Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-639/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X21 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər X2, Cavabdeh, X5, X11, X3, X12, X9, X1 və X13 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 6 iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya **********050-10301 saylı Dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ev iddiaçının tam mülkiyyətindədir. Cavabdehlər X7, Cavabdeh, X10, X16, X8, X17, X15, X4, X18 ona məxsus mülkdə yaşamadıqlarına baxmayaraq bu günə kimi hələ də, ona məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehin onun mülkiyyətində olan mənzildə uzun müddət yaşamamağı qeydiyyatda qalması onun üçün ciddi maneələr yaradır. Mənzil üzərində müvafiq sərəncam vermək, ondan istədiyi şəkildə istifadə etmək hüququnu pozur. İddaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbini azaltmış, yalnız Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvandan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh 2001-ci ilin sentyabr ayında ünvan 2 ünvanında 6 sot torpaq sahəsinin içərisində özbaşına inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinə gəlin köçmüşdwr və hal-hazıradək orada yaşayır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-302/2003 saylı qətnaməsi ilə onun X5 qeyrilərinə qarşı "mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair" iddias; təmin edilərək, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən iki mərtəbəli özbaşına tikiliyə yaşayış hüququnun tanınması və həmin evə köçürülməyi qət edilmişdir. Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli, 1MK-2579/2003 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-302/2003 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi icra edilmiş və həmin ünvanda yerləşən ikimərtəbəli özbaşına tikiliyə qeydiyyata düşmüş və köçürülmüşdür. Cavabdehin qeydiyyatda olduğu və yaşadığı özbaşına tikili iddiaçıya məxsus deyildir və onun mülkiyyətində olan ev həmin həyətdə yerləşən digər iki mərtəbəli evdir. Buna görə də İddiaçı ona qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair" iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Bundan başqa iddiaçının guya cavabdehin orada yaşamamağı barədə dəlilləri əsassızdır. Ona görə də hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, 2003-cü ildə onun sözügedən mənzilə köçürülməsinə dair qətnamə çıxsa da, icra məmuru ilə həmin ünvana getmiş, lakin köçməmiş, bəzi əşyalarını, sınan qabları, paltarlarını götürmüş, lakin mebeli və bir çox əşyaları orada qalmışdır. Sonradan evin açarı onda olmuş, hər dəfə gəlib evə baş çəkmişdir. Lakin sonradan əri ilə rəsmi boşanmış, keçmiş əri evlənmiş evə yeni gəlin gətirmiş, artıq o evə getməmiş, təxminən 10 ildən artıq olar ki, həmin evə getmir. Məhkəmənin suallarına cavab olaraq mülkiyyətində olan iki otaqlı mənzilin atasına məxsus olmasını, hazırda kirayədə yaşamasını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı №1334279 saylı çıxarışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 268,72 kv.m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13025 nömrəli vərəqində qeydiyyata alınmışdır. Asan 7 tərəfindən verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı, X6, Cavabdeh, X10, X16, X8, X17, X15, X4 və X18 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-302/2003 saylı qətnaməsinə əsasən Cavabdeh ünvan 4 ünvanda yerləşən iki mərtəbəli özbaşına tikiliyə yaşayış hüququnun tanınması və onun həmin evə köçürülməsi qərara alınmış, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.20023-cü il tarixli, 1MK-2579/2003 saylı qətnaməsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və K.Ə.Bağırova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. xx.xx.2003-cü il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh ünvan 4 ünvanına köçürülmüşdür. xx.xx.2003-cü il tarixli, AZ-İ №001191 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 və Cavabdeh arasında olan nikahın ləğv edilməsi akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 100№ ilə qeyd edilmişdir. AZEMİS-dən çıxarışdan müəyyən olunur ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 44, mənzil 63, 2 otaqlı, ümumi sahəsi 48,61 kv.m olan mənzil - daşınmaz əmlak mövcuddur. Məhkəmənin təşəbbüsü və tərəflərin birgə iştirakı ilə ünvan 6 ünvanına yerli baxış keçirilmiş, tərəflərin iştirak etdiyi baxışda müəyyən edilmişdir ki, sözügedən ünvanda Cavabdeh yaşamır, ünvanda ona məxsus heç bir əşya, mebel, şəxsi paltar və sair mövcud deyil. Cavabdeh özü də həmin ünvandan 10 ildən artıq çıxmasını, şəxsi əşyaların bir hissəsini özü ilə aparmasını bildirmişdir. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddəsində verilir. Bu maddəyə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən - Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. - Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:- yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmənin mövqeyi: «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun və «istifadə etmək hüququnun» hüquqi əsaslarını yoxlamışdır. Hazırkı işin materiallarından göründüyü kimi tərəflər arasında hal-hazırda heç bir ailə münasibəti mövcud deyil, eyni zamanda cavabdeh artıq 10 ildən artıq müddətdir ki, sözügedən evdə yaşamır, yerli baxış zamanı, o cümlədən də tərəflərin öz izahatları ilə cavabdehə məxsus heç bir əşyanın orda olmaması, özü-özlüyündə sonuncunun süzügedən ünvana yaşayış sahəsi kimi istifadə hüququnun olmaması öz təsdiqini tapır. Həmçinin cavabdehin mülkiyyətində iki otaqlı mənzilin olması artıq onun yaşayış sahəsinə də ehtiyacının aradan qalxmasını göstərir. Hazırki halda isə cavabdehin ünvan 4 ünvanında yaşaması və həmin evdən istifadə hüququ təsdiqini tapmadığından, onun həmin ünvana qeydiyyatı formal xarakter daşıdığından mövcud olmayan hüquqa xitam verilməsi qanunamüvafiq hesab edilmədiyindən hazırki iddia təmin oluna bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının cavabdehin göstərilən ünvana mövcud formal qeydiyyatını müvafiq ərazi üzrə inzibati orqana müraciət etməsi əsasında inzibati orqanın müvafiq qeydiyyat aparması yolu ilə aradan qaldırılması istisna deyildir. Məhkəmə xərclərinə gəldikdə isə iddianın rədd edilməsi əsası ilə xərclər də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-639/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-639/2025
13.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver