Məhkəmə qərarları › İş №2(001)-6538/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6538/2021

09.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6538/2021 09.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbi barədə mülki işə 09 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 5 otaqlı evin 2 otaq, mətbəx və sanitar qovşağından ibarət hissəsinin onların və İddiaçı1 himayəsində olan yetkinlik yaşına çatmamış uşaqlarının istifadəsində saxlanılmaqla yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlər tərəfindən onların həmin evdə yaşamalarına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X2 iddianı müdafiə etdiklərini bildirərək izahatında göstərdi ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı1 keçmiş əri, Cavabdeh2 isə keçmiş qaynanasıdır. İddiaçı1 ilə Cavabdeh1 rəsmi nikaha daxil olmadan ailə qurmuş, nikahlarını 25 oktyabr 2002-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 avqust 2002-ci il təvəllüdlü İddiaçı2, 06 yanvar 2009-cu il təvəllüdlü X3 və 06 iyul 2016-cı il təvəllüdlü İddiaçı2 adlı uşaqları vardır, uşaqlardan ikisi yetkinlik yaşına çatmayıblar. 2003cü ildə tərəflər iddia tələbində göstərilən fərdi yaşayış evini almış, orada yaşamağa başlamışlar. Bir neçə il sonda Cavabdeh2 da həmin evə köçmüş, onlarla birlikdə yaşamışdır. 2021-ci ilin əvvəllərində İddiaçı1 ilə Cavabdeh1 arasında ailə münasibətləri pisləşmiş, həmin vaxtdan cavabdehlər iddiaçılardan evi tərk etmələrini tələb etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqların analarının yanında saxlanması qərara alınmışdır. Hazırda sözügedən 5 otaqlı evin 2 otağı və həmin otaqlara aid mətbəx, sanitar qovşağından İddiaçı1 uşaqları ilə birlikdə, digər 3 otağı və həmin otaqlara aid mətbəx, sanitar qovşağından isə cavabdehlər istifadə edir. Lakin cavabdehlər evdən çıxmaları üçün iddiaçıları təhdid edir, narahatçılıq yaradırlar. Buna görə də, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Sonda İddiaçı1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(001)- 2156/2021 saylı qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh1 oğlu ilə Xanbabayeva (Məlikova) Kəmalə Qara qızı 25 oktyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 27 avqust 2002-ci il təvəllüdlü İddiaçı2, 06 yanvar 2009-cu il təvəllüdlü X3 və 06 iyul 2016-cı il təvəllüdlü X4 adlı uşaqları vardır. Həmin qətnamə ilə İddiaçı1 ilə Cavabdeh1 arasındakı nikahın pozulması, birgə nikahlarından olan 2 yetkinlik yaşına çatmamış uşaqların analarının yanında saxlanmaları qərara alınmışdır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasındakı nikah 05 iyul 2021-ci il tarixdə pozulmuşdur. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdır. - "xxxx" ASC-nin abunə haqqında məlumatlarından görünür ki, iddia tələbində göstərilən mənzil üzrə İddiaçı1 abunəçi kimi 2005-ci ildən qeydə alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: (13.1.1.) yaşayış evi, yaşayış evinin hissəsi; (13.1.2.) mənzil, mənzilin hissəsi; (13.1.3). otaq; (13.1.4.) bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Məhkəmə qeyd edir ki, İddiaçı1 ən azı 2005-ci ildən iddia tələbində göstərilən mənzildə yaşaması işin mübahisəsiz halıdır. İddiaçı1 ilə Cavabdeh1 arasındakı nikah 2021-ci ildə pozulmuş və həmin vaxtadək onlar uşaqları ilə birlikdə ailə olaraq həmin evdə yaşamışlar. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, onların birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqların analarının yanında saxlanması qərara alınmışdır. Müəyyən olunur ki, hazırda iddia ərizəsində göstərilən yaşayış sahəsi 5 otaqlı fərdi yaşayış evidir, evin 2 otağı həmin otaqlara aid sanitar qovşaq və mətbəxlə birlikdə iddiaçıların, 3 otaq isə həmin otaqlara aid sanitar qovşaq və mətbəxlə birlikdə cavabdehlərin istifadəsindədir. Yəni, tərəflərin evdən bir-birilərinə maneə törətmədən istifadə qaydalarının müəyyən edilməsi mümkündür. Hazırkı halda İddiaçı1 və onun yetkinlik yaşına çatmış övladı İddiaçı2 həmin yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə etməkdə haqlı olmuşdurlar. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı evin 2 otağı, həmin otaqlara aid olan mətbəx və sanitar qovşağından ibarət hissəsinə İddiaçı2, İddiaçı1 və onun himayəsində olan 06 yanvar 2009-cu il təvəllüdlü X3 və 06 iyul 2016-cı il təvəllüdlü X4 adlı uşaqlarının istifadə qaydası müəyyən edilməklə onların istifadəsində saxlanılmalı, həmin hissədən istifadəyə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 5 otaqlı evin 2 otağı, həmin otaqlara aid olan mətbəx və sanitar qovşağından ibarət hissəsi İddiaçı2, İddiaçı1 və onun himayəsində olan 06 yanvar 2009-cu il təvəllüdlü X3 və 06 iyul 2016-cı il təvəllüdlü X4 adlı uşaqlarının istifadəsində saxlanılmaqla həmin hissədən istifadəyə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar