Məhkəmə qərarları › İş №2(103)-5109/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5109/2025

22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5109/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(006)-2473/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra cavabdeh) arasında yaranmış müqavilə münasibətləri çərçivəsində cavabdeh tərəfindən iddiaçıya bank hesabı açılmaqla kredit (kredit xətti) verilmiş, ona kredit və ayrıca debet kartları təqdim edilmişdir. Həmin münasibətlər çərçivəsində iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin standart şərtlərini, o cümlədən şərtlərdə təsbit edilmiş cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borclarını və cərimələri onun sərəncamı olmadan, akseptsiz qaydada onun bankda olan hesabından tutulması, onun müqavilə əsasında əmələ gəlmiş pul öhdəliklərini icra etmədiyi halda, onun bankda açılmış hesablarından bu pul öhdəliyini bu fəslin 2.9-cu bəndinə uyğun ardıcıllıqla akseptsiz qaydada silməsi hüquqlarını qəbul etmişdir. xx.xx.2025-ci il tarixində PKD gələn mailə əsasən 4.991,37 manat vəsait iddiaçının bir hesabından digər hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bank tərəfindən əsassız olaraq debet kartından silinmiş 4.991,37 manat vəsaitin onun hesabına qaytarılması, qətnamə icra edilənədək həmin vəsaitə illik 7 % olmaqla depozit və 5% olmaqla dəbbə pulu bankdan tutularaq ona ödənilməsi, bankın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 1.000 manat kompensasiyanın ödənilməsi, gələcəkdə onun razılığı olmadan hesablarından vəsaitin silinməsinin qarşısının alınması üçün bankın üzərinə müvafiq öhdəliklərin qoyulması, qanusuz olaraq hesablarına müdaxilə etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsi və ödənilmiş məhkəmə rüsumu və məhkəmə xərclərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, “X13” ASC tərəfindən emitent kimi buraxılmış debet kartının sahibidir. Müvafiq bank müqaviləsinə əsasən bu kartda olan vəsaitlər üzərində sərbəst şəkildə istifadə hüququ mövcuddur. Həmçinin həmin kartdakı qalıq məbləğə illik 7% olmaqla əlavə depozit faizi hesablanır. Lakin xx.xx.2025 tarixində bank tərəfindən onun xəbəri və razılığı olmadan debet kartından 4.991,37 manat silinmişdir. Bankla apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həmin vəsait digər hesabda yaranmış overdraft borcunun ödənilməsi üçün PKD-nin məktubu əsasında qanusuz olaraq silinmişdir. Lakin o bankla bu borcun debet kartından tutulması barədə heç bir müqavilə və ya razılaşma imzalamamışdır. Həmin borcun yaranması və ya ödənilməsi tələbi ilə bank bu günədək ona xəbər verməmiş və məhkəməyə müraciət etməmişdir. Bank onun razılığı olmadan debet hesabından vəsait çıxmaq hüququna malik deyil. Bu qanunsuz əməliyyat nəticəsində ona maddi ziyan dəymiş və bankın qeyri-qanuni hərəkətləri ona mənəvi narahatlıq yaşatmışdır. Bankın birtərəfli qaydada ona məxsus vəsaiti silməsi qanunsuz zənginləşmə kimi qiymətləndirilməli və dərhal aradan qaldırılmalıdır.

4. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, qeyd edilən borc overdraft borcu olduğu üçün Azərbaycan Kredit Bürosunda əks olunmur. Müqavilənin şərtlərinə əsasən Bankın aksetsiz qaydada borcu silmək hüququ vardır. Bu səbəbdən iddia əsassızdır və rədd edilməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 2473/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim: X5).

6. Məhkəmə iddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, borcun akseptsiz silinməsi tərəflərin müqavilə ilə əvvəlcədən razılaşdırdığı hal kimi qiymətləndirildiyindən, bu əməliyyat birtərəfli hüquqpozma yox, müqavilə öhdəliyinin icrasıdır. Belə olan halda, cavabdehin hərəkətlərində nə qanunsuz zənginləşmə, nə də mülkiyyət hüququnun pozulması əlamətləri müşahidə olunmur. İddiaçının razılığı olmadan vəsaitin silinməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz, çünki bu hal müvafiq müqavilə şərtləri əsasında və borcun bağlanması məqsədilə həyata keçirilmişdir. Həmçinin, iddiaçı tərəfindən bu borcun hüquqi əsasının olmadığı və ya silinmiş vəsaitin zərər doğurduğu barədə sübut da məhkəməyə təqdim olunmamışdır.

7. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığından, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz.

8. Məhkəmə iddianın xüsusi qərardadın çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırki işdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının hesablarına müdaxilələr qanusuz hesab edilmədiyindən, iddia bu hissədə də rədd edilməlidir.

9. Məhkəmə iddianın digər hissələrinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən maddi və mənəvi zərərin ödənilməsi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alınaraq təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-77-ci, 119.1-ci, 217-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesləri zamanı nəinki qarşı tərəf etiraz belə verməmiş, xx.xx.2025 11:20 tarixində keçirilən baxış iclasında iştirak etməmişdir. Həmin iclasda onun tərəfindən məhkəməyə Bankın iddia etdiyi "overdraft" borcun və digər borcların bu günədək heç bir məlumatlandırılmaması, bu hal üzrə bank tərəfindən məhkəməyə müraciəti olunmaması, hətta Mərkəzləşmiş kredit reyestrində belə görünmədiyi diqqətə çatdırılmışdır. Hakim qərar elanı üçün prosesin xx.xx.2025 tarixinə saat 09:15 təyin edilməsini və onun iştirakına ehitiyac olmadığını bildirməklə prosesi yekunlaşdırmışdır. Lakin növbəti gün xx.xx.2025 tarixində saat 11:00 ərəfələrində EMS-ə cavabdeh tərəfindən etiraz yüklənməsi, həm prosessual pozuntu olmaqla həm də bəzi əsaslı şübhələrin ortaya çıxmasına səbəb olur. Etirazda overdraftın kredit olmaması səbəbindən MKR-də görsənməməsi qeyd edilsə də, hüquqi olaraq overdraft krediti adlanan bu maliyyə alətinin də məhz kredit olması qanunvericiliklə qeyd edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; əvvəlki redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür; 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın hər hansı formada (tam və ya qismən) təmin edilməsinə əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış müqavilə münasibətləri çərçivəsində cavabdeh tərəfindən iddiaçıya bank hesabı açılmaqla kredit (kredit xətti) verilmiş, ona kredit və ayrıca debet kartları təqdim edilmişdir. Həmin münasibətlər çərçivəsində iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin standart şərtləri”ni, o cümlədən şərtlərdə təsbit edilmiş cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borclarını və cərimələri onun sərəncamı olmadan, akseptsiz qaydada onun bankda olan hesabından tutulması, onun müqavilə əsasında əmələ gəlmiş pul öhdəliklərini icra etmədiyi halda, onun bankda açılmış hesablarından bu pul öhdəliyini bu fəslin 2.9-cu bəndinə uyğun ardıcıllıqla akseptsiz qaydada silməsi hüquqlarını qəbul etmişdir.

23. İddiaçı cavabdeh tərəfindən göstərilən xidmətlərə uyğun olaraq ona verilmiş debit kartından istifadə edilmiş, eyni zamanda, cavabdeh tərəfindən yaradılmış imkanlara uyğun olaraq bu kart vasitəsi ilə müəyyən məbləğlər həddində bankın öz vəsaitindən də yararlanmışdır. Nəticədə cavabdehə aid olan 4.991,37 manat məbləğində vəsaiti xərcləmiş iddiaçının həmin məbləğin cavabdehə qaytarılması öhdəliyi yaranmışdır. Bu hal iş materiallarında olan hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapır (məsələn, i.v. 5- 6). Qeyd edilənlər öz növbəsində tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun olaraq həmin məbləğin cavabdeh tərəfindən iddiaçının Bankda olan digər hesabından (debet kartından) silinməsini hüquqi baxımdan mümkün edir.

24. Bununla belə, cavabdeh iddiaçıya münasibətdə hər hansı hüquqazidd hərəkətə yol verməmiş, aralarında olan müqavilə münasibətlərinə, o cümlədən iddiaçının qəbul etdiyi şərtlərə əsaslanaraq, iddiaçı tərəfindən debet kartı üzrə istifadə edilmiş ona məxsus vəsaitə bərabər məbləğdə vəsaiti iddiaçının digər debet kartından öz xeyrinə silmişdir. Hüquqi nəticə etibarı ilə bu qaydada iddiaçının cavabdeh qarşısında yaranmış öhdəliyinin icrası təmin edilmişdir. Bu səbəbdən cavabdehin hərəkətləri qanunsuz hesab edilə bilməz. Həmin məbləğin qaytarılması ilə bağlı iddiaçının tələbi və bununla bağlı apellyasiya şikayəti üzrə irəli sürülmüş dəlillər əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçı hesabdan çıxarış məlumatlarında əks olunmuş 4.991,37 manat məbləğində pul vəsaitinin hansı səbəbdən mənfi (-4.991,37) vəsait kimi göstərilməsinə ümumiyyətlə hər hansı aydınlıq gətirmir, bunu görməzdən gəlir. Hər bir halda, bu vəsait iddiaçıya məxsus olan və cavabdehə aid olmayan vəsait olsa idi, onun istifadəsi nəticəsində iddiaçının balansında mənfi məbləğ kimi göstərilməzdi.

25. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, xx.xx.2019-cu il tarixli, ******* saylı “Fiziki şəxslərə kredit (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya verilmiş 5.000 manat məbləğində kreditin sonradan iddiaçı tərəfindən qaytarlmasının (cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən qeyd edilən kredit xətti üzrə borc tam ödənilmiş və kredit xətti ləğv edilmişdir) hazırda iddiaçı tərəfindən qanunsuz və əsassız olaraq silinməsi iddia edilən 4.991,37 manat pul vəsaitinə hər hansı aidiyyəti yoxdur.

26. Məhkəmə kollegiyası “pulun hesaba qaytarılması” tələbinin əsas, digər tələblərin isə bu tələbə münasibətdə törəmə tələb olduğunu və onların təmin edilib-edilməməsinin bilavasitə bu tələbin təmin edilib-edilməməsindən asılı olduğunu, əsas tələbin də təmin edilməsi üçün hər hansı əsasın olmadığını nəzərə alıb, belə qənaətə gəlir ki, digər tələblər də əsassızdır və təmin edilə bilməz.

27. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2473/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar