Məhkəmə qərarları › İş №2(001)-6810/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6810/2022

20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6810/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan mənzili satıb həyət evi almaq istəyirdi. İddiaçı qızları ilə birlikdə Sulutəpə qəsəbəsinə ev almaq ücün getdikdə, həmin qəsəbədə dəmir qapının üzərində təcili ev satılır elanını görmüşdür. Elanda yazılmış mobil telefon nömrəsinə zəng etdi və telefonu Cavabdeh götürdü. Cavabdehlə danışdıqdan sonra evə baxmaq ücün Sulutəpə qəsəbəsi 12-ci döngədə yerləşən evə baxmağa getdilər. Cavabdeh oglu, iddiaçı və qızları evə baxdıqdan sonra evi 70000 manata satdığını bildirdi. Cavabdehlə qiymətdə razılaşmadılar. Bir müddət keçdikdən sonra Cavabdeh ona zəng edərək evin qiymətini aşağı saldığını bildirdi. Onlar Cavabdeh ilə görüşərək evlə bağlı danışdılar. Şifahi danışıqları belə oldu ki, iddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan mənzili sata bilsə, cavabdehin evini alacaq. Yəni cavabdehin evini öz mənzilini satacağı halda alacağını şifahi şərtləşdirmişlər. Cavabdeh iddiaçıdan 1000 manat pul istədi ki, evin alqı-satqısında məbləğdən çıxar. İddiaçı ona dedi ki, əgər mənzilini sata bilməsə necə olacaq, cavabdeh də ona bildirdi ki, narahat olmasın evini cox adam istəyir evi satıb 1000 manat pulu qaytaracaq. İddiaçı cavabdehi incik salmamaq üçün 1000 manat pulu qızlarının və cavabdehin ailəsinin yanında Cavabdeh verdi. Çox keçmədi ki, bildi ki, cavabdeh həmin Sulutəpə qəsəbəsi 12-ci döngə yerləşən evi başqa şəxsə satıb. Bunula bağlı cavabdehə zəng etsə də, onun zənglərinə cavab vermədi. Cavabdehin anası telefonlara cavab versə də hər dəfə pulu qaytaracağına söz versə də hər dəfə iddiaçını aldadırdı ki, bu gün-sabah düzələcək. İddiaçı da belə başa düşdü ki, onlar onu aldadıb, 1000 manat pulunu ələ keçirib. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, ilin əvvəlində özünə məxsus mənzili satmaq və həyət evi almaq qərarına gəldi və Sulutəpə qəsəbəsində evlərə baxmağa başladı. Həmin ərazidə bir darvazanın üzərində cavabdehin nömrəsini gördülər, zəng eləyib evə baxmağa getdilər. Evə girəndə gördülər ki, artıq əşyaların bir hissəsi yığılıb və ev yiyələri köçməyə hazırlaşır. Ev xoşuna gəldi, lakin cavabdehlə qiymətdə razılaşa bilmədilər. Sonradan cavabdeh onunla evə baxmağa gedən qohumuna zəng elədi və dedi ki, 69000 manata razılaşmaq olar. Ev xoşuna gəldiyinə görə razılaşdı, lakin dedi ki, ancaq mənzili satılsa evi ala biləcək. Cavabdeh ondan 1000 manat pul istədi, o da əvvəl vermək istmədi ki, birdən evi satılmaz, lakin cavabdeh dedi ki, narahat olmasın, hər bir halda pulunu qaytaracaq. Elə danışdılar ki, iddiaçı evin dəyərinin 1000 manatını indi verəcək, 68000 manatını isə öz mənzili satıldıqdan sonra. Lakin bir müddət sonra Ukrayna ilə Rusiya arasında müharibə başladı, bu da Bakıdakı əmlak bazarına təsir etdi. Mənzil satılmırdı. İki həftə sonra iddiaçı cavabdehə zəng elədi və dedi ki, mənzili satılmır, alqı-satqı baş tutmayacaq. Cavabdeh də ona dedi ki, pulundan narahat olmasın, ev başqa şəxslərə satılan kimi 1000 manatı ona qaytaracaq. Bir müddət sonra iddiaçı bildi ki, cavabdeh evi artıq satıb, lakin pulu qaytarmaq kimi fikri yoxdur. Onunla bir neçə dəfə telefonla danışdıqdan və evinə getdikdən sonra, artıq anası dedi ki, cavabdehlə danışmasınlar, pulu özü qaytaracaq. İddiaçı cavabdehin anasının sözünə inandı və bir müddət də gözlədi. Lakin sonradan cavabdehin anası da zənglərə cavab vermədi və o, polisə müraciət etmək məcburiyyətdində qaldı. Polisdə müəyyən araşdırma aparıldıqdan sonra ona bildirdilər ki, bu mülki mübahisədir və o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, özünə məxsus evi satıb Polşaya köçüb getmək fikrində idi. İddiaçının qohumu onunla əlaqə saxladı və dedi ki, evini iddiaçıya aldıracaq, amma o da ona 500 manat pul verməli olacaq. İddiaçı qızı və həmin qohumu ilə gəlib evə baxdılar, evi bəyəndilər. Evin qiymətini 69000 manata razılaşdırdılar. İddiaçı ona dedi ki, öz evini gərək satsın ki, bu evi ala bilsin. Belə razılaşdılar ki, 1000 manat məbləğində pulu indi beh olaraq verəcək, qalan 68000 manatı isə evi satılandan sonra. Bir müddət sonra iddiaçı ona zəng elədi və dedi ki, evi satılmır və 1000 manatını geri istədi. O, pulu qaytarmağa razılaşdı, lakin həmin 1000 manatın 500 manatını iddiaçının qohumuna verdiyinə görə, pulu dərhal qaytara bilmədi. İddiaçının qohumu ondan dönə-dönə xahiş edirdi ki, iddiaçı 500 manatın ona verilməsini bilməsin. O da iddiaçıya bu barədə demədi, lakin məcbur oldu ki, 500 manatın ona qaytarılmasını gözləsin. İddiaçının qohumu bir müddət sonra həmin 500 manatı ona qaytardı. Həmin müddət ərzində iddiaçı dəfələrlə onun qapısına müxtəlif insanlarla gəlib pulunu tələb edirdi. Növbəti dəfələrdə gələndə o, arvadı və uşaqlarının yanında iddiaçıya iki dəfə 400 manat, cəmi 800 manat pul qaytarıb. Pulu qaytaranda iddiaçıya hər hansı qəbzə imza etdirməyib. Belə ki, iddiaçı da ona 1000 manat məbləğində pulu verəndə hər hansı sənədə imza etdirməmişdir. Hal-hazırda onun iddiaçıya 200 manat borcu qalıb. Onu da qaytarmaqdan boyun qaçırmır. İddiaçı bu iddia ərizəsi ilə ona görə məhkəməyə müraciət edib ki, pul ona gec qaytarıldı. Hal-hazırda o, evini başqa adamlara satıb. Evini satandan sonra iddiaçıya pulu dərhal ona görə qaytarmadı ki, ailəsində müəyyən qarışıqlıq oldu, anası yatağa düşdü. 200 manatı iddiaçıya qaytarmağa hazırdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirdi ki, iddiaçı onun anasıdır. Anası özünə məxsus mənzili satıb həyət evi almaq istəyirdi. Cavabdeh məxsus evə baxmağa o, anası ilə birlikdə getmişdir. Ev xoşlarına gəldi, lakin əvvəl qiymətdə razılaşmadılar. Sonradan cavabdeh zəng elədi və dedi ki, evi 69000 manata satmağa razıdır. Anası 1000 manat pulu cavabdehə verdi və belə razılaşdılar ki, qalan 68000 manat anasının evi satıldıqdan sonra veriləcək. Lakin ev satılmırdı. İki həftə sonra anası cavabdehə zəng elədi və dedi ki, evi satılmır, alqı-satqı baş tutmayacaq. Cavabdeh də ona dedi ki, pulundan narahat olmasın, ev başqa şəxslərə satılan kimi 1000 manatı ona qaytaracaq. Bir müddət sonra anası öyrəndi ki, ev satılıb, lakin buna baxmayaraq cavabdeh ona pulu qaytarmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, iddiaçı onun anasıdır. Anası mənzilini satıb həyət evi almaq istəyirdi. Cavabdeh məxsus evə baxmağa o, anası ilə birlikdə getmişdir. Əvvəl qiymətdə razılaşmadılar. Sonradan cavabdeh zəng elədi və dedi ki, evi 69000 manata satmağa razıdır. Anası 1000 manat pulu cavabdehə verdi və belə razılaşdılar ki, qalan 68000 manat anasının evi satıldıqdan sonra veriləcək. Lakin bir müddət sonra aydın oldu ki, mənzil uyğun qiymətə satılmayacaq. İki həftə sonra anası cavabdehə zəng elədi və dedi ki, evi satılmır, evini başqa adama sata bilirsə satsın, onun isə 1000 manatını qaytarsın. Cavabdeh də ona dedi ki, pulundan narahat olmasın, ev başqa şəxslərə satılan kimi 1000 manatı ona qaytaracaq. Bir müddət sonra anası öyrəndi ki, ev satılıb, lakin buna baxmayaraq cavabdeh ona pulu qaytarmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində məhkəməyə bildirdi ki, cavabdeh onun əridir. Onlar evlərini satırdılar və iddiaçı həmin evi almaq üçün 1000 manat pulu beh olaraq cavabdehə vermişdir. Evin qiymətini neçəyə danışdıqları və nəticə etibarilə evin cavabdeh tərəfindən neçəyə satıldığını bilmir. Tərəflər arasında olan danışıqlarda işitrak etməyib, təfərrüatları ərinin sözlərindən bilir. Pulun qaytarılmasına qaldıqda, bilir ki, iddiaçı pul üçün qapılarına gələndə cavabdeh ona iki dəfə 400 manat pul vermişdir. Hal-hazırda cavabdehin iddiaçıya cəmi 200 manat borcu qalıb. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus evin 69000 manata alınması ilə bağlı razılıq olmuş, iddiaçı cavabdehə evin dəyərindən 1000 manat vermiş, qalan məbləğin isə iddiaçıya məxsus evin satılmasından sonra veriləcəyi barədə razılaşmışlar. Tərəflər arasında beh müqaviləsi bağlanmamışdır. Sonradan iddiaçı mənzilini sata bilmədiyinə görə cavabdehin evini almaqdan imtina etmiş, cavabdeh də evini başqa şəxsə satmışdır. Cavabdeh iddiaçı tərəfindən ona 1000 manat məbləğində pulun verilməsini və həmin pulu qaytarmalı olmasını inkar etmir, lakin həmin puldan 800 manat məbləğində pulun tərəfindən qaytarılmasını və iddiaçıya cəmi 200 manat borclu olduğunu bildirir. Beləliklə, cavabdeh ilkin olaraq iddiaçı tərəfindən ona vəsaitin beh olaraq verildiyini iddia etsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, sonradan isə bildirmişdir ki, 1000 manatın 800 manatını qaytarmış, lakin buna dair həmçinin sübut olaraq yalnız arvadının şahid ifadələrini məhkəməyə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıya 1000 manat məbləğində pulun ödənilməli olmasını qəbul edir, lakin iddia edir ki, ödənilməli olan pulun 800 manatını iddiaçıya ödəmiş, 200 manat borcu qalmışdır. Belə olan halda artıq həmin pulun qaytarılmasını sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür, o isə həmin vəzifəni icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 491.3-cü maddəsinə müvafiq olaraq, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddələrin məzmunundan da aydın olur ki, verilən məbləğin beh olubolmadığına, habelə beh haqqında razılaşmanın formasına riayət edilməməsi nəticəsində şübhə yarandıqda, həmin məbləğ, əksi sübut olunmazsa avans kimi qiymətləndirilir, müqavilə üzrə avans verildikdə və müqavilə bağlanmadıqda hər bir halda avans, avans verənə qaytarılmalıdır. Cavabdehin 1000 manat məbləğində pulun beh kimi verilməsinin yeganə sübutu – arvadının şahid ifadəsidir, lakin arvadı da elə ifadəsində bildirmişdir ki, tərəflər arasında olan danışıqlarda iştirak etməmiş və məsələnin təfərrüatlarını yalnız ərinin sözlərindən bilir. Beləliklə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından və iş materiallarından məlum olur ki, tərəflər arasında hər hansı bir müqavilə imzalanmadığından və pulun cavabdehə beh kimi verildiyini təsdiq edəcək sübut təqdim edilmədiyindən verilən pul beh kimi yox, avans kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməli, 1000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 1000 (min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar