Məhkəmə qərarları › İş №2(001)-641/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-641/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-641/2024 16.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh Bakı Karate-Do Akademiyası MMC-yə qarşı icarə müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Bakı Karate-Do Akademiyası MMC-yə qarşı icarə müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev küşəsi 14 ünvanda yerləşən ümumi sahəsi 77,7 kv.m. olan qeyri-yaşayış sahəsini icarə haqqı bir ay üçün 800 manat olmaqla bir il müddətinə cavabdeh Bakı Karate-Do Akademiyası MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən aylıq icarə haqqını müqavilədə göstərilən bank hesabına ödəməlidir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi 2023cü ilin may ayında ləğv edilmiş, icarə sahəsi iddiaçıya təhvil verilmişdir. Lakin cavabeh 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər 11 ay ərzində aylıq icarə haqqını iddiaçıya ödəməmişdir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin icarəsinə görə ödəməli olan məbləğ 8800 manat təşkil edir. Dəfələrlə edilən şifahi xəbərdalığa baxmayaraq, bu məbləğ hələ də cavabdeh tərəfindən ödənməmişdir. Həmin məbləğin ödənilməsi barədə cavabdehə yazılı xəbərdarlıq göndərilsədə cavabdeh təşkilat xəbərdarlıq məktubunu almaqdan imtina etmiş və pulu ödəməmişdir. Ona görə də cavabdehdən 8800 manat icarə haqqının və ödənilmiş 108 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı Karate-Do Akademiyası MMC-nin qanuni təmsilçisi X3 iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə MMC ilə İddiaçı arasında sonuncunun mülkiyyətində olan sahəsi 77,4 kv.m olan qeyriyaşayış sahəsinə dair bir il müddətinə icarə müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra müəyyən müddət ərzində təmir işləri aparılmış, 4 ay müddətində ödənişləri həyata keçirmiş, lakin qeyri-yaşayış sahəsinin tavanı, divarı və döşəməsi köhnə olduğu üçün yararsız vəziyyətdə olmuşdur. Bir neçə dəfə yuxarı mərtəbədən ofisi su basmışdır. Dəfələrlə iddiaçıya bu barədə məlumat verilmiş, təmir işlərinin aparılması xahiş olunmuş, lakin qarşı tərəf bu barədə heç bir fikir bildirməmişdir. Bu müraciətlərə məhəl qoyulmadığından icarəyə verən şəxsə müqaviləyə xitam verilməsi bildirilmişdir. İddiaçının tələbələrini nəzərə alınsa onları məhkəməyə verən şəxsin cavabdehi bu qədər müddət ərzində gözləməzdir. İddiaçının xx.xx.2023-cü il tarixdə müqavilə bitəndən bir neçə ay sonra onları məhkəməyə verməsi absurddur. Çünkü onlar müqavilənin 5-ci aya keçdiyi ərəfədə şifahi şəkildə iddiaçıya ofisin yararsız halda olduğunu bildirib icarə müqaviləsinə xitam verdiklərini bildirmiş və icarə müqaviləsinə xitam verilməsini xahiş etmişlər. Lakin buna baxmayaraq, ofisdən istifadə etmədikləri halda iddiaçı icarə haqqını hesablamaqda davam etmiş və süni-şəkildə icarə haqqını şişirdirilmiş məbləğdə məhkəməyə müraciət etmişlər. Cavabdeh bu iddia tələbi ilə razı deyildir. Cavabdeh idman təşkilatıdır, özü-özünü maliyyələşdirir, eyni zamanda bu təşkilatda şəhid, qazi övladları ilə yanaşı uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum edilmiş uşaqlar müntəzəm olaraq məşq proseslərinə cəlb olunur, onların inkişafı üçün cavabdeh şəxsi büdcəsindən lazımi dəstək göstərir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq etirazda qeyd edilənləri halları nəzərə alıb ədalətli qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Bakı Karate-Do Akademiyası MMC-yə və 3-cü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Bakı Karate-Do Akademiyası MMC və 3-cü şəxs X3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Bakı Karate-Do Akademiyası MMC-nin nümayəndəsinin və 3-cü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarəyə verən İddiaçı ilə icarəçi Bakı Karate-Do Akademiyası MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, icaryə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 77,7 kv.m. olan qeyri-yaşayış sahəsini hər ay 800 manat icarə haqqı ödənilmək şərti ilə xx.xx.2023-cü il tarixinədək icarəçiyə icarəyə vermişdir. İcarə müqaviləsinin 3-cü bəndindən müəyyən olunur ki, icarə müddəti xx.xx.2023-cü il tarxədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsinin 5-ci bəndindən müəyyən olunur ki, icarəçi aylıq icarə haqqını müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin 8-ci bəndindən müəyyən olunur ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə əsasən, müvafiq olaraq həyata keçirilir. İcarəyə verən İddiaçı icarəçi Bakı Karate-Do Akademiyası MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziyadan müəyyən olunur ki, icarəyə verən icarəçiyə 2023-cü ilin may ayında ləğv edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş qalan 11 aya görə 8800 manat icarə haqqının müqavilədə qeyd olunan bank hesabına ödənilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə 2023-cü ilin may ayında xitam verilmiş, bu barədə iddiaçı cavabdehə göndərdiyi pretenziyasında məlumat vermiş, cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2022-сi il tarixli icarə müqaviləsinə əsasən, iddiaçıya 8800 manat icarə haqqı borcu ödənilməmiş qalmışdır. Cavabdeh iddia tələbinə qarşı etiraz etsə də, etirazında istinad etdiyi hallara dair hər hansı bir sübutunu, yəni müqavilə şərtlərinə uyğun icarə müqaviləsinə xitam verilməsinə dair öz təklifini icarəyə verənə nə vaxt göndərməsinə, icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən istifadə edə bilməməsinə, icarəyə götürdüyü obyekti boşaldaraq nə vaxt mülkiyyətçiyə qaytarmasına, hansı aylara görə icarə haqqını müqavilədə göstərilən hesaba ödəməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqdiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya 8800 manat icarə haqqı borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Bakı Karate-Do Akademiyası MMC-dən xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, icarə haqqı borcuna görə 8800 manat, dövlət rüsumuna görə 108 manat olmaqla cəmi 8908 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar