Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6328/2022 22.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.550 manat məbləğində pulun və ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, Cavabdeh 2021-ci ilin avqust ayında ondan ümumi dəyəri 3.550 manat olan 3 ədəd qızıl-zinət əşyası, yəni 2 ədəd boyunbağlı və bir cüt sırğa almış və həmin pulun 2.250 manat hissəsini bir günə, qalan 1.300 manat hissəsini isə 10 gün ərzində ödəyəcəyi barədə vəd vermişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, bu əşyaların dəyərini ona verməmişdir. Bu səbəbdən məsələ ilə bağlı Bakı şəhəri Səbail rayon Polis idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı cavabdeh öz izahatında ondan qızıl-zinət əşyaları götürdüyünü və ona 3.550 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Cavabdehin ona borcunun olması aralarında “whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış yazışma ilə də öz təsdiqini tapır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, 30 həftəlik hamilə olduğunu və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, yalnız dekabr ayından sonrakı tarixdə məhkəmə iclasında iştirak edə biləcəyini bildirmişdir. Bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh biri-birini tanıyan şəxslərdir. Hazırda iddiaçı 2021-ci ilin avqust ayında ümumi qiyməti 3.550 manat olan 3 ədəd qızıl-zinət əşyasını, yəni 2 ədəd boyunbağı və bir cüt sırğanı onun dəyərinin 2.250 manat hissəsini bir günə, qalan 1.300 manat hissəsini isə 10 gün ərzində ödəmək şərti ilə cavabdehə satdığını, lakin cavabdehin bu əşyaları ondan qəbul etməsinə baxmayaraq, bugünədək hər hansı məbləğdə ödəniş etmədiyini bildirir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Məsələ ilə bağlı iddiaçının şikayəti əsasında Bakı şəhəri Səbail rayon Polis idarəsinin 41-ci Polis bölməsində araşdırma aparılmış və həmin vaxt cavabdeh öz izahatında iddiaçının ona zəng edərək, 1.350 manat dəyərində qızıl-zinət əşyasını satmaq istədiyini bildirdiyini, sonradan isə iddiaçıdan artıq özünün qızıl istədiyini, nəticədə iddiaçının ona boyunbağı verdiyini, həmin qızıl-zinət əşyalarını satdığını və öz ehtiyaclarına xərcədiyini (həmin vaxt doğulmuş uşağının səhhətində problemlərin olması səbəbindən əldə etdiyi pul vəsaiti hesabına doğum evində əlavə olaraq qaldığı 10 gün üçün ödəniş etdiyini), ona pul vermədiyini, hazırda da onun pulunu ödəmək üçün maddi imkanının olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə mülki işin materiallarını, o cümlədən tərəflər arasında “whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış yazışmanı nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci ilin avqust ayında nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı dəyərini müəyyən müddət sonra ödənilməsi şərti ilə cavabdehə qızıl-zinət əşyalarını nisyə satmışdır. Həmin müqavilədə əşyaların ümumi qiyməti (3.350 manat), ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir (təhvil verildikdən bir gün sonra dəyərin 2.250 manat hissəsi, 10 gün ərzində qalan 1.300 manat hissəsi). Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, tutulmalı olan məbləğlə bağlı qeyd edir ki, iddiaçının şikayəti əsasında Bakı şəhəri Səbail rayon Polis idarəsinin 41-ci Polis bölməsində araşdırma aparılan zaman izahat verən cavabdeh iddiaçının şikayəti, o cümlədən şikayət üzrə ondan 3.350 manat pulun tələb edilməsi barədə məlumatlı idi. Lakin izahatında ödənilməli olan pulun bu məbləğdə olmaması barədə hər hansı fikir söyləməmiş və qızıl-zinət əşyalarını sataraq, əldə edilmiş pulun öz ehtiyaclarına sərf etdiyini bildirmişdir. Həmçinin, məsələ ilə bağlı tərəflər arasında “whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış yazışmada cavabdeh (xx.xx.2022-ci il, saat 12:15 – 12:16) iddiaçıya “6 ay 500 ödəsəm, bir şey qalmır” ismarıcını göndərmişdir (bu ismarıc borc məbləğinin 3.000 manatdan artıq olduğunu təsdiq edir). Bununla belə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə məhz 3.550 manat məbləğində pul tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu məbləğ üçün ödənilməli olan dövlət rüsumu 55,50 manat təşkil edir. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli və ödənilmiş dövlət rüsumunun məhz 55,50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan, yəni (56 - 55,50 = 0,50) 0,50 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3.550 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 55,50 manat hissəsinin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3.550 (üç min beş yüz əlli) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 55,50 (əlli beş manat, əlli qəpik) manat hissəsinin əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6328/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6328/2022
22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver