Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6648/2021 18.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2500 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Digər tərəfdən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosesual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prossesual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-in 9-cu, 14.1-ci maddələri). Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən cavabdehin rəsmi qeydiyyata alındığı ünvan barədə məlumatı təsdiq edən sənədlərin olması müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsində belə cavabdehin ümumi olaraq Binəqədi rayonu ərazisində yaşadığını qeyd etmiş və cavabdehin konkret ünvanı və ya şəxsiyyətini müəyyən etməyə imkan verən digər məlumatları barədə hər hansı qeyd aparmamışdır. Həmçinin elektron məhkəmə informasiya sistemindən cavabdeh kimi qeyd olunmuş Cavabdeh barədə məlumat əldə edilə bilməmişdir. Belə olduğu təqdirdə iddia ərizəsinin və əlavə olunmuş sənədlərin surətinin cavabdehə göndərilməsi, cavabdehin məhkəmə iclasına çağırılması, məhkəmə aktlarının cavabdehə təqdim edilməsi barədə mülki-prosessual qanunvericiliyin məhkəmənin üzərinə qoyduğu vəzifələrin həyata keçirilməsi mümkünsüz olur. Bu isə məhkəmə icraatının birtərəfli həyata keçirilməsi və mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulması deməkdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(008)-5717/2021 saylı qərardadında iddia ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməli olması göstərilsə də, məhkəmənin həmin mövqeyi hazırki iddia ərizəsinin icraata qəbul edilməsi üçün əsas deyildir. Belə ki, prosessual qanunveriiclik(MPM 35) iddia ərizəsinin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olmasını müəyyən etmişdir. Lakin iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinə təqdim edilən zaman belə, iddiaçı cavabdehin rəsmi qeydiyyata alındığı ünvanı barədəhər-hansı sübut təqdim edilməmiş, cavabdehin ünvanının Binəqədi Rayonu ərazisindəyerləşdiyini göstərməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yer barədə məlumatlar əlavə edilməklə müvafiq ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər(dövlət rüsumu və.s) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6648/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6648/2021
18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver