Məhkəmə qərarları › İş №2(001)-6381/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6381/2021

04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6381/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borca görə 5630 manatın, dövlət rüsumuna görə 30 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borca görə 5630 manatın, dövlət rüsumuna görə 30 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehlərlə ailəvi dostluq etdiyindən onlara güvənib hər ikisinin xahişi ilə onlara borc vermişdir. Belə ki, 2019-cu ildən 2020-ci ilin dekabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda Cavabdeh2 ilə Cavabdeh1 ondan 2000 manat, 500 manat, 300 manat, 900 ABŞ dollar, 1100 manat və 200 manat olmaqla cəmi 5630 manat borc almışlar. Aralarında olan şifahi razılığa əsasən borc məbləği bugünədək qaytarılmalı olduğu halda, qaytarılmamışdır. O, cavabdehlərə dəfələrlə xəbərdarlıq etmiş, telefon və whatsap danışıqları apamış, həmin danışqlarda hər iki cavabdeh borclarını etiraf edib ödəyəcəklərini bildirmiş, nikahları pozulduqdan sonra Cavabdeh2 borc öhdəliyinin icrasından ümumiyyətlə imtina etmiş, pulu qaytarmayacağını bildirmişdir. Cavabdehlər birgə nikah dövründə ondan borc aldıqlarından, həmin borcu birgə ailə təsərrüfatlarına sərf etdiklərindən cavabdehlərdən müştərək qaydada onun xeyrinə borca görə 5630 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil Vidadi oğlu iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 digər Cavabdeh1 ilə ailənikah münasibətlərində olmuş və Binəqədi Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. S.T.X3 zabiti olduğu üçün daim xidməti ezamiyyətlərdə olmuş və bugün də cəbhə bölgəsində zabit kimi hərbi borcunu yerinə yetirməkdədir. Hərbiçi olduğu üçün cavabdehin aldığı əmək haqqı ona kifayət etmiş və ailəsini layiqincə saxlamışdır. Bu baxımdan onun kimdənsə borc pul alması absurddur və Cavabdeh2 hərbiçi olaraq hələ bir xanımdan borc almasını heç vaxt özünə sığışdırmır. Bir sözlə, iddiaçının irəli sürdüyü borc tələbi abdsurddur və cavabdehə aidiyyəti yoxdur. Cavabdeh2 iddiaçıdan heç vaxt pul almamışdır. Bu barədə tərəflər arasında heç vaxt nə yazılı nə də şifahi şəkildə hər hansı sövdələşmə mövcud olmamışdır. Həmçinin, iddiaçının bu barədə cavabdehə qarşı heç bir mötəbər sübutu belə mövcud deyildir. Cavabdeh2 özündə olan telefon danışıqlarını ona da göndərmişdir. Məhkəmə iclasında dinlənilən telefon danışıqlarından müəyyən olunur ki, borcu Cavabdeh1 götürmüşdür. Ona görə də iddia ərizəsinin S.T. Quliyevə münasibətdə təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, keçmiş əri Cavabdeh2lə birlikdə İddiaçı ilə uzun illər ailəvi dost olmuş, onlar dəfələrlə iddiaçıdan borca pul alaraq ailə təsərrüfatında istifadə etmiş, aldıqları borcu da hissə-hissə qaytarmışlar. Bu səbəbdən onlara inanan iddiaçı heç vaxt onlara pul verməkdən imtina etməmişdir. Birgə nikah dövründə o, əri Cavabdeh2lə birlikdə iddiaçıdan aldıqları 5630 manat borcu qaytara bilməmişlər. Belə ki, iddiaçının tələb etdiyi borc barədə onunla əri Cavabdeh2 arasında mübahisə yaranmışdır. Cari xərclər üçün alınmış pulu qaytarmağa söz verən keçmiş əri Cavabdeh2 nikahları pozulduğundan, aralarında mübahisə yarndığından borcu qaytarmaqdan imtina edir. Cavabdeh2 borcun qaytarılması üçün ilk vaxtlar müəyyən vədlər versə də sonradan bocu qəbul etməyərək qaytarmaqdan imtina edir. Daha sonra iddiaçı ondan borcun qaytarılmasını tələb etməyə başlamış, o, heç bir yerdə işləmədiyindən, nikahı pozulduqdan sonra övladları onun himayəsində saxlanıldığından, iddiaçıdan alınan borcun bir hissəsi Cavabdeh2lə birlikdə ailəyə xərclənsə də, bir hissəsi Cavabdeh2 öz işləri ilə bağlı aldığı borcun qaytarılmasına sərf edildiyindən o, tək borcu qaytara bilmir. Nikahda olduğu müddətdə o, işləməmiş, Cavabdeh2 müxtəlif şəxslərdən aldığı pulu ailənin büdcəsinin hesabına qaytardığından çətinliklər yaranmışdır. Cavabdeh2 öz əmək haqqından ödəniləcək lotereya ilə iddiaçının borcundan ilkin olaraq 3000 manat qaytarılacağını bildirsə də, ailə nikah münasibətləri pozulduğundan borc qaytarılmamışdır. İddiaçı alınan borc ailənin ümumi xərcləri ilə yanaşı birgə nikahlarından olan uşağın idman tədbirləri ilə bağlı səfərlərə, Cavabdeh2 öz işi ilə bağlı problemlərinə xərclənmişdir. Borcun qaytarılmamsının səbəbi onun işləməməsi, Cavabdeh2 borcu qaytarmaq istəməməsi, daha sonra onların nikahlarının pozulması olmuşdur. Cavabdeh2 hazırda da hərbiçi kimi yüksək vəzifədə işləyir, yaxşı əmək haqqı alır, o, isə uşaqlarına baxır, onların xərclərini ödəyir. Bu baxımdan hesab edirəm ki, alınmış borc birgə nikah dövründə alınsa da uşaqlarının xərclərinə, Cavabdeh2 işi ilə bağlı sərf edildiyindən, borc alınarkən işləyən və ailəni dolandırmalı olan Cavabdeh2 olduğundan, onun xüsusi gəliri olmadığından borc onlardan müştərək qaydada tutlmamalıdır. Ona görə də borcun 1/3 hissəsinin ona aid edilməsi, qalan hissəsi isə Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 37.1.-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2.-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmin Məcəllənin 37.3.-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12.04.2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə iclasında tədqiq olunmuş İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasıda aparılmış telefon danışıqları ilə bağlı səs yazılarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikah dövründə İddiaçı 5630 manat borc aldıqlarını və qaytarmadıqlarını etiraf etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 2(001)-5125/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında 07.05.2005ci il tarixdə Bakı şəhəri Səadət Sarayında akt qeydləri kitabında 1175 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 27.01.2007-ci il təvəllüdlü X1 və 11.03.2010-cu il təvəllüdlü X2 anaları Cavabdeh1 yanında saxlanması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh2 qazancının (başqa gəlirlərinin) 1\3 hissəsi miqdarında alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər birgə nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi məqsədilə iddiaçıdan borc olaraq 5630 manat almış, lakin geri qaytarmamışlar. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 2(001)-5125/2021 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulduğundan onlar artıq birgə yaşayıb, birgə təsərrüfat aparmırlar. Məhkəmə qeyd edir ki, qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ər-arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəlikləri ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaratdığından, birgə nikah dövründə birgə vəsait hesabına əldə olunan əmlakda ər və arvadın payları bərabər olduğundan, cavabdehlərin nikahları pozulduğu üçün iddia ərizəsi qismən təmin edilməklə birgə nikah dövründə alınmış borca görə Cavabdeh2 2815 manat və Cavabdeh1 2815 manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu bərabər hissələrdə cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 borca görə 2815 manat, dövlət rüsumuna görə 15 manat olmaqla cəmi 2830 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 borca görə 2815 manat, dövlət rüsumuna görə 15 manat olmaqla cəmi 2830 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar