Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6345/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçının nümayəndəsi Araz Alakhverdiyevin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Porsche Cayenne” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 400 manat sığorta ödənişinin və ərizənin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 420,40 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 09.05.2017-ci il tarixində idarə etdiyi “Mercedes Benz C180” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, “Porsche Cayenne” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra müəyyən olunmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsirli olması Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında protokol və qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Porsche Cayenne” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat ziyan dəymişdir. 02 may 2019-cu il tarixli sığorta aktına və 04 may 2018-ci il tarixli akta əsasən İddiaçı Sığorta Şirkəti 200 manat sığorta ödənişini həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edilir ki, qeyd olunan yol nəqliyyat hadisə nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş 400 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh hadisə yerindən yayınmışdır və bu əsasla ona qarşı subroqasiya hüququ həyata keçirilməlidir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AC seriyalı, 671938 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Porsche Cayenne” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. AC seriyalı, 671938 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-VH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtomobil İsmayılova Nuranə Mehdi qızının mülkiyyətindədir. ƏN-İİ seriyalı, 016983 saylı etibarnamənin surətindən görünür ki, İsmayılova Nuranə Mehdi qızı mülkiyyətində olan **-VH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtomobili Cavabdeh tərəfindən idarə edilməsi üçün 06.03.2018-ci il tarixindən 18.12.2019-cu il tarixinədək səlahiyyət vermişdir. ”Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən tərtib edilən 02 may 2018-ci il tarixli, 050250 saylı sığorta aktından görünür ki, ”Atəşgah” Sığorta Şirkəti ASC 09 may 2017-ci il tarixində sığorta hadisəsi baş verdikdən sonra zərərə uğrayan X2, zərərə uğrayan əmlakı- “Porsche Cayenne” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 400 manat sığorta ödənişi etmişdir. "xxxx" ASC tərəfindən verilən 04 may 2018-ci il tarixli, 4693 saylı ödəniş tapşırığından görünür ki, bank tərəfindən ”Atəşgah” Sığorta Şirkəti ASC-yə 5800 manat məbləğində sığorta ödənişi edilmişdir. ”Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən verilən ödənişlərlə bağlı 09 aprel 2021-ci il tarixində təsdiq edilmiş çıxarışdan görünür ki, bank tərəfindən sığorta ödənişi ilə bağlı edilmiş 5800 manat məbləğindən 400 manatı X4 ödənilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, zədələnmiş “Porsche Cayenne” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 400 manat məbləğində müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 09.05.2017-ci il tarixində Bakı şəhəri Xətai pr-tində 16:10-da Cavabdeh etibarnamə ilə idarə etdiyi **-VH- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtomobillə X2 idarə etdiyi **- OT-*** dövlət qeydiyyat nişalı, “Porsche Cayenne” minik markalı avtomobillə toqquşmuşdur. Hər iki sürücü qəza zamanı ayıq olmuşdur. 15.05.2017-ci il tarixli TYP seriyalı, 036813 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh etibarnamə ilə idarə etdiyi **-VH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtomobillə Xətai prospektində normal ara məsafəsi seçmədiyi üçün qabaqda gedən “Honda” markalı avtomobili arxadan vurmuş, “Honda” markalı avtomobil zərbənin təsirindən qarşısındakı “Porsche Cayenne” markalı avtomobillə toqquşmuşdur. Sürücü isə hadisə yerindən yayınmışdır. Nəticədə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 15.05.2017-ci il tarixli TYP seriyalı , 036813 saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü və 327.6-cı maddələrinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 11 may 2018-ci il tarixində pretenziya məktubu ünvanlanmış və ona törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişini 7 gün müddətində ASC-yə ödənilməsi təmin etməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 09.05.2017-ci il tarixində Bakı şəhəri Xətai pr-tində 16:10-da Cavabdeh etibarnamə ilə idarə etdiyi **-VH- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 idarə etdiyi **-OT-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” minik markalı avtomobilə zərər vurmuşdur. Yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində **-OT-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” minik markalı avtomobilə 400 manat məbləğində zərər dəymişdir. **-OT-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” minik markalı avtomobilə dəymiş zərərin əvəzi olaraq iddiaçı tərəfindən avtomobilin mülkiyyətçisi X4 400 manat ödəniş edilmişdir. Hazırda iddiaçı həmin məbləğlərdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. İddiasını cavabdehin hadisə yerindən yayınmasına görə subroqasiya hüququnun yaranması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin yol nəqliyyat hadisəsi zamanı təqsiri və onun hadisə yerindən yayınması 15.05.2017-ci il tarixli TYP seriyalı, 036813 saylı inzibati xəta haqqında protokolla və 15.05.2017-ci il tarixli TYP seriyalı , 036813 saylı İnzibati tənbeh vermə haqqında qərarla təsdiq edildiyindən, o cümlədən hadisə nəticəsində sığorta şirkəti tərəfindən zərərçəkənə 400 manat ödənilməsi sığorta aktı, ödəniş tapşırığı və s. ilə sübut olduğundan iddiaçının cavabdehə qarşı ödənilmiş sığorta ödənişi məbləğində subroqasiya tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 400 manat məbləğində pul vəsaiti, 20 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı tutularaq iddiaçı “Atəşgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaiti, 20 (iyirmi) manat dövlət rüsumu, 0,40 (qırx) qəpik xidmət haqqı tutularaq iddiaçı “Atəşgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6345/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6345/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver