Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6461/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər “TuranBank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialına və onun rəhbərliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TuranBank” Açıq Səhmdar Cəmiyyəti və onun rəhbərliyi tərəfindən “X1” markalı, ** SO *** (hal-hazırda ** OA ***) dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qeyri-qanuni həbs qoyulmaqla bu günə qədər qəsdən restrukturzasiyanı təmin etmədiyindən ona vurulmuş 18.300 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; Qeyd edilən normaların tələblərinə baxmayaraq iddia ərizəsi tərtib edilərkən mülkiprosessual qanunvericiliklə nəzərdə tutulmuş “iddia ərizəsinin forma və məzmununa” riayət edilmədən tərtib edilmiş, iddia ərizəsində cavabdehlərdən biri “TuranBank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı kimi qeyd edilsə də, onun poçt ünvanı göstərilməmişdir. Həmçinin, ərizədə cavabdehin adı, soyadı və atasının adı göstərilməli olduğu halda, iddiaçı digər cavabdehin adını “TuranBank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialının rəhbərliyi kimi qeyd etməklə kifayətlənmiş, poçt ünvanını isə qeyd etməmişdir. Bundan başqa, iddia ərizəsində cavabdehlər qismində “TuranBank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı və onun rəhbərliyi qeyd edilsə də, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddia tələbi ərizədə cavabdeh qismində qeyd edilməyən şəxslərə - “TuranBank” Açıq Səhmdar Cəmiyyətinə və onun rəhbərliyinə qarşı yönəldilmiş, halbuki, həmin şəxslər cavabdeh qismində cəlb edilməmiş, habelə onların adları, poçt ünvanları iddia ərizəsində göstərilməmişdir. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin normalardan da aydın olur ki, iddiaçı tərəfindən cavabdehlərin adları və onlara qarşı yönəldilmiş tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin hər bir cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq göstərilməli olması onu nəzərdə tutur ki, hər bir cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı öz tələbini hər bir cavabdehə qarşı konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Göründüyü kimi, iddiaçı ərizədə cavabdehlər qismində qeyd etdiyi şəxslərə qarşı tələb yönəltməmiş, tələbini başqa şəxslərə qarşı yönəltmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər “TuranBank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialına və onun rəhbərliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6461/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6461/2020
05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver