Məhkəmə qərarları › İş №2(001)-6410/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6410/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6410/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Zülfü oğlunun cavabdeh “Nikoyl” X1rşı (tələbkar YeloBank baş ofisi) “qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Zülfü oğlunun cavabdeh “Nikoyl”X1rşı(tələbkar YeloBank baş ofisi) “qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikoyl" X2 xeyrinə çıxarılmış 5707(beş min yeddi yüz yeddi) manat məbləğində pulun hissə-hissə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, iddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli məhkəmə əmri ilə ondan tutulan borcun hissə-hissə ödənilməsini xahiş etsə də, həmin tələbə iddia icraatı qaydasında baxılmır. Yəni, tərəflər arasında olan mülki mübahisə məhkəmə tərəfindən həll olunaraq yekun qərar qəbul edilmiş və hal-hazırda da iddiaçı yekun məhkəmə qərarı əsasında verilmiş icra sənədinin hissə-hissə icra edilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin, icra sənədinin hissə-hissə icra edilməsi tələbkara qarşı iddia ərizəsi ilə iddia icraatı qaydasında deyil, borclunun icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsinə əsasən işə baxmış məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, iddia ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar olaraq icra sənədinin hissə-hissə icrası ilə bağlı ərizə ilə işə baxmış məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Zülfü oğlunun cavabdeh “Nikoyl” X1rşı(tələbkar YeloBank baş ofisi) “qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilir ki, o, icra sənədinin hissə-hissə icrası ilə bağlı ərizə ilə işə baxmış məhkəməyə müraciət edə bilər. İddiaçı Zülfü oğlu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz) onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar