Məhkəmə qərarları › İş №2(001)-632/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-632/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-632/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə ilk dəfə 2020-ci ilin sentyabr ayında hüquqlarını qoruduğu X4 təkidli xahişi ilə görüşmüş və söhbət zamanı Cavabdeh söz verib, öhdəlik götürmüşdür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-14421/2017-saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən hüquqlarını müdafiə etdiyi X6 qalan 53500 manat borcunu altı ay müddətində hissə-hissə olsa da qaytaracaqdır. İddiaçının cavabdehlə tanışlığı buradan başlamışdır. Lakin keçən müddət ərzində Cavabdeh verdiyi vədinə əməl etməmiş, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra Cavabdeh əvvəlcə Təranə adlı xalası, sonra Məzahir adlı dayısı və sonda Almaz adlı anası iddiaçıya zənglər edərək yenidən cavabdehə vaxt, möhlət verilməsini xahiş etmişlər. İddiaçı ona zəng vurub kömək üçün xahiş edənlərə hörmətlə yanaşdığına görə borc sahibi R.Məcidovla danışıb, yenidən Cavabdeh möhlət verilməsi üçün çalışacağını bildirmişdir. Bundan sonra Cavabdeh iddiaçıya zəng vuraraq, minnətdarlıq etmiş və görüşmək istədiyini bildirmişdir. Görüş zamanı cavabdeh iddiaçıya onda olan məişət əşyalarını borcunun əvəzinə tələbkar R.Məcidova vermək istəməsini demiş, iddiaçı R.Məcidovla danışıb razılıq alandan sonra məişət əşyalarını R.Məcidova verilməsini təşkil etmiş, əvəzində tələbkar olaraq R.Məcidov qəbul etdiyi məişət əşyalarının maya dəyəri qədər məbləğini borcundan çıxılmasına dair qəbz yazaraq Cavabdeh təqdim etmişdir. Həmin qəbzlərdə nümayəndə kimi iddiaçınında imzası vardır. Gözləmək olardı ki, bundan sonra Cavabdeh tələbkara olan borcunu hissə-hissə yenidən ödəyəcəkdir. Amma belə olmamış, bu dəfə Cavabdeh yaşayış ünvanını və istifadəsində olan mobil telefon nömrəsini dəyişərək aradan çıxmış, nə iddiaçı, nə də, R.Məcidovla görüşməmiş, telefon zənglərinə cavab verməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru B.İsmayılov tərəfindən icra hərəkətlərinin daha ciddi, daha tez aparılması üçün dövlət orqanlarına edilən şikayət ərizələrindən, müraciətlərdən sonra Cavabdeh iddiaçı barəsində müxtəlif təşkilatlara, işlədiyi AMEA-nin RPİ-nin Baş Direktoruna, Yasamal Rayon Polis İdarəsinin rəisinə şər və böhtan dolu ərizələr, şantaj xarakterli müraciətlər ünvanlamağa başlamışdır. Cavabdeh yazıb imzası ilə təsdiq etdiyi ərizələrində iddiaçını ağır, xüsusilə ağır cinayətlərdə ittiham edərək “intihar həddinə çatdırma”, “hədə-qorxu yolu ilə pul tələb etmə”, “şantajçı”, “ailə üzvləri və yaxın qohumları ilə hədələyərək şantaj etmək”, “ölüm həddinə çatdırma” və s. kimi təqdim etmiş və həmçinin onun, yəni cavabdehin barəsində müxtəlif qurumlara ərizə təqdim etdiyini göstərmişdir. Cavabdeh şantaj dolu, şər və böhtanlardan ibarət olan ərizəsinin araşdırılması zamanı da yenidən iddiaçı barəsində yalan və böhtan, şər və bir sözü də həqiqətə uyğun gəlməyən ifadələrlə izahat yazmış, yenidən iddiaçını ağır, xüsusilə ağır cinayətlərdə ittiham etmişdir. İddiaçı bu günə kimi Cavabdeh barəsində heç bir orqana, heç bir təşkilata ərizə yazmamış, göndərməmişdir. Cavabdeh yazıb imzası ilə təsdiq etdiyi ərizəsini iddiaçının işlədiyi AMEA-nın RPİ-nin rəhbərliyi tərəfindən müzakirə olunmuş və bunun nəticəsində iddiaçının işgüzar nüfuzuna ziyan vurulmuş, şərəf və ləyaqəti aşağılanmış, alçalmışdır. İddiaçı faktiki işlədiyi Elmitəhqiqat İnsititutunda sözün əsil mənasında bihörmət olmuş, biabırçılığa məruz qalmışdır. Digər tərəfdən isə iddiaçının uzun illərdir əziyyət çəkdiyi şəkər-diabet xəstəliyi şiddətlənmiş, təcili həkim müdaxiləsindən sonra həyata qayıda bilmişdir. Bu gün də iddiaçı həkim nəzarətindədir, hər gün müxtəlif tərkibli bir neçə dərman qəbul edir. Keçirdiyi ağır sarsıntı, stress, deyiləsi mümkün olmayan dərəcədə baş vermişdir. Ona görə də cavabdehin iddiaçı barədə yaydığı “...İddiaçı adlı şəxs mənə təxminən 2020-ci il tarixdə telefon vasitəsi ilə zəng edərək...” “...ilk görüşümüzdə mən ona onun bildirdiyi iş yerində 1000 (min-manat) pul verdim” “...ona istədiyini ödəmədiyim halda məni ailə üzvlərimlə və eyni zamanda da yaxın qohumlarımla hədələyərək şantaj edəcəyini bildirdi.” “...Bəhruz bu səfər məndən evində çatışmayan məişət avadanlıqlarının ona alınıb verilməsini tələb etdi. Bu kimi tələblərlə mən təkrar Bəhruzun təzyiqlərinə məruz qalaraq...” “...Bəhruzun mənə etdiyi mütəmadi şantajlar nəticəsində məni ölüm həddinə çatdıraraq intihar etmək fikrinə düşdüm...” “...Bəhruzun mənə qarşı edilən şantajları bitmək bilmir bu gün ki, gündə də məni şantajı ilə hədələyərək məndən yenə qanunsuz və əsassız olaraq pul tələb etməkdə davam edir.” “...İddiaçı bu gün ki, gündədə mənim təqaüddə olan anamı belə yaşamasına mane olur öz əsassız təkid, tələb və şantajları ilə mənim ailəmi ölüm həddinə çatdırmışdır” ifadələri İddiaçı şəxsiyyətini və ləyaqətini ləkələyən, işgüzar nüfuzunu alçaldan ifadələr hesab olunaraq, iddiaçının işgüzar nüfuzunu ləkələyən ləumatlar yaydığına, şərəf və ləyaqətini alçaltdığına görə Cavabdeh maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat, ödənilmiş dövlət rüsumuna görə 120 manat olmaqla cəmi 10120 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 46. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İİİ. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir:

1. məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;

2. həmin məlumatların doğru olmaması;

3. bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-14421\2017 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Cavabdeh 53500 manat və 30 manat dövlət rüsumu tutularaq X6 verilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin rəisi C.Əmirova ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində aşağıdakılar qeyd olunmuşdur: “Məlumat üçün bildirmək istəyirəm ki, Binəqədi Rayon Məhkəməsi 27 mart 2017-ci il tarixdə mənim barəmdə qətnamə qəbul etmişdir. Həmin qətnamə üzrə tələbkara 53500 manat borcum olması müəyyən edilmişdir. Həmin iş üzrə özünü mənə tələbkarın vəkili kimi təqdim edən İddiaçı (070/***-***-**-**) adlı şəxs mənə təxminən 2020-ci il tarxdə telefon vasitəsi ilə zəng edərək bildirdi ki, səninlə görüşmək istədiyirəm. Mən Bəhruz adlı şəxslə Yasamal rayonu Elmlər Akademiyası stansiyasının yaxınlığında yerləşən iş yerində görüşdüm. Bəhruz mənə bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin 2017-ci il tarixli qərarının icrasını tələbkarla deyil, məhs mənimlə həyata keçirəçəksən. İlk görüşümüzdə mən ona onun bildirdiyi iş yerində 1000 manat (min-manat) pulu verdim. Bir müddət sonra Bəhruz adlı şəxs təkrar mənimlə telefon əlaqəsi yaradaraq onunla görüşməyimi tələb etdi və mən onunla görüşə razılıq verdim və görüşdüm. Həmin vaxt mən Bəhruz adlı şəxsə 700 manat (yedd-yüz) manat pulu əlavə olaraq verdim. Bundan sonra Bəhruz adlı şəxs qısa müddət keçməmiş təkrar mənə zəng edərək özünə şəxsən pul ödəməyimi tələb etdi və dedi ki, tələbkarın sənə qarşı münasibətini yaxşılaşdırmışam və sənin tələbkara olan borcu hissə-hissə ödəyəcəyimi bildirərək məni, təkrar ondan asılı qoydu. O, onuda bildirdi ki, ona istədiyini ödəmədiyim halda məni ailə üzvlərimlə və eyni zamanda da yaxın qohumlarımla hədələyərək şantaş edəcəyini bildirdı. Mən Bəhruz adlı şəxsin mənə edəcəyi şantajlardan ehtiyyat edərək onun məndən 10000 min manat pul tələbindən qismən 8000 min manat pulu hissə-hissə müxtəlif vaxtlarda yəni 2 ayın ərzində ona ödədim. Bütün etdiklərimə baxmayaraq Bəhruz adlı şəxs məni təkrar şantaj ilə hədələyərək məndən yenə pul tələb etməkdə davam etməyə başladı. Belə ki, Bəhruz bu səfər məndən evində çatışmayan məişət avadanlıqlarından ona alınıb verilməsini tələb etdi. Bu kimi tələblərlə mən təkrar Bəhruzun təyziqlərinə məruz qalaraq, Yasamal rayonu ərazisində yerləşən İrşad Telekomdan ona lazım olan 2 ədəd Samsung markalı paltaryuyan maşını qiyməti 1970 manat və 1 ədəd sokçəkən kommbain Braun markalı ümumi dəyəri 336 manat, o cümlədən l-ədəd Samsung markalı soyuducu ümumi dəyəri 1390 manat təşkil etmişdir. Bəhruz adlı şəxsə mənə etdiyi qanunsus tələblərinin qarışılığı olaraq mənim ona 8000 min manat nəğd pulu və eyni zamanda da ona verdiyim məişət avadanlıqlarının ümumi dəyəri 3696 manat təşkil etmişdir. Bəhruzun mənə etdiyi mütamadi şantajlar nəticəsində məni ölüm həddinə çatdıraraq intihar etmək fikrinə düşdüm. Bundan xəbər bilən ailə üzvlərim məni intihar etməyimdən çəkindirdilər. Qeyd olunanlarla razı olmayan Bəhruz mənim işlədiyim iş yerinə dəfələrlə telefon əlaqəsi yaradmış və əsassız olaraq mənim iş yerimə məktublar göndərməklə məni işlədiyim iş verində işgüzar nüfuzumu alçaldmışdır. Bəhruzun mənə qarşı edilən şantajları bitmək bilmir bugün kü gündə də məni şantajı ilə hədələyərək məndən yenə qanunsus və əsassıs olaraq pul tələb etməkdə davam edir. Bütün bunları nəzərə alaraq sizdən xahiş edirəm İddiaçı məndən hədə qorxı ilə tələb edərək aldığı 8000 min manat nəğd pulu və 3696 manat dəyərində olan məişət avadanlıqlarına verdiyim pulun alınmasında mənə köməklik edəsiniz və eyni zamanda da İddiaçı barəsində qanuna müvafiq tədbirlərin görülməsinə dair göstəriş verəsiniz.” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2 xx.xx.2023-cü il tarixli 23-09\43 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Cavabdeh Azərbaycan Respublikası Milli Elimlər Akademiyasına və Milli Elmlər Akademiyasının Radiologiya İstitutuna ünvanladığı xx.xx.2021-ci il tarixli ərzəsində aşağıdakılar qeyd olunmuşdur: “Yazıb sizə bildirmək istəyirəm ki, 2014-cü il tarixdə X7 ilə “Dərnəgül Tikinti” materiallarının satış mərkəzində tanış olmuşam. Bundan sonra Ramizlə aramızda şifahi razılaşma əsasında Ramizdən 69 ton armaturu ümumi dəyəri 53500 manata almışam və müəyyən səbəblərdən alınan malları satdığım şəxslərdən pulunu alıb vaxtında tələbkara qaytara bilmədiyimdən tələbkar bununla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək mənim barəmdə 27 noyabr 2017-cı il tarixdə məhkəmə qərarı çıxarmışdır. Bundan sonra 2020-ci il tarixdə mənə telefonla zəng edən (070/***-***-**-**) İddiaçı adlı şəxs özünü mənə X5 vəkili kimi təqdim edərək onunla görüşməyimi istədi. Mən Bəhruz adlı şəxslə onun işlədiyi Elmlər Akademiyası m\s yaxınlığında görüşdüm. O, mənə bildirdi ki, mənim Ramizə olan borc məsələsini onunla həll edəcəyimi bildirərək mənə bu işdə köməklik edəcək ki, mən Ramizə olan borcumu hissə-hissə ödəməyim üçün qarşılığında mənim Bəhruza müəyyən qədər şəxsi vəsaiti üçün xərclərini qarşılanması ilə bağlı pul verməyimi tələb etdi. Mən Bəhruzun tələbləri ilə razılaşaraq ona elə görüşdüyüm günü 700 manat pulu verdim. Bir müddət sonra Bəhruz mənə təkrar telefonla əlaqə saxlayaraq tələbkara olan borcumu demək olar ki, hələ ödəməsəndə olar kimi ifadələri işlədərək məndən Bəhruza yenə pul verməyimi istədi və biz Bəhruzla yenə onun işlədiyi kimi qeyd etdiyi Elmlər Akademiyasının m\s-nın yanındakı ofisində görüşərək mənə özünü vəkil kimi tanıdan Bəhruza 10000 min manat pulu ona verdikdə o, mənə tələbkara olan borcumun tam bağlanacağını bildirdi. Mən ona 10000 min manat pulumun olmadığını bildirdim və üzərimdə olan satılan malın 3000 min manat pulun olduğunu bildirərək ona 3000 min manatı verdim. Bütün dünyada koronovirusun tüğyan etdiyi bir vaxtda bizimdə Respublikamızdan yan keçmədi rəsmi iş yerim olmadığı üçün borcluya olan borcumu ödəyib tamamlaya bilmirdim və bununla bağlı gecikmələr oldu işlərim qaydasına düşən kimi dərhal borcuma dair ödənişləri etməyə başladım. Lakin qısa bir vaxt keçməmiş vəkil kimi tanıdığım Bəhruz mənə yenə telefonla əlaqə yaradaraq onunla görüşməyimi istədi. Biz Bəhruzla yenə onun işlədiyi ofis kimi tanıdığım Elmələr Akademiyası m\s-da görüşdük. Bu səfər ki, görüşümüzdə vəkil Bəhruz məndən pulun qalan hissəsinin qarşılığı olaraq mənim onun evində çalışmayan məişət avadanlıqlarını alıb ona verməyimi istədi. Mən yenə Bəhruzun yalan sözlərinə inanaraq ona İrşad Telekom mağazasından 2 ədəd Samsung markalı paltaryuyan maşını qiyməti hər ikisinin 1970 manat, l ədəd sokçəkən kombain Braun markalı 336 manat dəyərində, o, cümlədən 1 ədəd Samsug markalı soyuducu ümumi dəyəri 1390 manat olan məişət avadanlıqlarını vəkil adı ilə özünü təqdim edən İddiaçı verdim. Bütün bunlardan sonra mənə məlum oldu ki, Bəhruz məndən aldıqları pul və məişət avadanlıqlarını mənim ona olan etbarımdan və inamımdan istifadə edərək almış bütün alınan pul və məişət avadanlıqlarını tələbkar Məcidov Ramizin məlumatı olmamışdır. Bütün qeyd olunanlara baxmayaraq bu günkü günədək Bəhruz adlı şəxs məni ailəm və iş yerimdə şantajları ilə məndən müəyyən məbləğdə pulun ona ödəməyimi tələb edir hal bu ki, mənim ona ödədiyim pulların və ona İrşad Telekomdan alaraq verdiyim məişət avadanlıqlarının heç birini tələbkara bildirməmiş və məndən qanunsuz olaraq alıb mənimsəməsinə baxmayaraq bu günkü gündə də məni şantaj və hədə qorxuları ilə hədələyir. İddiaçı qanunsus olaraq pul tələblərini yerinə yetirmədiyim üçün hal-hazırki gündədə məni işlədiyim iş yerinə şikayət xarakterli məktublar göndərməklə məni işləiyim iş verindən çıxarılmağıma səbəb olmuş və bütün bunlara baxmayaraq məni tutdurcağı ilə hədələyərək mənim ona pul verməyini tələb edir. Mən Bəhruz vəkilin məndən qanunsus tələblərinə təhdidlərinə şantajlarına məruz qalaraq sonuncu görüşümüzdə onun səs yazılarına maddi sübut kimi qeyd etmişəm. Bütün yazıları və rəsmi olan sənədləri sizə təqdim edəcəm. Onu da qeyd etmək istəyirəm ki, yaxın vaxtlarda icra işləri ilə bağlı tələbkara olan borcumdan müəyyən hissədə, yəni 900 manatını tələbkar Məcidov Ramizə şəxsən ödədiyim üçün Bəhruz bundan qəzəblənərək məni yenə qanusus və əsassız olaraq hədə qorxuları ilə məndən yenə öz şəxsi mənafeyi üçün pul tələbləri ilə davam elməkdədir. Onu da əlavə etmək istəyirəm ki, bir neçə gün bundan əvvəl Bəhruz məni zəng və təhdid şantaj xarakterli hədələri ilə məni ölüm həddinə çatdırmış və mən özümü yaşadığım evin 3-cü mərtəbəsinin eyvanından atmaq istədikdə ailə üzvlərim məni son anda saxlamışlar. Hörmətli Akademik bütün bunları sizə ünvanlamaqda məqsədim odur ki, Ramiz Məmmədov sizin işçidir hesab edirəm ki, belə bır işçinin sizin kimi dövlətini və eyni zamanda da millətini sevən bir Akademik iş yerində saxlamazdır. Bütün qeyd olunanlara əlavə olaraq qeyd edirəm ki, İddiaçı bu günkü gündədə mənim təqaütdə olan anamı belə yaşamasına mane olur öz əsassız təkid, tələb və şantajları ilə mənim ailəmi ölüm həddinə çatdırmışdır. Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi sizdən xahiş edirəm rəhbərlik etdiyiniz elm ocağının əməkdaşı olan İddiaçı barəsində qanuna müvafiq tədbirlərin görülməsinə dair göstəriş verəsiniz.” Ərizədən daha sonra müəyyən olunur ki, ərizənin üzərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X2 direktoru tərəfindən “x.e. ciddi şəkildə araşdırılsın və ərizəçiyə məsləhət görülsün ki, hüquq-mühafizə orqanlarına müraciət etsin” dərkənarı qoyulmuşdur. Radiasiya Problemləri X1 ünvanladığı xx.xx.2021-ci il tarixli 23-09/323 saylı məktubundan müəyyən olunur ki, X2 əməkdaşı İddiaçı haqqında AMEA-nın X3 unvanladığı ərizəsinə institutun baş direktoru, icraçı direktoru, həmkarlar təşkilatının sədri, kadrlar şöbəsinin rəisi, şikayət olunan əməkdaşın laboratoriya rəhbəri və əməkdaş İddiaçı iştirakı ilə müzakirə edilməsi, İddiaçı məktubda yazılanların yalan, şər, böhtan olmasını söyləməsi, istitut rəhbərliyi laboratoriya rəhbərini dinlədikdən sonra İddiaçı istitutun telefon və digər vəsaitlərindən institutdan kənar məqsədlər üçün istifadəsinə qadağa qoyulması, bir daha belə şikayətlər olacağı təqdirdə, institutda qalma məsələsinə baxılacağı, İddiaçı barəsində 3-cü şikayətin olması Cavabdeh bildirilmişdir. Cavabdeh “Ölkəmizdə fəaliyyət göstərən bütün səlahiyyətli orqan rəhbərlərinə” başlıqlı xx.xx.2022-ci il tarixli müraciətində aşağıdakıları qeyd etmişdir: “Bu müraciətimlə məlum etmək istəyirəm ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1442/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən X6 53.500 (əlli üç min beş yüz) manat məbləğində pul ödəməliyəm. Qətnamə qüvvəyə minəndən sonra icra edilməkdən ötrü Binəqədi Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru Bəxtiyar İsmayılovun icraatına daxil olmuşdur. İcra tədbirləri aparılan zamanı tələbkar X4 hüquqi nümayəndəsi İddiaçı ilə tanış olmuşam. Bu tanışlığımızın yeganə səbəbi mənə qarşı aqresiv və əsəbi vəziyyətdə olan tələbkarla aramızda səmimi münasibətin yaradılması və ya yüksək məbləğ olan borcumun hissə-hissə ödənilməsinə tələbkarı razı salması olmuşdur. Artıq mənimlə səmimi ünsiyyət quran hüquqi nümayəndə İddiaçı X9 da ümumi razılığa gəlinməsini təmin edə bilmiş, borclu olaraq borc məbləğini hiss-hissə ödəməyə həm tələbkarı, həm də icra məmurunu razı sala bildiyindən hissə-hissə ödənişlər də etməyə başlamışdım. Lakin bu ərəfələrdə adını çəkmək istəmədiyim şəxslər tərəfindən mənə hüquqi nümayəndə olan İddiaçıla bağlı əlaqədar orqanlara şikayət etmək məsləhət görülmüş və mən də həyatımın ikinci səhvi olaraq bu addımı atmağa məcbur olmuşam. Belə ki, daim mənə yaxşılıq etmiş, kömək əlini uzatmış İddiaçı barəsində əvvəlcə Yasamal Rayon Polis İdarəsinin rəisinə, daha sonra isə İddiaçı işlədiyi AMEA-nın rəhbərliyinə şikayət ərizəsi ünvanlamışam. İddiaçı vurduğum mənəvi zərərin miqyasının necə böyük olmasının fərqinə vara bilməsəm də sonradan vicdan əzabı da çəkməli olmuşam. Mən heç vaxt İddiaçı pul və məişət texnikası vermədiyim halda, guya ona pul verdiyimi, məişət texnikası hədiyyə etdiyimi bildirərək onu şərləyərək nüfuzdan salmağa çalışmışam, bihörmət olunmasına çalışmışam. Hətta məni ölüm həddinə çatdırmaqda, ailə üzvlərimi narahat etməkdə də onu ittiham etməkdən çəkinməmişəm... Bütün bunlardan bir müddət keçəndən sonra mənə hər şey aydın olduğu üçün dəfələrlə İddiaçıla görüşmüşəm, üzrxahlığımı bildirmişəm, yenidən kömək əlini uzatmasını rica etmişəm. X9 da gərgin münasibətlərimizin yumşaldılaraq yoluna qoyulmasını ondan xahiş etmişəm. Tam səmimiyyətlə bildirərək Sizləri əmin etmək istəyirəm ki, İddiaçı bu günə kimi bir manat da olsun pul verməmişəm, məişət avadanlıqları hədiyyə etməmişəm. Çünki, pulum olsa tələbkarın borcunu ödəyər, məişət avadanlığım olsaydı satıb pulunu yenə də tələbkara ödəyərdim. Sizlərdən xahiş edirəm İddiaçı barəsində Yasamal RPİ-nə və AMEA-ya etdiyim şikayətlərimi etibarsız hesab edəsiniz. Axı orada yazılanlar şər və böhtan, yalan və uydurmadır... Qoy uca Tanrı məni əfv edib günahımdan keçsin, İddiaçı məni bağışlasın. Amin!” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/562 saylı rəyindən müəyyən olunur ki, “...İddiaçı adlı şəxs mənə təxminən 2020-ci il tarixdə telefon vasitəsi ilə zəng edərək...” “...ilk görüşümüzdə mən ona onun bildirdiyi iş yerində 1000 (min-manat) pul verdim” “...ona istədiyini ödəmədiyim halda məni ailə üzvlərimlə və eyni zamanda da yaxın qohumlarımla hədələyərək şantaj edəcəyini bildirdi.” “...Bəhruz bu səfər məndən evində çatışmayan məişət avadanlıqlarının ona alınıb verilməsini tələb etdi. Bu kimi tələblərlə mən təkrar Bəhruzun təzyiqlərinə məruz qalaraq...” “...Bəhruzun mənə etdiyi mütəmadi şantajlar nəticəsində məni ölüm həddinə çatdıraraq intihar etmək fikrinə düşdüm...” “...Bəhruzun mənə qarşı edilən şantajları bitmək bilmir bu gün ki, gündə də məni şantajı ilə hədələyərək məndən yenə qanunsuz və əsassız olaraq pul tələb etməkdə davam edir.” “...İddiaçı bu gün ki, gündədə mənim təqaüddə olan anamı belə yaşamasına mane olur öz əsassız təkid, tələb və şantajları ilə mənim ailəmi ölüm həddinə çatdırmışdır” ifadələri öz təsdiqini tapmadığı təqdirdə İddiaçı şəxsiyyətini və ləyaqətini ləkələyən, işgüzar nüfuzunu alçaldan ifadələr hesab olunur. Rəydən daha sonra müəyyən olunur ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı barəsində sonuncunun iş yerinə təqdim etdiyi müraciətində “...İddiaçı adlı şəxs mənə təxminən 2020-ci il tarixdə telefon vasitəsi ilə zəng edərək...” “...ilk görüşümüzdə mən ona onun bildirdiyi iş yerində 1000 (min-manat) pul verdim” “...ona istədiyini ödəmədiyim halda məni ailə üzvlərimlə və eyni zamanda da yaxın qohumlarımla hədələyərək şantaj edəcəyini bildirdi.” “...Bəhruz bu səfər məndən evində çatışmayan məişət avadanlıqlarının ona alınıb verilməsini tələb etdi. Bu kimi tələblərlə mən təkrar Bəhruzun təzyiqlərinə məruz qalaraq...” “...Bəhruzun mənə etdiyi mütəmadi şantajlar nəticəsində məni ölüm həddinə çatdıraraq intihar etmək fikrinə düşdüm...” “...Bəhruzun mənə qarşı edilən şantajları bitmək bilmir bu gün ki, gündə də məni şantajı ilə hədələyərək məndən yenə qanunsuz və əsassız olaraq pul tələb etməkdə davam edir.” “...İddiaçı bu gün ki, gündədə mənim təqaüddə olan anamı belə yaşamasına mane olur öz əsassız təkid, tələb və şantajları ilə mənim ailəmi ölüm həddinə çatdırmışdır” kimi yalan, iddiaçının şəxsiyyətini və ləyaqətini ləkələyən, işgüzar nüfuzunu alçaldan ifadələri qəsdən qeyd etməklə yaymış, həmin müraciət iddiaçının işlədiyi əmək kolletivində müzakirə edilmiş, daha sonra cavabdeh özü də yaydığı ifadələrin yalan olmasını təsdiq edən müraciət tərtib etmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilik bu qəbildən olan işlər üzrə hər hansı şəxs barəsində yayılan və bilavasitə onun şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ilə bağlı olan məlumatların həqiqətə uyğun olmasını sübut etmək vəzifəsini bu məlumatları yayan şəxsin üzərinə qoyur, yəni barəsində məlumat yayılan şəxs bu məlumatların doğru olmamasını sübut etmək vəzifəsi daşımır, əksinə məlumatı yayan şəxs onların həqiqətə uyğun olmasını sübut etməlidir. Cavabdeh tərəfindən yayılmış məlumatların həqiqiliyi və doğruluğu sübut edilmədiyindən, əksinə cavabdeh növbəti müraciəti ilə yaydığı məlumatların yalan olmasını etiraf etdiyindən, yayılmış məlumatlar cəmiyyət və kollektiv arasında iddiaçı barəsində mənfi rəy yaradan məlumatlar olduğu üçün məhkəmə tərəfindən bu məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzunu alçaldan, doğru olmayan, həqiqəti əks etdirmiyən məlumatlar kimi qiymətləndirilir. Məhkəmə iddiaçının cavabdehdən vurulmuş maddi ziyana görə 5000 manat tələbi ilə bağlı sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən bu tələbin təmin edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Cavabdehin qəsdən yaydığı yalan məlumatlara görə işlədiyi kollektivdə əsassız müzakirə olunmasını bilən, sonradan cavabdehin yaydığı məlumatların yalan olmasını sübut etmək məcburiyyətində qalan iddiaçının mənəvi iztirablar, sarsıntılar keçirməsi istisna edilmədiyindən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edib vurulmuş mənəvi ziyana görə iddia tələbini qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə 300 manat vəsaitin tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə iş üzrə məhkəmə xərclərini cavabdehə aid edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı barəsində yaydığı “...İddiaçı adlı şəxs mənə təxminən 2020-ci il tarixdə telefon vasitəsi ilə zəng edərək...” “...ilk görüşümüzdə mən ona onun bildirdiyi iş yerində 1000 (min-manat) pul verdim” “...ona istədiyini ödəmədiyim halda məni ailə üzvlərimlə və eyni zamanda da yaxın qohumlarımla hədələyərək şantaj edəcəyini bildirdi.” “...Bəhruz bu səfər məndən evində çatışmayan məişət avadanlıqlarının ona alınıb verilməsini tələb etdi. Bu kimi tələblərlə mən təkrar Bəhruzun təzyiqlərinə məruz qalaraq...” “...Bəhruzun mənə etdiyi mütəmadi şantajlar nəticəsində məni ölüm həddinə çatdıraraq intihar etmək fikrinə düşdüm...” “...Bəhruzun mənə qarşı edilən şantajları bitmək bilmir bu gün ki, gündə də məni şantajı ilə hədələyərək məndən yenə qanunsuz və əsassız olaraq pul tələb etməkdə davam edir.” “...İddiaçı bu gün ki, gündədə mənim təqaüddə olan anamı belə yaşamasına mane olur öz əsassız təkid, tələb və şantajları ilə mənim ailəmi ölüm həddinə çatdırmışdır” ifadələri İddiaçı şəxsiyyətini, ləyaqətini ləkələyən, işgüzar nüfuzunu alçaldan ifadələr hesab olunsun. Cavabdeh mənəvi ziyana görə 300 manat, dövlət rüsumuna görə 120 manat olmaqla cəmi 420 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 120 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar