Məhkəmə qərarları › İş №2(001)-6301/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6301/2024

28.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6301/2024 28.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Salmanov(Məmmədov) İsmayıl Eldar oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməklə, xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evi (köhnə ünvan: Vorovski qəsəbəsi, Derjinski küçəsi, ev 26) onun xüsusi mülkiyyətindədir. Buna dair ASSR Bakı şəhər X1 İcraiyyə Komitəsi tərəfindən verilən 4-cü kitab 482-ci səhifədə qeydiyyata alınmış, xx.xx.1975-ci il tarixli çıxarış möcuddur. Cavabdeh onun oğludur. Lakin qeyd edir ki, o, 20 ildən çox müddətdir ki, onunla birlikdə yaşamır və onu tərk etmişdir. Nə onun atasından, nədə özünün oğlundan xəbəri var. Azyaşlı olduğu dövrdə onun yaşayış yeri valideynin yanı sayıldığından, həmin evə qeydiyyata alınmışdır. Cavabdehin razılığı olmadan ev üzərinə hüquqlarını tam həyata keçirə bilmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin qayıdacağını gözləsə də, illər keçməsinə baxmayaraq qayıtmamışdır. Evin satılması barədə 15 il əvvəl cavabdehə təklif irəli sürmüş, lakin razılaşa bilməmişlər.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, fərdi yaşayış evini 1975-ci ildə almışdır. Oğlu anasını söydüyü üçün onu evdən qovmuşdur. Cavabdehdən təxminən 20 ildir ki, xəbəri yoxdur. Müxtəlif xəstəliklərdən əziyyət çəkir. Evi satıb, özünü müalicə etdirmək istəyir, eyni zamanda oğluna və özünə də ev almaq istəyir. Bu müddət ərzində bir iki dəfə qohumlar oğlunu danlasa da, oğlu evə qayıtmamışdır. Cavabdehə bir dəfə evi satıb, daha yaxşı ev almağı təklif etsə də, razılıq ərizəsini imzalamaqdan imtina etmişdir. Evdə özü, yoldaşı və qızı yaşayırlar. Oğlunu zorla çıxartmamışdır.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əlavə olaraq cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılmış və tərəfin məhkəmə iclaslarından məlumatlı olduğu və məhkəmə iclaslarında iştirak etmək istəmədiyi dəqiqləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. ASSR Bakı şəhər X1 İcraiyyə Komitəsi tərəfindən verilən xx.xx.1975-ci il tarixli çıxarışın surətindən görünür ki, Vorovski qəsəbəsi, Derjinski küçəsində yerləşən 26 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 4-cü kitab 482-ci səhifədə qeydiyyata alınmışdır

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun mətnində göstərilir: Sizin xx.xx.2024-cü il tarixində Binəqədi RPİ-yə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxıldı. Müraciətinizdə, Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmisiniz. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır.

1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında. 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyınız halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Əks təqdirdə müraciətinizdə adları qeyd olunan vətəndaşların qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Məhkəmə tərəfindən tədqiq edilmiş və işin halları ilə təsdiq olunan sübutlarla müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin (köhnə ünvan: Vorovski qəsəbəsi, Derjinski küçəsi, ev 26) mülkiyyətçisidir. Cavabdeh onun oğludur və həmin mənzildə qeydiyyatdadır. Cavabdeh uzun müddətdir ki, həmin mənzildən yaşamaq üçün istifadə etmir. Hazırki vaxtda da, həmin mənzildə yaşamır.

9. “Azemis” Elektron Məhkəmə Sistemindən müəyyən edilmişdir ki, cavabdeh həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

11. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev 1975-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir, xx.xx.1978-ci il təvəllüdlü X2 isə mülkiyyətçinin oğlu olmaqla doğulduğu vaxtdan evi tərk edənədək həmin evdə yaşamışdır. Odur ki, tərəflər arasında mübahisəli hüquq münasibəti həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşür. Bununla bağlı aşağıdakı normalara nəzər yetirək.

12. 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin:

13. 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

14. 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

15. 87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

16. 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

17. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur.

19. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər.

20. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir.

21. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı.

22. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:

23. - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;

24. - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

25. İstifadə hüququnun yaranması əsasından asılı olmayaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarının hazırki mübahisəyə tətbiq edilməsi mümkündür.

26. İşin hallarından göründüyü kimi cavabdeh iddiaçının oğlu olmaqla həmin mənzildə yaşamış və istifadə hüququ yaranmışdır. Daha sonra cavabdeh atasının rəftarından inciyərək evdən çıxıb getmiş və bir daha qayıtmamışdır. Cavabdehin 20 ilə yaxın mübahisəli mənzildə yaşamaması, dolayısı ilə istifadə hüququndan istifadə etməməsi onun daimi olaraq başqa yaşayış sahəsinə köçdüyü qənaəti yaratmaqla, yaşayış sahəsinə olan ehtiyacının artıq aradan qalxdığı hüquqi nəticəsi doğurur. Bu isə yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyə görə istifadə hüququnun itirilmiş(xitam verilmiş) hesab edilməsi üçün əsasdır. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

31. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

32. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh Salmanov(Məmmədov) İsmayıl Eldar oğlunun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə (köhnə ünvan: Vorovski qəsəbəsi, Derjinski küçəsi, ev 26) istifadə hüququ itirilmiş(xitam verilmiş) hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Salmanov(Məmmədov) İsmayıl Eldar oğlunun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə (köhnə ünvan: Vorovski qəsəbəsi, Derjinski küçəsi, ev 26) istifadə hüququ itirilmiş(xitam verilmiş) hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar