Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-646/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və pulu birlikdə götürdüyü oğlundan müştərək qaydada 6.140 manat pulun, ödədiyi 81 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 110 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 23 iyun 2020-ci il tarixdə öz imzası ilə qəbz verərək yazılı etiraf etmişdir ki, ondan 6.140 manat pul almışdır. Borcu bir ay müddətinə qaytarmasına söz vermişdir. Lakin bu günə qədər borcunu qaytarmamışdır. Cavabdeh borcu oğlu ilə birlikdə oğlunun ehtiyacı üçün götürmüşdür. Cavabdehin ondan borc kimi götürmüş olduğu 6.140 manat pulun onun tələbi ilə geri qaytarılmaması onun əmlak hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh ondan borc götürdüyü 6.140 manat pul vəsaitinin vaxtında qaytarmadığı üçün müqavilədən irəli gələn öhdəliyinə əməl etməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı qaldırdığı iddia ərizəsinə etirazı yoxdur. Belə ki, o, borcunu etiraf edir və borcunu qaytarmağa söz verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh ərizəsini müdafiə edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən yazılmış və imzalanmış 23 iyun 2021-ci il tarixli iltizamdan görünür ki, o, İddiaçı 6.140 manat məbləğində borc almış, 1 ay müddətinə qaytaracağına söz vermişdir. 06 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı (FİN xxxxxxx) tərəfindən 5 saylı vəkil bürosunun hesabına 100 manat məbləğində vəsait ödənilmişdir. 03 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan 6.140 manat məbləğində borc götürsə də, onun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “borcun Cavabdeh oğlundan tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi iddia tələbi “borcun Cavabdeh oğlundan tutulması” hissədə tələb cavabdeh kimi işdə iştirak etməyən şəxsə yönəldilmiş və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Eyni zamanda iş materiallarında olan sənədlərdən də görünür ki, borc yalnız Cavabdeh tərəfindən götürülmüş, bununla bağlı yalnız onun tərəfindən iltizam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iddia tələbinin 110 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulması hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 100 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqı cavabehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkil bürosunun hesabına məhz 100 manat məbləğində vəsait ödənilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 81 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6.140 manat məbləğində borc, 100 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 81 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6.140 (altı min bir yüz qırx) manat məbləğində borc, 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-646/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-646/2022
01.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver