Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6700/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh6 və digərlərinə qarşı “birgə mülkiyyətdə olan əmlakın paylara bölünməsi, payların natura qaydasında ayrılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh6 və digərlərinə qarşı “birgə mülkiyyətdə olan əmlakın paylara bölünməsi, payların natura qaydasında ayrılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 318a bağ sahəsinin ona 10/18 hissə, Cavabdeh3 1/18 hissə, Cavabdeh2 1/18 hissə, Cavabdeh7 1/18 hissə, Cavabdeh5 1/18 hissə, Cavabdeh6 1/18 hissə, Cavabdeh1 1/18 hissə, Cavabdeh4 1/18 hissə olmaqla natura qaydasında ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Prosessual normanın tələbindən aydın olur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına, başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, tikintinin, qurğunun, torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 318a bağ sahəsinin 10/18 hissəsinin ona, qalan hissələrinin isə cavabdehlərə münasibətdə natura qaydasında ayrılmasını xahiş edir və qeyd edir ki, ona aid bağ sahəsinin 10/18 hissəsinin natura qaydasında müəyyən edilməməsi onun mülkiyyətçi kimi hüquqlarını pozur. Göründüyü kimi, iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan iddiaçının hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Belə olan halda, mübahisəyə müstəsna aidiyyət qaydalarının tələblərinə riayət edilməsi, habelə mübahisə ilə bağlı gələcəkdə aparılacaq prosessual hərəkətlərin çətinliyinin aradan qaldırılması məqsədilə hazırki iddia tələbinə mübahisə predmeti olan bağ sahəsinin yerləşdiyi yer üzrə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumunun ödənilməsi barədə qəbzi də iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, **********92 nömrəli qəbzdən görünür ki, X1 tərəfindən ödənişin təyinatı “iddia predmetinə dair 3-cü şəxslərin işə qoşulması barədə - hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən” göstərilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin balansına 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia ərizəsinə əlavə olunmuş qəbzdə qeyd olunan şəxs iş üzrə tərəf deyil və iddiaçının adından hərəkət etmək səlahiyyətinin olması iş materialları (etibarnamə) ilə də öz təsdiqini tapmır, bundan əlavə qəbzdə ödənişin təyinatı da yanlış göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.11-ci bəndinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd edilən Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından və iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə hazırki iddia tələbi ilə bağlı mübahisəli bağ sahəsinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh6 və digərlərinə qarşı “birgə mülkiyyətdə olan əmlakın paylara bölünməsi, payların natura qaydasında ayrılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə hazırki iddia tələbi ilə bağlı mübahisəli bağ sahəsinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6700/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6700/2020
19.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver