Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6835/2025 13.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsində iddiaçı Cavabdeh1 vurulmuş maddi ziyana görə 14090 manat və mənəvi ziyana görə 300 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Bu qərardadın 4-cü bəndində istinad edilmiş qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməlidir. Belə ki, əgər iddia bir neçə cavabdehə qarşı verilirsə bu zaman hər bir cavabdehə qarşı yönələn tələb ayrı-ayrılıqda qeyd edilməlidir. Amma iddiaçı tərəfindən iddia ərizəsində iki cavabdeh qeyd edildiyi halda o, yalnız bir cavabdehə qarşı tələbini qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verildiyi halda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlara əsasən müəyyən edilir ki, tələbin yönəldiyi cavabdehlərdən heç biri Binəqədi rayonunda qeydiyyatda deyillər. Beləliklə də iddiaçı bu zaman da ərazi aidiyyətinə dair tələbləri pozmuşdur. Məhkəmə eləcə də vurğulayır ki, iddia qaldırılarkən onun növündən asılı olaraq Dövlət rüsumu haqqında Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir. Amma iddiaçı tərəfindən qanunvericiliyin bu tələbinə də əməl edilməmişdir. Və son olaraq məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirməklə də mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bütün bunları isə mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılma əsasları kimi müəyyən etmişdir.
6. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş dörd şərtinə - cavabdehlərə qarşı yönələn tələblərin ayrı-ayrılıqda qeyd edilməsi, ərazi aidiyyətinə əməl edilməsi, dövlət rüsumunun ödənilməsi və bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələblərin birləşdirilməməsi şərtlərinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 1521.3, 152.1.5, 152.1.7, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev