Məhkəmə qərarları › İş №2(001)-6539/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6539/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6539/2021 23.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10.08.2016-cı il tarixində idarə etdiyi Tofash Şahin markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Hyundai” markalı, H019446 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, Hyundai markalı, H019446 dövlət qeydiyyat nişanlı avtomobilə görə 1900 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh 10.08.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etmək hüququnun olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də, Cavabdeh mülkü hüququ pozuntusu nəticəsində vurduğu ziyanın əvəzi olaraq ödənilmiş 1900 manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 16.08.2016-cı il tarixli, 9/16 3519 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halının təfərrüatları barədə arayışda göstərilmişdir ki, Binəqədi RPİ-nin DYPŞ bildirir ki, 2016-cı il 10.08 tarixdə saat 16:15 dəqiqədə Binəqədi-Novxanı yolunda toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs qismində hadisə baş verən zaman avtomobili müvafiq sənədlər olmadan idarə edən Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh Binəqədi RPİ-nin DYPŞ-nin rəisi polis polkovnikleytenantı Cavanşir Ələkbərova verdiyi izahatda aşağıdakılar göstərilmişdir: “10.08.2016-cı il tarixdə 16:15 radələrində idarə etdiyim Tofaş markalı 90KJ379 nömrəli avtomaşınla Binəqədi-Novxanı yolu ilə Binəqədi tərəfdən Novxanı tərəfə hərəkət edirdim. Yem dükanının qarşısına çatdıqda qarşımda hərəkət edən maşını yavaş hərəkət edən görəndə ötmə əməliyyatı edərkən qarşımdan gələn Hyundai markalı maşına toqquşdum”. İş materiallarında olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 22.08.2016-cı il tarixli Hesabatdan görünür ki, Hyundai markalı, H019446 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1900 manat zərər dəymişdir. İş materiallarında olan 25.08.2016-cı il tarixli, 030101 saylı sığorta aktından görünür ki, Tofaş Şahin markalı, 90KJ379 dövlət qeydiyyat nişanlı avtomobilin Hyundai markalı, H019446 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində Hyundai marakı avtomobilə 1900 manat məbləğində zərərin dəyməsi texniki ekspertiza nəticəsində hesablanmış və həmin məbləğ zərərçəkmiş tərəfə ödənilmişdir. İş materiallarında olan 30.08.2016-cı il tarixli, 3457 saylı Məxaric xəzinə orderindən görünür ki, 1900 manat məbləğində sığorta ödənişini etibarnamə əsasında X4 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06.10.2021ci il tarixli cavab məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, Cavabdeh 18.07.2018-ci il tarixdə AD 196579 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, yol-nəqliyyat hadisəsi 10.08.2016-cı il tarixdə baş vermiş, həmin vaxt Tofaş Şahin markalı, 90KJ379 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh sürücülük hüququ olmamışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, “Hyundai HD-35” markalı H019446 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 1900 manat sığorta ödənişi Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. “Hyundai HD-35” markalı H019446 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 1900 (min doqquz yüz) manat sığorta ödənişi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 (sıfır manat qırx qəpik) manat ödənilmiş xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar