Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6667/2021 21.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 18.01.2018-ci il tarixdə iki ildən çox tanıdığı Aqil adında şəxsin qardaşı Cavabdeh ilə tanış olmuş, Ziyəddin avtomobilə ehtiyacı olmasını, taksi fəaliyyəti göstərib ailəsini dolandıracağını ona deyib ondan avtomobilini etibarnamə ilə ona verməyini xahiş etmişdir. 20.01.2018-ci il tarixdə o, Mercedes Benz 290 markalı **-MF-*** qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh Bakı şəhərinin 43 saylı notarial ofisində təsdiq olunmuş etibarnaməyə əsasən vermiş, cavabdeh texniki cəhətdən avtomobili saz saxlayacağına, yol hərəkəti qaydalarını pozarsa və ya başqa cərimələr avtomobillə bağlı Dövlət qrumları tərəfindən təyin edilərsə, onda bu xərclərin hamısını ödəməyi öz öhdəsinə götürüb ödəyəcəyini bildirmişdir. O, avtomobillə bağlı bütün öhdəliklərə cavabdehin əməl edəcəyinə inandığından hər il ona avtomobillə bağlı notarial qaydada təsdiq olunan etibarnamə verməklə müddəti bir il artırmışdır. O, 01.06.2020-ci il tarixdə Bakı şəhərində təsadüfən Cavabdeh ilə rastlaşmış, Mercedes Benz 290 markalı avtomobilinin pis vəziyyətdə olmasını, sökülüb dağıldığını və qəza törədə biləcəyini görmüş, avtomobilini Yol Polis Xidməti portalının vasitəsi ilə yoxlayan zaman ona məlum olmuşdur ki, cavabdeh tərəfindən avtomobilin sığortası ödənilməmiş, avtomobil texniki baxışdan keçirilməmiş, 2224 manat ödənilməmiş cəriməsi yığılmışdır. O, 12.06.2020-ci il tarixdə cərimələrin ödənilməməsi, avtomobilin yararsız hala düşməsi ilə bağlı cavabdehlə görüşmüş, cavabdeh pis vəziyyətdə yaşamasını, maddi imkanının olmamasını, lakin bu çətinlikləri tezliklə yox edib avtomobilini təmir edib borclarını ödəyəcəyini demişdir. Bundan sonra uzun müddət onu aldadan cavabdeh onunla görüşmək üçün vaxt uzatmışdır. O, avtomobilinin yarasız vəziyyətdə olmasını bilib cavabdehin xəta törədəcəyinə şübhə edib 12.09.2020-ci il tarixdə avtomobilini cavabdehdən geri almışdır. Avtomobilini Xəzər-Lada ASC-nin Ağdaş filialında ustalara göstərmiş və onların vasitəsi ilə təmir etdirmişdir. Təmirlə bağlı ehtiyyat hissələrinə və zəhmət haqqı olaraq ondan 4150 manat tələb edilmiş, daha sonra qarşılıqlı razılığa əsasən o, avtomobilini 3155 manata təmir etdirmişdir. Hazırda o, cavabdeh tərəfindən yığılan cərimə borclarınə da ödəmək məcburiyyətindədir. Cavabdeh öz hərəkətləri ilə ona 5379 manat maddi ziyan, 800 manat mənəvi ziyan vurmuşdur. Ona görə də Cavabdeh müddi ziyana görə 5379 manatın, mənəvi ziyana görə 800 manatın, dövlət rüsumuna görə 30 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AD N № 126923 saylı 22.12.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 1997-ci il buraxılışlı Mercsdes Benz 290 minik markalı ** MF *** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 21.01.2019-cu il tarixli ƏN-İV № 766610 saylı etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Mercsdes Benz 290 minik markalı ** MF *** qeydiyyat nişanlı avtomobili 21.07.2020-ci il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir. Xəzər-Lada ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 26.09.2020-ci il tarixli aktdan müəyyən olunur ki, Mercedes-Benz 290 minik markalı **-MF-*** qeydiyyat nişanlı 1997-ci il buraxılışlı nəqliyyat vasitəsinin təmir xərclərinin dəyəri 3155 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10.11.2021-ci il tarixli 9/7304 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə Xəzər-Lada ASC-nin 26.09.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı Mercedes-Benz 290 minik markalı **-MF- *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə tarixinə təxminən 2755 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, 22.07.2018-ci il tarixdən 28.02.2020-ci il tarixədək olan dövr ərzində Yolçuyev X1-Benz 290 minik markalı **-MF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün barəsində tərtib olunan inzibati qərarlara əsasən cəmi 2256 manat cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehin istifadəsinə vermiş, sonuncu nəqliyyat vasitəsindən istifadə edərkən iddiaçıya 2755 manat maddi ziyan vurmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 2755 manat ziyan dəyməsi öz təsdiqini tapdığından iddia tələbi vurulmuş maddi ziyan tələbinə dair bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdeh barəsində tərtib olunmuş inzibati qəraralara görə təyin olunan cərimələrin cavabdehdən onun xeyrinə tutulması tələbi ilə bağlı qeyd edir ki, cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilindiyindən, təyin olunan cərimələr dövlət nəfinə ödənilməli olduğundan iddiaçının həmin məbləği öz xeyrinə tələb etmək hüququ yoxdur, ona görə də iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından iddia ərizəsi bu hissədə sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 2755 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2785 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6667/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6667/2021
21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver