Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6632/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin uşağına dayə kimi baxmış, onu saxlamağa görə şifahi əqdləri əsasında hər ay dayə haqqı olaraq ona 350 manat ödəməyi öhdələrinə götürmüşlər. Bundan başqa iddiaçı cavabdehlərə 1050 manat dəyərində qızıl-zinət əşyaları vermiş və onlar qızı-zinət əşyalarına görə ona sonuncu dəfə 10.08.2021-ci il tarixdə 100 manat verdikdən sonra qalan 350 manatı ödəməyəcəklərini bildirmişlər. Cavabdehlər şəxsiyyət vəsiqələrini iddiaçıya verib, demişlər ki, tezliklə borcunu qaytarıb, şəxsiyyət vəsiqələrini geri alacaqlar. Lakin nə borclarını qaytarmırlar, nə də ki, şəxsiyyət vəsiqələrini gəlib götürmürlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26.08.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin elektron ünvanına idda ərizəsinə etirazla müraciət etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 1050 manat dəyərində olan qızıl-zinət əşyalarının pulu tam şəkildə ödənilmiş, cavabdehlərin iddiaçıya heç bir borcu yoxdur. İddiaçı ilə onlar arasında dayə xidmətinə dair hər hansı müqavilə bağlanmamış, iddiaçı onlara dayə kimi xidmət göstərməmişdir. İddiaçının tələb etdiyi 350 manat onlara dayə kimi xidmət etdiyi ayın puludur, qızıl-zinət əşyalarının qalan dəyəri deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, cavabdehlərin evində dayə işləmiş, eyni zamana onlara 1050 manat məbləğində qızıl-zinət əşyalarını vermişdir. Həmin qızıl-zinət əşyalarına görə cavabdehlər borcun çox hissəsini ödəsələr də, 350 manat borcları qalmışdır. İlkin olaraq qızıl-zinət əşyalarını götürəndə şəxsiyyət vəsiqələrini ona vermişlər ki, borc tam ödənildikdən sonra qaytarsın. Buna baxmayaraq, borcu bu günədək ödəməmişlər və cavabdehlərin şəxsiyyət vəsiqələri də onda qalmışdır. O, həmin şəxsiyyət vəsiqələrini iddia ərizəsinə əlavə etmişdir. Eyni zamanda Cavabdeh1 öz adından qəbz yazıb imzalamışdır ki, 21.06.2021-ci il tarixdə 1050 manat ödəniş verəcək. Bundan əlavə onun Cavabdeh1 ilə whatsapp tətbiqi vasitəsilə mütəmadi olaraq yazışması olub və sonuncu dəfə Cavabdeh1 ona əvvəlki məhkəmə iclasından öncə - 24.09.2021-ci il tarixdə yazmış, ondan bank kartının şəklini istəmiş və 29.09.2021-ci il tarixədək 350 manat qalmış borcu iki dəfəyə (150+200) ödəyəcəyini bildirmişdir. O, bank kartının şəklinin Cavabdeh1 göndərsə də, cavabdehlər borcu ona ödəməmişlər. Hal-hazırda onun səhhətində ciddi problemlər var, ayağı zədəlidir və təcili surətdə müalicə almalıdır. Borcunun ona qaytarılmaması onu pis vəziyyətdə qoyub. Cavabdehlət məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki (iddia və etiraz ərizələrində qeyd olunanlara əsasən), iddiaçı cavabdehlərə 1050 manat dəyərində qızıl-zinət əşyalarını dəyəri ödənilmək şərtilə vermişdir. İddiaçı həmin puldan 350 manat borcun ödənilməməsini, cavabdehlər isə borcun tam olaraq ödənilməsini qeyd edirlər. İş materiallarında olan 19.06.2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh1 1050 manat məbləğində pulu 21.06.2021-ci ilədək ödəniləcəyini imzası ilə təsdiq etmişdir. Pulun ödənilməsinə dair hər hansı başqa qəbz iş materiallarında mövcud deyil. Eyni zamanda iş materiallarına cavabdehlərin şəxsiyyət vəsiqələri əlavə edilmiş və iş materiallarına əlavə edilmiş whatsapp tətbiqindən çıxarışlardan görünür ki, şəxsiyyət vəsiqələrinin borc qaytarıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləlilklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən - Cavabdeh1 münasibətdə təmin edilməli və 350 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarında olan əlyazma qəbz Cavabdeh1 adından yazılmış və imzalanmış, bundan əlavə whatsapp tətbiqi vasitəsilə yazışmalar da Cavabdeh1 istifadəsində olan ***- ***-**-** nömrəsi ilə aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 350 (üç yüz əlli) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6632/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6632/2021
07.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver