşğul olmağa vaxtı olmadığını bildirmiş, o, digər müəllimlərin dərslərinin keyfiyyətindən narazı olduğunu bildirib, belə olan təqdirdə ödədiyi pulun geri qaytarılmasını tələb etsə də, Cəmilə xanımın əri Səxavət adlı şəxs ona zəng vuraraq onlardan heç bir halda pulu geri ala bilməyəcəyini demişdir. Beləliklə, o, həm ödədiyi pulu geri ala bilməmiş, həm də, xəstəlikdən əziyyət çəkən qızı bir neçə seans keyfiyyətsiz dərslər keçməklə uşağın psixoloji vəziyyətinə mənfi təsir olmuşdur. Buna görə də o, cavabdehdən ona vurulmuş həm maddi, həm də mənəvi zərərin əvəzinin ödənilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cəmiyyətə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya onun tərəfindən yazılı münasibət bildirilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 may 2021-ci il tarixli müqavilədə göstərilmişdir ki, MMC tərəfindən uşaq X4 1 ay ərzində psixoloq, psixopedaqoq xidmətlərin göstərilməsi üçün xidmət haqqı 216 manat müəyyən edilmişdir. Müqavilə üzrə MMC uşaqların fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmləndirilməsinə dair öhdəlik götürmüş, İddiaçı isə uşağının məktəbəqədər təlimtədrisinin səmərəli keçirilməsini tələb etmək hüququ tanınmışdır. Müqavilədə MMC-nind irektoru kimi “C.Bayramova” göstərilmişdir. - “eManat” ödəniş teminalının qəbzindən görünür ki, 08 may 2021-ci il tarixdə X1 bank kartı hesabına 186 manat pul ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. - 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı 10 yaşlı uşağı X3 psixopedaqoq və psixoloq seansları alması ilə bağlı cavabdeh Cəmiyyətə qeydiyyat etdirmiş, İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqavilə şərtlərində cavabdehin uşaqların fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmləndirilməsi öhdəliyinin olması, iddiaçının isə təlim-tədrisinin səmərəli keçirilməsini tələb etmək hüququ göstərilmişdir. İddiaçı uşağına verilən tədrisdən narazı olmuş, bununla bağlı müqavilədə nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən tam icra olunmasını tələb etməsinə baxmayaraq, tələbi icra edilməmişdir. Buna görə də, İddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləni ləğv etməyi tələb hüququ yaranmışdır. Həmçinin, iddiaçı cavabdehə 216 manat pul ödədiyini bildirsə də, iş materialları ilə cavabdehə 186 manat ödənişi təsdiq edən sübut mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əvəzli müqavilənin şərtləri ilk öncə cavabdeh tərəfindən pozulduğundan iddiaçının bu müqavilə üzrə cavabdehə ödədiyi pulu geri tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ödənilmiş pulun geri tələbi hissəsində qismən təmin olunmalı, 186 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı iddia tələbində cavabdehdən ona vurulmuş mənəvi zərərin pulla əvəzinin tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması və əgər zərər vurulmuşdursa, həmin zərərin həcminin müəyyən edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mənəvi zərərin vurulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı “X7” MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunsun. Vurulmuş maddi zərərin əvəzi kimi 186 manat məbləğində pul vəsaiti “X7” MMCdən tutularaq İddiaçı ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 7 manat məbləğində pul vəsaiti də “X7” MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar