Məhkəmə qərarları › İş №2(001)-6737/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6737/2025

07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6737/2025 07.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinədən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən 640 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin əsaslandırılmasına görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin MN ******* nömrəli, 26 fevral 2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində 900 (doqquz yüz) manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2141/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilməklə, 26 fevral 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması üçün həmin idarəyə göndərilməsi qərara alınmışdır. Daha sonra sözügedən qərardaddan cavabdeh orqan tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)- 2231/2025 nömrəli, xx.xx.2025-ci il (hakimi: Aqil Musayev) qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 3(005) 2141/2025 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda şikayəti ilə bağlı məhkəmə instansiyalarında təmsil olunması üçün (hüquqi yardım) çəkilən xərcin əvəzini tələb edir. İddia ərizəsi aşağıda qeyd edilən forma və məzmun tələbinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini digər ərizələrdən fərqləndirən cəhətlərdən biri də onun forma və məzmununun qanunla müəyyən edilməsidir. Aşağıda göstərilən prosessual normaların tələblərindən müəyyən olunur ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildiyi halda onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin forma və məzmununa əməl edilməsi, iddia ərizəsində iddiaçının tələblərinin aydın göstərilməsi, tələb yönəldilən tərəflərin dəqiq müəyyən edilməsi, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların qeyd edilməsi ilk növbədə mülki işlərə prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi daşıyır Lakin iddia ərizəsində bununla bağlı hər hansı əsaslandırma aparılmasa da, ehtimal edilir ki, iddiaçının arzuladığı hüquqi nəticə dövlət orqanlarının və ya onların vəzifəli şəxlərinin vurduqları zərərin əvəzinin ödənilməsidir(Mülki Məcəllə 1100). Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin cavabdeh kimi cəlb edilməsi anlaşılan olmadığı kimi, cavabdeh kimi cəlb edilmiş şəxsə yönəldilən tələbə dair əsaslandırma aparılmaması da prosessual qaydaya uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda iddiaçının nəzərinə çatdırılır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət- prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. İPM-in 1.1- ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar