Məhkəmə qərarları › İş №2(001)-6747/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6747/2023

28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6747/2023 28.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilələr üzrə öhdəliklərin icrası, mənzilin və qarajın sahibliyə verilməsi və maddi və mənəvi ziyan tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 20 mərtəbəli evin 2-ci blok, 2-ci korpusunun 6-cı mərtəbəsində ümumi sahəsi 184.3 kv.m dən ibarət, dörd otaqlı 91 saylı mənzilin, həmçinin həmin ünvanın, yəni ünvan 2ində yerləşən bir maşınlıq qarajın cavabdehdən alınıb ona verilməsi, onun həmin mənzilə köçürülməyi, həmin mənzildə yaşamağına və mənzil və qarajdan istifadə etməyinə cavabdeh tərəfindən yaradılmış suni maneələrin aradan qaldırılması, cavabdehdən 50000 manat məbləğində maddi ziyanın və 10000 manat mənəvi ziyanın, 10000 manat mənəvi ziyanın, habelə dövlət rüsumu ödənilmiş 270 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq o qənaətə gəlir ki, iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməli və iddiaçının nümayəndəsinə MPMnin 259.0.12-ci maddəsinin tələbi baxımından xəbərdarlıq edilsin. Belə ki, tələbin mahiyyəti mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması (negator iddia) ilə bağlı olduğundan, iddia müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerin məhkəməsinə verilməlidir. Hansı ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi bununla bağlı bildirdi ki, onun Binəqədi Rayon məhkəməsinə müraciət etməsini vəkil ona məsləhət görmüşdür. Onun dediyinə görə hüquqi şəxsə qarşı iddia onun olduğu yerə görə verilməlidir. Əksinə Nərimanov Rayon Məhkəməsində işin baxılması onun üçün daha münasib idi. Odur ki, qeyd edilən məsələnin həllini məhkəmənin mülahizəsinə buraxıram. Bundan əlavə məhkəmə iddiaçının nümayəndəsinin nəzərinə çatdırdı ki, onun iddia ərizəsini imzalamaq səlahiyyəti də olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Lakin iddia ərizəsi iddiaçının əri olan X2 tərəfindən imzalansa da, təqdim edilmiş etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Halbuki MPM-nin 259.0.12-ci maddəsində göstərilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 150.1.3-cü maddəsində göstərilmişdir ki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.3-cü maddəsində qeyd edilmişdir ki, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bununla yanaşı “Ərizənin baxılmamış saxlanılması haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. İddiaçının nümayəndəsi həmin məsələ barədə bildirdi ki, iş Nərimanov Rayon Məhkəməsində baxıldığı zaman ya iddiaçının özünü, ya da qeyd edilən məzmunlu, yəni həm iddia ərizəsini imzalamaq, həm də məhkəmədə nümayəndə qismində çıxış etmək səlahiyyəti əks olunan etibarnamə təqdim edəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğundan və mülki işin ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edildiyindən mülki iş baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 33-45-ci, 263- 264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilələr üzrə öhdəliklərin icrası, mənzilin və qarajın sahibliyə verilməsi və maddi və mənəvi ziyan tələbinə” dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. İddiaçının nümayəndəsinə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi barədə xəbərdarlıq edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar