Məhkəmə qərarları › İş №2(001)-6364/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6364/2023

22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6364/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, Cavabdeh onun qonşusudur. Onu uzun müddətdir ki, tanıyır. O, Cavabdeh çox ehtiyacı olduğu üçün və onu tanıdığı üçün ona güvənərək 06 yanvar 2023-cü il tarixində 400 manat məbləğində borc vermişdir. Ərizəyə əlavə edilmiş qəbzin surətindən də göründüyü kimi cavabdeh götürdüyü 400 manat məbləğində borcu 4(dörd) ay müddətinə, yəni 06 may 2023-cü il tarixədək ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Razılaşdırılmış tarixdən bu qədər müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Bununla bağlı o, cavabdehə dəfələrlə müraciət edərək borcun geri qaytarılmasını tələb etsə də, Cavabdeh müxtəlif bəhanələr gətirərək borcdan heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Nəticədə cavabdeh tərəfindən ona 400 (dörd yüz) manat məbləğində ziyan dəymişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini, iddiaçıdan 200 manat borc aldığını, maddi çətinliklə əlaqədar borcu ödəyə bilmədiyini, həmin məbləği ödəyəcəyini və qalan 200 manatın isə faiz kimi hesablandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki,o, iddiaçıdan 400 manat məbləğində deyil 200 manat məbləğində borc pul almış və iddiaçı tərəfindən əlavə olaraq ona 200 manat faiz hesablanmışdır. O, maddi vəziyyətində yaranmış çətinliklərlə əlaqədar 200 manat məbləğində borcunu vaxtında qaytara bilməmişdir. Ona görə də, o, iddianın qismən təmin edilməsinə, yəni ondan iddiaçının xeyrinə 200 manat məbləğində pulun tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə əllə yazılaraq, imzalanmış qəbzdən görünür ki, “ Mən Cavabdeh həmin qəbzi verirəm İddiaçı ondan ötəri ki, borc olaraq ondan 400(dörd yüz) manat aldım. 4 ay müddətinə qaytaracam. Əgər vaxtında qaytarmasam məsuliyyət daşıyıram” 25 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə 400 manat məbləğində borc pul vermiş və cavabdeh həmin pulu 4 ay müddətində qaytarmağı öhdəsinə götürmüş olsa da, həmin pulu vaxtında iddiaçıya qaytarmamışdır. Həmçinin cavabdeh iddiaçından 400 manat deyil, 200 manat məbləğində borc pul aldığını və qalan 200 manatın iddiaçı tərəfindən faiz borcu kimi hesablandığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə iş materiallarında olan cavabdeh tərəfindən yazılaraq, imzalanmış qəbzdə o, iddiaçıdan 400 manat məbləğində borc pul aldığıı qeyd etmiş və həmin məbləğin 200 manat hissəsinin faiz borcu olmasına dair qəbzdə hər hansı bir qeyd aparmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 400 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar