Məhkəmə qərarları › İş №2(001)-6532/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6532/2021

31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6532/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 40000 ABŞ dolları borc aldığı pulun, borcun vaxtında ödənilməməsi nəticəsində dəymiş zərərin əvəzinin (əldən çıxmış fayda) 32000 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 72000 ABŞ dollarının və 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış şifahi müqaviləyə əsasən o, biznes qurması məqsədilə cavabdehə 40000 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh həmin puldan heç bir məbləğdə ödəniş etməmişdir. Bu məsələ ilə bağlı onlar dəfələrlə görüşüb danışsalar da, heç bir nəticə olmamışdır. Həmin vaxtdan xeyli müddət keçsə də, cavabdeh ona borclu olduğu pulu qaytarmamışdır. Cavabdehin könüllü şəkildə yazaraq təqdim etdiyi 19.10.2017-ci il tarixli iltizamdan göründüyü kimi, o, borc götürdüyünü səmimi şəkildə etiraf edərək 20.12.2017-ci il tarixinədək borcunu qaytaracağına söz vermişdir. Lakin cavabdeh vədinə əməl etməyərək bu günə kimi borc məbləğini geri qaytarmamışdır. Cavabdeh nəinki borc məbləğini ödəməmiş, həm də müqavilə öhdəliyini vaxtında ödəmədiyindən real zərərlə yanaşı, pulu vaxtında ödəsəydi o məbləği hansısa bank əmanət hesabına qoyub illik 10 faiz gəlir götürə bilərdi. 40000 ABŞ dolları 20.12.2017-ci il tarixdə ödənilsə idi, 8 il müddətinə illik 10 faizlə hesablanmaqla 40000 ABŞ dollarının 10 faizi olan 32000 ABŞ dolları gəlir əldə edə bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi mübahisənin illərlə uzadıldığını və iddiaçının həddindən artıq zərərə düşdüyünün nəzərə alınmasını və mülki işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19.10.2017-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 8 il öncə şərikinə biznes qurmaq məqsədilə 40000 ABŞ dolları məbləğində pul almış, həmin pulu bu günə kimi qaytara bilməmişdir. O, öhdəsinə götürür ki, 40000 ABŞ dolları pulu 20.12.2017-ci il tarixinədək İddiaçı qaytaracaqdır. Bu iltizamı o, şəxsən İddiaçı və onun vəkili X2 yanında heç bir fiziki və psixi təsirə məruz qalmadan özü yazmışdır və imzası ilə təsdiq edir. İddiaçı tərəfindən AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 16.04.2018-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, 8 il bundan əvvəl tanışı Cavabdeh birlikdə şərikli biznes qurub gəlir götürmək məqsədilə 40000 ABŞ dolları məbləğində pul vermiş, Cavabdeh həmin məbləğdə pul və guya özünün də qoyacağı sərmayə ilə biznes quracağını və yaxşı gəlir götürəcəklərini bildirsə də, sonradan məlum olmuşdur ki, heç bir biznes qurulmayıb və onun pulunu mənimsəyib. O, pulunun qaytarılmasını bildirəndə Məmməd söz vermişdir ki, qısa zaman ərzində pulu qaytaracaq, lakin pul qaytarılmadı. Bu məsələ ilə bağlı onlar dəfələrlə görüşüb danışsalar da, heç bir xeyri olmamışdır. Bu məsələ ilə bağlı o, Məmmədin qayınatası Hüseyn Səfərovla dəfələrlə görüşüb danışmışdır. O da pulun qaytarılacağını bildirsə də, bu günə kimi pul ödənilməmişdir. Sonuncu dəfə 19.10.2017-ci il tarixdə Cavabdeh qaytarmalı olduğu 40000 ABŞ dollarını ona 20.12.2017-ci il tarixə kimi qaytaracağına dair onun və vəkili Ruhid Əkbərovun yanında yazılı iltizam yazıb versə də, bu günə kimi həmin məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdeh onun pulunu qaytarmaması onun üçün bir sıra maddi sıxıntılar yaratmışdır və ona dəfələrlə müraciət etməsinə baxmayaraq yalan vədlər verərək ödənişdən yayınmışdır. Göstərilənlərə əsasən o, Cavabdeh ondan aldığı və mənimsədiyi 40000 ABŞ dolları pul məbləğinin qaytarılması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilən tələblə daha əvvəl müraciət edilmiş və nəticədə baxılmamış saxlanılmış iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-9470/2018 saylı, 14.12.2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardaddan görünür ki, 19.10.2017-ci il tarixli iltizamdakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra edilməsi ekspert qarşısında sual olaraq qoyulmuş, ekspertizanın həyata keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 16222 nömrəli, 19.07.2019-cu il tarixli rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqəsində Cavabdeh adına olan 19.10.2017-ci il tarixli iltizamın mətninin və iltizamın sonunda “Cavabdeh” yazılarının qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri vardır. Belə ki, cavabdeh iddiaçıdan şərikli biznes qurmaları adı altında 40000 ABŞ dolları borc pul almış, lakin biznes qurulmamış, iddiaçı vermiş olduğu pulu tələb etdikdə isə o, iddiaçıya pulunu qaytarmamışdır. Bundan sonra cavabdeh borcun etiraf edilməsi barədə öz əlyazması ilə iltizam tərtib etmiş, 40000 ABŞ dolları borcunu 20.12.2017-ci il tarixinə kimi qaytaracağını vəd etmişdir. Həmin əlyazmanın cavabdeh tərəfindən yazılması ekspert rəyi ilə müəyyən edilmişdir. Lakin o, vədinə əməl etməmiş, borcunu qaytarmamış, bu səbəbdən İddiaçı AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 16.04.2018-ci il tarixli şikayət ərizəsi ilə müraciət etmişdir. Keçən müddət ərzində də borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı həmin iltizama istinad edərək cavabdehdən əsas borca görə 40000 ABŞ dolları və bank uçot dərəcəsi ilə pul məbləğindən faydalana bilmədiyinə görə 32000 ABŞ dolları məbləğində pul tələb edir. Məhkəmə mübahisə ilə bağlı tərəflər arasında yaranmış münasibətlərinin müəyyən edilməsi üçün aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, tərəflər şərikli kapital qoyulmaqla ortaqlıq münasibətləri qurmaq istəmişlər və bu səbəbdən iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğdə pul vəsaiti verilmişdir. Lakin tərəflərin qurmaq istədikləri ortaqlıq baş tutmamış və cavabdeh aldığı pul məbləğini qaytarmamışdır. Bundan sonra cavabdeh borcun etirafı məzmunlu iltizam tərtib etmişdir və iddiaçıya 40000 ABŞ dolları borcunun olduğunu etiraf etmiş və borcunu 20 dekabr 2017-ci il tarixdə qaytaracağını bildirmişdir. Həmin borcun etirafı barədə iltizamın həqiqiliyi eyni tərəflər arasında olan başqa məhkəmə mübahisəsində keçirilmiş ekspertiza tədqiqatı ilə təsdiq olunmuşdur. Cavabdeh borcun etirafı ilə bağlı müqavilədən irəli gələn öhdəliyini icra etməmiş və nəticədə iddiaçıya zərər vurmuşdur. Eyni zamanda yuxarıda sadalanan normalardan göründüyü kimi borcun etirafı barədə mücərrəd müqavilə elə təbiətli müqavilədir ki, tərəflər həmin müqaviləyə qədər onlar arasında yaranmış hər hansı öhdəlik münasibətlərindən irəli gələn heç bir etirazlarını müqavilə bağlandıqdan sonra irəli sürə bilməzlər. Yəni mövcud borcun etirafı barədə müqavilə bağlanmaqla müqavilənin aid olduğu şəxslər arasında artıq yeni hüquq münasibətləri yaranır və şəxslərin öhdəlikləri artıq həmin müqavilə şərtləri ilə tənzimlənir. Odur ki, cavabdehin mövcud borcun etirafı haqqında müqaviləyə əsasən 40000 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə öhdəliyi var və cavabdeh öhdəliyini icra etməyərək müqavilə şərtini pozmuşdur. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 40000 ABŞ dolları məbləğində borcunu iddiaçıya ödəməlidir. Məhkəmə borcun vaxtında qaytarılmaması ilə bağlı əldən çıxmış faydaya görə illik 10 faizlə 8 il müddət üçün hesablanmış 32000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulması hisəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra etmiş olsaydı 8 il müddət üçün orta bank uçot dərəcəsi ilə 10 faizlə gəlir əldə edə biləcəyinə istinad edərək iddiaçı 32000 ABŞ dolları tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Lakin işin faktiki hallarından görünür ki, borclu müqavilə üzrə öhdəliyini birdəfəlik qaydada 20 dekabr 2017-ci il tarixə kimi ödəməli idi. Odur ki, hazırki mübahisədə borcun icrasının gecikdirilməsi 20 dekabr 2017-ci il tarixdən başlanmalıdır. Eyni zamanda iddiaçının hansı əsasla 8 il müddət üçün əldən çıxmış fayda tələb etməsi işin halları ilə müəyyən edilmir. Bundan başqa Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsində qeyd edilmişdir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Lakin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən cavabdehin həmin pul vəsaitindən faydalanması sübut olunmur. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsə də, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyi cavabdehdən tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. MM-in 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdə kreditorun gecikdirilmiş vaxt üçün MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Göstərilən hüquqi mövqelərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitini əsassız olaraq özündə saxlaması müəyyən edildiyindən tələb edilən borc məbləğinə illik 5% müqavilə müddətinin bitmə tarixindən, yəni 20.12.2017-ci il tarixindən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtadək (06.08.2021-ci il tarixinədək), yəni 3 il 7 ay üçün 7167 ABŞ dolları (43 X (40000 X 5%/12)) əldən çıxmış fayda məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda öhdəliyin xarici valyuta ilə yaranmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan pul məbləği qətnamənin icra edildiyi gün Mərkəzi bankın müəyyən etdiyi məzənnəyə uyğun manat ekvivalentində ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borca görə 40000 ABŞ dolları məbləğində və əldən çıxmış faydaya görə 7167 ABŞ dolları məbləğində, cəmi 47167 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borca görə 40000 (qırx min) ABŞ dolları məbləğində və əldən çıxmış faydaya görə 7167 (yeddi min yüz altmış yeddi) ABŞ dolları məbləğində, cəmi 47167 (qırx yeddi min yüz altmış yeddi) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 19.5 (on doqquz manat əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar