Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6429/2025 06.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı – İddiaçı cavabdeh – X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı cavabdeh X3 ümumilikdə 9000 manat məbləğində pul vermişdir.
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin, həmçinin 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb öz xeyrinə ödənilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, İran İslam Respublikası vətəndaşı olan X4 tanıyır. 2024-cü ilin oktyabr ayında X5 ona Hövsan qəsəbəsindəki limana mərmərləri gəldiyini, lakin gömrük və daşınma haqqı üçün lazın olan pulu ödəməyə pulu olmadığı üçün ondan borc pul istəmişdir. Həmin vaxt iddiaçı ona 9000 manat borc pul vermiş, daha sonra 2024-cü ilin dekabr ayında ondan 1000 manat dəyərində bardur almışdır. Bundan sonra cavabdehin iddiaçıya 8000 manat borcu qalmışdır. Eyni zamanda qeyd edir ki, X4 ona borclu qaldığı 8000 manat pulun müqabilində həmin mərmərlərdən 200 kv.m mərməri ona verəcəyini bildirmişdir. O, da cavabdehin vədlərinə inanaraq iştifadəsində olan sex üçün lazım olan mərmərləri sifariş etməmişdir ki, X3 borc verdiyi pulun müqabilində onsuz da ona 8000 manat dəyərində mərmər veriləcəkdir. Lakin həmin vaxtdan xeyli müddət keçsə də İran İslam Respublikası vətəndaşı olan X5 nə iddiaçıdan aldığı pulu qaytarmamış, nə də vəd verdiyi mərmərləri verməmişdir. Bu barədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Şöbəsinə yazılı şikayət etmiş, müvafiq araşdırılma aparılmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda həmin məsələ öz təsdiqini tapmışdır. İran İslam Respublikası vətəndaşı olan X5 borcunu qaytarmağı söz versə də bu günə qədər borcunu tam bağlamamışdır. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
Cavabdehin etirazları:
4. Cavabdeh X5 tərəfindən iddia ərizəsi ilə bağlı məhkəməyə yazılı etiraz göndərilməmişdir.
Tərəflərin izahatları:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahata verərək iddianı müdafiə etdiyini bildirdi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili iddianı qismən, yəni 5600 manat məbləğində qəbul etdiklərini bildirərək tələbin həmin hissədə təmin edilməsinə, qalan hissədə isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarında olan, X5 tərəfindən Bakı Şəhəri Baş Polis İdarəsi Nərimanov RPİ 16-cı Polis Şöbəsində verilmiş izahatdan müəyyən edilir ki, cavabdeh iddiaçıya 7300 manat məbləğində borcunun qaldığını qəbul etmişdir.
8. İş materiallarında olan, İddiaçı tərəfindən Bakı Şəhəri Baş Polis İdarəsi Nərimanov RPİ 16-cı Polis Şöbəsində verilmiş izahatdan müəyyən edilir ki, iddiaçı cavabdehin ona məxsus 8000 manat məbləğində vəsaiti ələ keçirərək qaytarmadığını bildirmişdir.
9. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən edilir ki, iddiaçının müraciəti əsasında cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki xarakterli olması səbəbi ilə iddiaçının məhkəməyə müraciət etməsi ona izah edilmişdir.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, iddiaçının izahatlarını, cavabdehin iddianı qismən qəbul etməsinə dair izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.
13. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
14. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
15. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.
16. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsas olmadan 8000 manat məbləğində pul vəsaiti əldə etmişdir.
17. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən ümumilikdə 9000 manat pul vəsaiti iddiaçıdan alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh tərəfindən həmin pul vəsaiti geri qaytarılmamışdır. Bu halı cavabdehin nümayəndəsi məhkəmə iclasları zamanı verdiyi izahatlarında da qismən etiraf etmiş və iddiaçıya qaytarılmamış məbləğin 5600 manat olduğunu qəbul etmişdir.
18. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə əsassız varlandığı üçün iddiaçı pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Belə ki, cavabdeh də iddiaçıdan pul vəsaiti aldığını qəbul etmiş, lakin mübahisə qaytarılmalı olan məbləğlə bağlı olmuşdur ki, cavabdeh iddiaçının 8000 manat tələbinə münasibətdə tələbin 5600 manat olan hissəsini qəbul etdiyini etiraf etmişdir. Lakin, cavabdeh Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində verdiyi izahatında iddiaçıya 7300 manat borcunun qaldığını etiraf etmişdir. İddiaçının 8000 manat məbləğində tələbinə münasibətdə cavabdehin müxtəlif vaxtlarda müxtəlif məbləğləri səsləndirməsi iddiaçının tələb edilən məbləğə münasibətdə haqlı olduğunu göstərir. Bunun əksini təsdiq edən hər hansı sübutu cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmaqla 8000 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə həmçinin iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).
21. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
22. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti və iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
23. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti İran İslam Respublikasının vətəndaşı X1 alınaraq İddiaçı ödənilsin.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğində pul İran İslam Respublikasının vətəndaşı X1 alınaraq İddiaçı ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev