Məhkəmə qərarları › İş №2(001)-638/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-638/2021

11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-638/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər eyni zamanda qonaqlamaq üçün otel nömrələri sifariş verilmiş, nəticədə cavabdehin iddiaçıya 2835 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh artıq 4 ildir ki, borcu ödəməkdən yayınır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin, İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada cavabdehə hər-hansısa çətinlik yaratmamışdır. Lakin, cavabdeh tərəfindən yalnız onun tərəfindən xəbərdarlıq məktubu göndərildikdən sonra xx.xx.2019-cu il tarixdə 500 ABŞ dolları məbləğində ödəniş edilmiş, qalan pul məbləğinin isə ödənilməsinin qısa zamanda təmin edilməsini bildirsə də ödəniş etməmişdir. Cavabdehin ödədiyi 500 ABŞ dolları İddiaçı MMC-nin işçisi tərəfindən xx.xx.2019-cu il tarixdə 500 manat olaraq qeyd edildiyindən və bu hal sonradan hesabat zamanı aşkar olunduğundan xx.xx.2020-ci il tarixə 350 manat ödəniş aparılması barədə qəbz tərtib olunmuşdur. Cavabdeh tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına və bununla da, maddi ziyanın dəyməsinə səbəb olmuşdur. Hazırda Cavabdeh 2335 ABŞ dolları məbləğində əsas borcu mövcuddur. Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün gecikdirilmiş vaxt üçün illik 5% yəni 467 ABŞ dolları da ödəməlidir. Cavabdehin iddia tələbinə iddia müddətinin təbiq edilməsi barədə ərizəsi əsassızdır. Belə ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə xx.xx.2019-cu il tarixli qəbzin cavabdeh tərəfindən imzalanması təsdiq olunmuş, cavabdeh ödəniş etdiyindən iddia müddətinin axımı kəsilmişdir. İddiaçı isə uzun müddət cavabdehin ödəniş aparması barədə vədinə inanmış, ona görə də məhkəməyə yalnız 2020-ci ildə müraciət etmişdir. Ona görə də borca görə 2335 ABŞ dollarının, hesablanmış 5% görə 467 ABŞ dollarının, dövlət rüsumuna görə 30 manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçının iddia tələbində istinad etdiyi halları qəbul etmir, yəni iddiaçıdan bilet almadığını, otel nömrəsi sifariş etmədiyini, xx.xx.2019-cu il tarixli qəbzin onun tərəfindən imzalanmadığını, iddiaçıya ödəniş etmədiyini bildirir. İddia tələbi üzrə tələb edilən borc məbləği, yəni alınmış aviabiletlər xx.xx.2016-cı ildən başlayaraq sonuncu dəfə xx.xx.2017-ci ildə alınmışdır. Artıq axırıncı biletin alındığı vaxtdan 3 ildən çox müddət keçmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olduğundan iddia müddəti ötürülmüş və iddia müddəti tətbiq edilməlidir. Ona görə də İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinə iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.1.-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 842.2.-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Azərbaycan Hava Yolları QSC-nin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə Bakı Tbilisi istiqamətində, xx.xx.2016-cı il tarixdə Kiev Bakı istiqamətində, xx.xx.2016-cı il tarixdə Bakı Ankara istiqamətində aviabiletlərdən istifadə edilmişdir. X4 Azərbaycan Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə Ankara İstanbul-İstanbul Bakı marşrutu üzrə, xx.xx.2017-ci il tarixdə Bakı İstanbul marşrutu üzrə, xx.xx.2017-ci il tarixdə İstanbul Bakı marşrutu üzrə səyahət etmişdir. X5 Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə QR254 reysi üzrə aviabiletdən istifadə etmişdir. X1 Yolları Şirkətinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, sorğuda qeyd olunan aviabiletdən Cavabdeh istifadə etmişdir. İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2016-cı il tarixdə 185 ABŞ dolları dəyərində 1 ədəd aviabilet, xx.xx.2016-cı il tarixdə 305 ABŞ dolları dəyərində 1 ədəd aviabilet, xx.xx.2016-cı il tarixdə 365 ABŞ dolları dəyərində 1 ədəd aviabilet, xx.xx.2016-cı il tarixdə 350 ABŞ dolları dəyərində 1 ədəd otel nömrəsi, xx.xx.2016-cı il tarixdə 320 ABŞ dolları dəyərində 1 ədəd aviabilet, xx.xx.2016-cı il tarixdə 280 ABŞ dolları dəyərində 1 ədəd aviabilet, xx.xx.2016-cı il tarixdə 520 ABŞ dolları dəyərində 1 ədəd aviabilet, xx.xx.2017-ci il tarixdə 265 ABŞ dolları dəyərində 1 ədəd aviabilet, xx.xx.2017-ci il tarixdə 245 ABŞ dolları dəyərində 1 ədəd aviabilet sifariş etmiş, cəmi 2835 ABŞ dolları borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-dən 2016-2017-ci illər ərzində almış olduğu və istifadə etdiyi turizm xidmətlərinə görə mövcud olan 2835 ABŞ dolları borcundan 500 ABŞ dollarını ödəmiş, 2335 ABŞ dolları borcunu 6 ay müddətində ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin kötüyündən müəyyən olunur ki, Cavabdeh borc ödənişinə görə İddiaçı MMC-yə 500 manat ödəniş etmişdir. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, Cavabdeh borc ödənişinə görə İddiaçı MMC-yə 350 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1142 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh adına olan 2335 ABŞ dolları məbləğinin ödənilməsi öhdəliyi barədə xx.xx.2019-cu il tarixli qəbzdə imza qrafasında imza Cavabdeh tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçının göstərdiyi xidmətlərdən istifadə etmədiyindən iddiaçıya heç bir borcunun yaranmadığını, xx.xx.2019-cu il tarixli qəbzdəki imzanın ona məxsus olmadığını, cavabdehə heç bir ödəniş etmədiyini bildirsə də, etirazında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya sonuncunun ona göstərdiyi xidmətlərə görə 2885 ABŞ dolları borcu yaranmış, həmin borcdan xx.xx.2019-cu il tarixdə 500 ABŞ dolları ödəniş edərək xx.xx.2019-cu il tarixdə imzaladığı qəbzlə borcunu etiraf edərək qalan məbləği 6 ay müddətində ödəməyi öhdəsinə götürmüş, xx.xx.2020-ci il tarixdə 350 manat (350:1,70=205,88) ödəniş apardıqdan sonra öhdəliklərini icra etməyərək iddiaçıya 2129,12 ABŞ dolları borcu qalmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixdə borcundan 500 ABŞ dolları ödəniş aparmasını və bu barədə tərtib olunan qəbzdə pul vahidinin ABŞ dolları əvəzinə manat olaraq qeyd edildiyini etiraf edən iddiaçı xx.xx.2020-ci il tarixli qəbzin yaranan fərqin aradan qaldırılması məqsədi ilə tərtib olunmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə mövcud borcun 2129,12 ABŞ dolları olması qənaətinə gələrək iddia tələbini bu hissədə təmin edir. Məhkəmə iddiaçının tələbinə iddia müddətinin təbiq olunmasına dair cavabdehin ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1.-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1.-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya ödəniş edərək borcunu etiraf etməklə tələb üzrə iddia müddətinin axımını kəsdiyindən məhkəmə cavabdehin tələbə iddia müddətinin təbiqi barədə ərizəsini əsassız hesab edib təmin etmir. Məhkəmə iddiaçının cavabdehdən pul vəsaitinin qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-nin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləninin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdehin özündə saxladığı pul vəsaitindən faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından, iddiaçının pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməməsi halı sonda vurulmuş ziyana görə faizlər tələb etməsi üçün əsas olmadığından iddiaçının bu tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh göstərilən xidmətə görə 2129,12 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilən ekspertiza tədiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar