Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6306/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 malların ümumi dəyəri olan 4903 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun ümumilikdə 4933 manat məbləğinədə pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tədarükçü kimi çap kağızlarının alış-verişi ilə məşğul olur. Bir neçə dəfə cavabdehlərlə aralarında xammal kimi kağız məhsullarının alğı-satqısı baş tutmuşdur 2021-ci ilin yanvar ayının ortaları Türkiyə Respublikasından kağız məhsulları sifariş edib cavabdehlərə çatdırdıqdan sonra cavabdehlər malların ümumi dəyəri olan 4903 manat pulu ona verməkdən imtina etmişlər. Hər dəfə müxtəlif bəhalər gətirərək pulu verməkdən imtina etsələr də, son zamanlarda isə birmənalı olaraq pulu verməyəcəklərini bildirmişlər. Hətta kriminal aləmin üzvü olduğuna dair Cavabdeh1 ona hədə-qorxu gəlmişdir. Nəticədə o, bu əməllər barəsində 12 mart 2021-ci il tarixində Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət etmişdir. Müraciəti əsasında iş HK-1-563 nömrəsi ilə qeydiyyata alınmış və araşdırılması üçün təhqiqatçı, polis mayoru Samir İslamovun icraatına verilmişdir. Araşdırma zamanı cavabdehlərin izahatları alınmış Cavabdeh2 Malı qəbul etməsini, Fail Əhmədov isə borcun olmasını etiraf etmişdir. Qeyd edir ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən tərəfindən xammal gətirildikdən sonra mala görə ödəniş edilməli idi. Lakin malların gətirilmə xərclərində müəyyən dəyişikliklər edildiyinə görə o, alıcılara əvvəlcədən məlumat verərək bildirmişdir ki, hər qutu mal 40 ABŞ dolları deyil, 45 ABŞ dolları edəcək. Daha sonra onların razılığı əsasında malları malları gətirmiş və təhvil vermişdir. Lakin ödəniş edilmədiyi üçün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət etmişdir. Müvafiq araşdırma yekunlaşdıqdan sonra 22 mart 2021-ci il tarixində , HK-1-563 nömrəli iş üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Qərarın nəticə hissəsində ona tövsiyyə edilmişdir ki, aidiyyəti üzrə məhkəməyə müraciət etsin. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. O, iddiaçıdan kağız məhsulları almışdır. İddiaçı ilə əvvəlcə hər qutu kağız üçün 40 ABŞ dollarına razılaşsalar da, sonradan Rüfət qiyməti 45 ABŞ dollarına qaldırmışdır. Rüfət qiyməti artıraraq ona zərər vurmuş və qiymət artdığı üçün o müştəri itirmişdir. O, əsasən şadlıq sarayları ilə işləmiş və onlara dəvətnamə vermişdir. Pandemiya ilə bağlı şadlıq sarayları bağlandı və onun da işləri pisləşdi. O, iddiaçıya borcu hissə-hissə ödəməyi təklif etsə də, iddiaçı onunla razılaşmamışdı. Cavabdeh2 tanıyır və onunla iş birlikləri var. Ancaq hazırki borcun Yamənə aidiyyəti yoxdur. Borc onun öz borcudur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis mayoru X2 tərəfindən tərtib edilən 22 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınan Cavabdeh1 bildirmişdir ki, 2000-ci ildən mətbəə işində işləyir. Təxminən 6 ildir ki, fərdi sahibkar qismində fəaliyyət göstərir. Təxminən 3 ildir ki, mətbəə işində işləyən İddiaçı tanıyır. Aralarında alış-veriş münasibətləri olmuşdur. 2020-ci ilin dekabr ayının əvvəllərində İddiaçı sadə kağız, yəni xammal alıb. 12000 manat ödəniş etmiş və alış-verişi 2021-ci ili yanvar ayının əvvəlinə kimi davam etmişdir. Əvvəlcədən hər paçka kağız üçün 40 ABŞ dolları razılaşmış, malı verəndən sonra İddiaçı öz hesablamasına görə ona aid olmayan səbəblərə görə (malın gömrükdə gecikməsi və s) ona bildirmişdir ki, artıq 40 ABŞ dolları deyil, 45 ABŞ dollarına hesablama aparacaq. Lakin bununla razılaşmamış, bu günkü günə İddiaçı ümumi 4308 manat borcu qalmışdır. Araşdırma zamanı izahatı alınan Cavabdeh2 bildirmişdir ki, təxminən 10 ildir ki, şikayətçi İddiaçı və Cavabdeh1 işlədiyi mətbəə işi ilə əlaqədar tanımış və birgə alışverişləri olmuşdur. O, davam edərək qeyd etmişdir ki, 19.01.2021-ci il tarixdə İddiaçı ona Cavabdeh1 adına 798 ədəd ümumi dəyəri 2885,20 ABŞ dolları olan stiker və kardon məhsullarını göndərmiş, həmin məhsulları çap etdikdən sonra Cavabdeh1 tərəfindən həmin kağızlar götürülmüşdür. Cavabdeh2 Rüfət və Fazil arasında olan alış verişdən xəbərinin olmadığını işinin sadəcə olaraq daxil olmuş məhsulu çap edib sahibinə qaytarmaqdan ibarət olduğunu, daxil olmuş malın qaiməsinin Cavabdeh1 adına göndərilməsinə baxmayaraq, malı qəbul etdiyinə görə qol çəkdiyini, lakin Cavabdeh1 İddiaçı ilə hansı qiymətə razılaşması, nə vaxt ödəniş olacağı barədə məlumatının olmadığını bildirmişdir. Cavabdeh1 adına verilən satış fakturasından görünür ki, 3 №-li qaiməsinə əsasən ümumi dəyəri 2885,20 ABŞ dolları olan 798 ədəd məhsul Cavabdeh1 göndərilmiş, Cavabdeh2 tərəfindən təhvil alınmışdır. 27.07.2021-ci il tarixli, ********* saylı iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, faktiki olaraq alğı-satqı münasibətləri mövcud olmuşdur. Cavabdeh1 həm məhkəmə iclasında həmdə polis şöbəsində verdiyi izahatında həqiqətən İddiaçı kağız məsulları aldığını, aralarında olan razılaşmanın qiymətinin İddiaçı tərəfindən ona məlum olmayan səbəblərdən dəyişdirildiyini və bu səbəbdən borcunun qaldığını təsdiq etmişdir. Hətta izahatında İddiaçı 4308 manat borcunun olduğunu təsdiqləmişdir. Cavabdeh borcunun daha az olduğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarında olan satış fakturasından görünür ki, alınan məhsulların dəyəri 2885,20 ABŞ doları olmuşdur. Bundan başqa Cavabdeh1 izahatında bildirmişdir ki, hazırki borc məbləğinin digər Cavabdeh2 heç bir aidiyyəti yoxdur. İş materiallarında olan satış fakturasından görünür ki, faktura Cavabdeh1 adına verilmiş və ona göndərilmişdir. Lakin malları qəbul edən Cavabdeh2 olduğu üçün fakturaya özü imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Odur ki, iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yarandığı işin mübahisələndirilməyən halıdır. Belə ki, Cavabdeh1 həm məhkəmə iclasında verdiyi izahatında, həm də mübahisə ilə bağlı polis orqanında araşdırma zamanı verdiyi izahatında iddiaçı tərəfindən satılmış əşyaları qəbul etdiyini etiraf edir. Cavabdeh1 polis şöbəsində vermiş olduğu izahatında borc məbləğinin 4308 manat olduğunu qeyd etsə də, bu faktı təsdiq edəcək sənəd təqdim etməmişdir. İş materiallarında olan satış fakturasından cavabdehin 2885.2 abş dolları dəyərində mal qəbul etdiyi müəyyən edilir. Cavabdeh malın qiymətinin 40 abş dollarına razılaşdırılması barədə etirazının əsası kimi istinad etdiyi hala dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh1 şifahi şəkildə bağlanan alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, aldığı malın dəyərini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə pul məbləğinin digər Cavabdeh2 tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, Cavabdeh2 Polis şöbəsində verdiyi izahatında Cavabdeh1 ilə İddiaçı arasında olan razılaşmadan, razılaşmanın məbləğindən məlumatsız olduğunu, sadəcə ona təqdim edilən malı qəbul etdiyini bildirmişdir. Cavabdeh1 da məhkəmə iclasında vermiş olduğu izahatında borc məbləğinin özünə aid olduğunu, Cavabdeh2 hazırki borc ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında hər hansı öhdəlik münasibətlərinin yaranması işin halları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4903 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4903 (dörd min doqquz yüz üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6306/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6306/2021
05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver