Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6305/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçı X2, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə Mamedov Ekhtibar Hüseyn oğlunun Məmmədov Arif Famil oğluna və Məmmədova Həmail Hüseyn qızına qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mamedov Ekhtibar Hüseyn oğlu Məmmədov Arif Famil oğluna və Məmmədova Həmail Hüseyn qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20000 ABŞ dolları məbləğində əsas borcun, borcun ödənilməməsinə görə hesablanmış 1300 ABŞ dolları məbləğində əlavə borcun Azərbaycan manatına olan məzənnə ilə cəmi 36210 manat pulun, mənəvi zərərin əvəzi kimi 100000 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, beləliklə cəmi 136240 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Cavabdeh1 ilə öz həmyerliləri vasitəsilə tanış olmuş, 2018-ci li ərzində Cavabdeh1 müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pulu borc kimi vermiş, Cavabdeh1 vəd etdiyi vaxtda borcunu qaytararaq iddiaçının etibarını qazanmışdır. 2019cu ilin mart ayında iddiaçı Cavabdeh1 10000 ABŞ dolları, həmin ilin iyun ayında isə yenidən 10000 ABŞ dolları məbləğində pulu borc kimi vermiş, Cavabdeh1 borcunu həmin ilin dekabr ayında qaytaracağını vəd vermişdir. Lakin razılaşdıqları vaxtadək borcundan bir hissəsini qaytarmış, 5300 ABŞ dolları borcu qalmışdır. Cavabdeh1 məşğul olduğu ət satışı biznesini genişləndirmək məqsədilə 2020-ci ilin iyun ayında iddiaçıdan yenidən borca pul istəmiş, iddiaçı isə sonuncunun əvvəldən də ona borclu olduğunu bildirərək pul verə biləcəyini, lakin borcu notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə biləcəyini demiş, Cavabdeh1 iddiaçı ilə razılaşmışdır. Beləliklə, xx xxxx 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı Cavabdeh1 14700 ABŞ dolları həmin vaxta manata olan məzənnə üzrə 24900 manat borc pul vermiş, cavabdehin iddiaçıya ümumi borcu 20000 ABŞ dolları təşkil etmişdir. Cavabdeh1 borcunu xx xxxx 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyini bugünədən icra etməmişdir. Bu ərəfədə Cavabdeh1 arvadı, iş üzrə digər Cavabdeh2 iddiaçı ilə əlaqə saxlayaraq ərinin borcunu özünün və valideynlərinin hesabına qaytaracağını vəd etmiş, Cavabdeh1 isə son olaraq evini və qarajını satıb borcunu qaytaracağını bildirmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 başqa şəxslərə də borcu vardır və o, öz qarajını satıb həmin şəxslərə olan borcunu ödəmiş, ona olan borcu isə qalmışdır. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər iddiaçıya ödəməli olduqları 20000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq qaytarmaqdan boyun qaçırdıqlarından onlardan qərarın çıxarıdığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə faiz borcu da tutulmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ən son xx xxxxxxxx 2020-ci il tarixə məlumatına əsasən bank uçot dərəcəsi hazırda 6,5 faiz təşkil edir. Belə olan halda cavabdehlərdən həm də 20000 ABŞ dollarının 6,5 faizi, yəni 1300 ABŞ dolları da tutulmalıdır. Həmçinin, cavabdehlərin qanunsuz hərəkətləri iddiaçına mənəvi sarsıntı, əsəb, stress yaratmışdır ki, bunun da əvəzi mənəvi zərər kimi cavabdehlərdən tutulmalıdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ona bir neçə dəfə borca pul vermiş, o, həmin pulla işini qurmuş, qazancındna iddiaçıya da ödənişlər etmiş, yəni birgə qazanmışlar. İddiaçıya həqiqətən də 20000 ABŞ dolları məbləğində borcu vardır, lakin iddianı faiz və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qəbul etmir. Həmçinin, borcun onun arvadına heç bir aidiyyəti yoxdur. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini, iddiaçı ilə onun ərinin arasında olan münasibətdən xəbərsiz olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı əsas borca münasibətdə qəbul etməsi qanunvericiliyə zidd deyildir və iş üzrə heç bir tərəfin hüquqlarını pozmur. Buna görə də, etiraf məkhəmə tərəfindən qəbul olunmalı, həmçinin, iddiaçı ilə Cavabdeh2 arasında hərhansı borc münasibətinin olması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia yalnız Cavabdeh1 münasibətdə qismən təmin, Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan aldığı pulla müəyyən işlər görmüş, gəlir əldə etmişdir. Belə ki, bu hal həm iddiaçının nümayəndəsinin, həm də cavabdehin özünün izahatı ilə təsdiq olunur. Beləliklə məhkəmə hesab edir ki, 20000 ABŞ dolları məbləğində pul vəsaiti halhazıradək iddiaçıya qaytarılmadığından, qətnamə çıxarılan günə bank uçot dərəcəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 6,5% müəyyən olunduğu nəzərə alınaraq 1300 ABŞ dolları məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 100000 manat təşkil etməsini əsaslandırmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd olunmalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 20000 ABŞ dolları əsas, borcun ödənilməməsinə görə yaranmış 1300 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 21300 ABŞ dolları məbləğində pul vəsaiti tərəflər arasında borc münasibətlərinin yarandığı dövrdə Azərbaycan manatına olan məzənnə ilə 36210 manat müəyyən edilməklə tutularaq X3 ödənilməli, iddia digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Mamedov Ekhtibar Hüseyn oğlunun Məmmədov Arif Famil oğluna və Məmmədova Həmail Hüseyn qızına qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiası qismən təmin edilsin. 20000 ABŞ dolları əsas, borcun ödənilməməsinə görə yaranmış 1300 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 21300 ABŞ dolları məbləğində pul vəsaiti tərəflər arasında borc münasibətlərinin yarandığı dövrdə Azərbaycan manatına olan məzənnə ilə 36210 manat müəyyən edilməklə Cavabdeh1 tutularaq X3 ödənilsin. İddia digər hissələrdə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti də Cavabdeh1 tutularaq X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6305/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6305/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver