Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-68/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən hissəsinə dair kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən hissəsinə dair kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən 13,9 kvadrat hissəsinə görə 34000 manat kompensasiya və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci il tarixdə Yasamal rayonunda faktiki yaşadığı ünvanda 5 mərtəbəli binada yaşamışdır. Sonradan binanın sökülmə prosesi zamanı binanın yerində Cavabdeh adlı adlı tikinti şirkəti yeni binanın tikiləcəyini və onlara müqavilə əsasında yeni mənzillərlə təmin olunacaqlarını bildirmişlər. Müqavilədə iddiaçıya 132,8 kv.m sahəsi olan mənzil verilməsi nəzərdə tutulurdu. Mənzil təhvil verilmişdir və hazırda iddiaçı orada yaşamaqdadır. Lakin, daha sonra mənzilə mülkiyyət hüququ haqqında çıxarış alarkən məlum olmuşdur ki, həmin mənzilin sahəsi 132.8 kv.m yox 127.2 kv.m-dir. Lakin, bu da düzgün göstərici deyil. Belə ki, iddiaçı mənzilin ölçülməsi ilə bağlı Əmlak Komitəsinə ərizə yazaraq müraciət etmişdir. Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılaraq mənzilin 125.1 kv.m olduğu hesablanmış, amma arayışda ölçü göstərməyərək sadəcə göstərilənlərlə uyğunluq təşkil etdiyini bildirdilər. Müqavilədə və çıxarışda göstərilən ölçülərdə fərq yarandığından iddiaçı yaranmış problemi həll etmək məqsədilə cavabdehə dəfələrlə müraciət etmiş, danışıqlar aparmış, lakin, bir nəticə əldə etməmişdir. Sonradan iddiaçı tərəfindən qanunla hesablama qaydalarına uyğun aparılmış hesablama nəticəsində ona verilmiş mənzilin 118.9 kv.m olduğu qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, tikinti şirkəti Cavabdeh MMC ünvan 2 ünvanda yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə eyni ünvanda yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 132.8 kv.m tam təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi, həmçinin müvəqqəti olaraq başqa ünvanda yaşama ilə bağlı kirayə haqlarını, həmçinin hazırki mənzildən digər ünvana köçürmə ilə bağlı xərcləri ödəməyi, əmlak mülkiyyətçisi isə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 70 kv.m ibarət yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil verməyi öhdələrinə götürürlər. - xx.xx.2019-cu il tarixli Əsas müqaviləyə əlavə və dəyişikliklər haqqında sazişə əsasən, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, giriş 2, mərtəbə 9, sahəsi 132.8 kv.m olan 119 saylı mənzili təmirsiz olaraq mənzil mülkiyyətçisi olan İddiaçı təhvil verilir. Qeyd olunan mənzil təmirsiz verildiyinə görə mənzil mülkiyyətçisinə 27000 manat kompensasiya ödənilir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan və “Texniki Pasport”dan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mən 119 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 560, M9, m5) ünvanında yerləşən 127.20 kv.metr sahəli mənzil 10 mart 2021-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2019-cu il tarixli təhvil-təslim aktınan görünür ki, tikinti şirkəti Cavabdeh MMC inşa etdiyi binada 2-ci blok, 9-cu mərtəbədə yerləşən, 3 otaqlı sahəsi 132,8 kv.m olan 119 saylı mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verir və yaşayış mənzili təmirsiz verildiyinə görə əlavə kompensasiya şəklində 27000 manat pul ödəyir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/255 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsi 115,5 kv.m olduğu müəyyən edilmişdir. - təkrar ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri) habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi də daxil olmaqla mənzilin ümumi sahəsinin 114,62 kv.m olduğu müəyyən edilmişdir. - təkrar ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,5 kv.m olduğu müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: -Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. -Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. -Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. -Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. - Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: -Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” Bənd 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müvafiq iddia tələbini irəli sürür; cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Hazırkı işdə iddiaçı mübahisəli hala dair sübut təqdim etməmiş, mənzili təhvil aldıqdan sonra ölçdüyü zaman onun ölçüsünün müqavilədə nəzərdə tutulduğundan az, yəni 118,9 kv.metr olduğunu müəyyənləşdirdiyini göstərmişdir. Məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,5 kv.m olduğu müəyyən edilmişdir. İddiaçı tələbində mənzilinin ölçüsünün müqavilədə nəzərdə tutulandan az olmasını daşınmaz əmlakın reyestrindən çıxarış alandan sonra bildiyini göstərmiş və tələbini məhz bununla əsaslanmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 127,20 kv.m (çıxarışa əsasən) təşkil edir. Divaraltı sahələr, sütunlar şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 133,5 kv.m (ekspert rəyinə əsasən)olduğu müəyyən edilir. Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışı əsasında sahəsi ilə həmin mənzilin Cavabdeh MMC tərəfindən verilmiş layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərq 5,6 kv.metr (132,8kv.m(müqavilə üzrə verilməli olan)- 127,20 kv.m= 5,6 kv.m)təşkil edir. Sahələrin fərqli olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır. Göründüyü kimi iddiaçının tələbinin əsası kimi irəli sürdüyü faktiki hallar sübut olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarış hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən hissəsinə dair kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-68/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-68/2023
18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver