Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-684/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və X2 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin Halları: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilindən cavabdehlərin, hər kəsin qeyri-qanuni sahibliyindən götürülməsi; mənzildən istifadə edilməsinin cavabdehlərə, hər kəsə qadağan edilməsi; cavabdehlərin (himayələrindəki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) mənzildən hər hansı qeydşərt olmadan çıxarılmaları (köçülürmələri) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlər mənzildən qeyri-qanuni sahiblik və istifadə etməklə, iddiaçının hüquqlarını pozurlar. Cavabdeh1 adına Abşeron rayonu, Digah qəsəbəsi, Bağlar 120 ünvanında 24/26 saylı ev vardır. Bu ev üzrə elektrik enerjisinin abonenti Cavabdeh1dır. Bundan başqa, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzili digər cavabdehlərin kirayə əsasları ilə istifadələrinə vermişlər. Cavabdeh4 da onların ailə üzvüdür. Mənzildə kirayədə yaşayanlar isə Cavabdeh6 və X3r. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, izahatında göstərdi ki, iddia ərizəsində göstərilən mənzil 1960-cı ildə onun atasına verilmişdir. Sonradan atası boşandıqdan sonra evin bir otağını keçmiş yoldaşına vermişdir. O, doğulanda həmin 1 otaqlı evdə doğulmuşdur. 1998-ci il tarixdə mərhum atası X5 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ona məxsus, iddia ərizəsində göstərilən mənzili qeyri-qanuni olaraq zəbt etmiş, öz ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə bir müddət həmin mənzildə yaşamışlar. Sonradan onlar Cavabdeh1 aid, Abşeron rayonunda yerləşən mənzilə köçmüş, bu evi isə Cavabdeh6 və Gülsüma Məlikova adlı şəxslərə kirayəyə vermişlər. Buna görə də o, iddia tələbində cavabdehlərin, habelə hər kəsin ona məxsus evdən çıxarılmasını tələb edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, təxminən 1994-cü ildən iddia ərizəsində göstərilən mənzilə köçkün olduğu üçün köçmüş, həmin vaxt ona maneçilik edən olmamışdır. Belə ki, yoldaşının dayısı Biləcəri qəsəbəsindən ev aldıqlarını demiş, onlara həmin evi təqdim etmiş və müvəqqəti yaşamalarına icazə vermişdir. Ev iki otaqdan ibarət idi. O, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamış, oranı abadlaşdırmış, həyətdə yeni tikili inşa etmişdir. Buvaxta dək iddiaçı ona qarşı hər hansı tələb irəli sürməmişdir. Hazırda onun evdən çıxarılmasını istəyirsə, çəkdiyi xərcləri ödəsin. Sonda M.S.Əmirova məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş poçt vasitəsilə yaşayış ünvanlarına, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sms bildiriş kimi mobil telefonlarına göndərilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmiş, iddiaya yazılı münasibət bildirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, iddiaçı ilə qonşu olmuş, iddiaçı 13, o isə 14 saylı mənzildə yaşamışlar. Mənzillər bir həyətdə yerləşmişdir. İddiaçının atası evləndikdən sonra iddiaçı qaynanasıgilə yaşamağa getmiş, onun da anası xəstə olduğundan müvəqqəti olaraq bacısıgilə köçmüşdür. Sonradan xəbər tutmuşlar ki, Həqiqət adlı şəxs həmin evə daxil olub, orada yaşayır. Hazırda 13 saylı mənzildə kirayəçilər yaşayır. - Mülki iş materiallarında olan MH seriyalı, 119124 saylı “qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü M.Mikayılov küçəsindəki 17 saylı yaşayış evinin 13 saylı mənzili 07 yanvar 1998-ci il tarixdə X5 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Mülki iş materiallarında olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 13 saylı, 18,8 kv.metr sahəli mənzil 29 iyul 2021-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - ünvan 4munal İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlandırılmış 15 sentyabr 2021-ci il tarixli, 207 saylı məktubda göstərilmişdir ki, “...mülkiyyətçisi olduğunuz mənzildə Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailəsi – Cavabdeh2, X6 – ilə birlikdə 1992-ci ildən müvəqqəti məskunlaşıb.” - Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlandırılmış 16 dekabr, 30 dekabr 2022-ci il tarixli məktublarda göstərilmişdir ki, “... Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4-də yerləşən 17 saylı evin 13 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır...” - Laçın rayonu İcra Hakimiyyəti Başçısının Daşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Daşlı kənd sakini Cavabdeh1 oğlu Cavabdeh2, gəlini Cavabdeh3 və nəvəsi 2018-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 3 ünvanında yaşayırlar. - ünvan 4munal İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlandırılmış 20 iyul və 26 iyul 2023-cü il tarixli məktublarda göstərilmişdir ki, “Biləcəri qəsəbəsi, 4-cü döngə, M.Mikayılov küçəsi, ev 17, mənzil 13-də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşıblar. Onların faktiki qeydiyyatı barədə 107 saylı MKİS-də heç bir məlumat yoxdur...” - Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlandırılmış 09 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Laçın rayonunun Daşlı kəndindən məcburi köçkün Cavabdeh1, övladı Cavabdeh2 və gəlini Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4-də yerləşən 17 saylı evin 13 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Əmirova X8 rayonu, Digah qəsəbəsi, Bağlar 120 ünvanında yerləşən 24/26 saylı fərdi yaşayış evində ailəli övladı Cavabdeh2 ailəsi ilə birgə yaşayır. Cavabdeh1 və övladı Cavabdeh2 məcburi köçkün statusu aşkarlanmadı.” - Binəqədi rayon İcra Hakmiyyəti tərəfindən İddiaçı ünvanlandırılmış 07 sentyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “məcburi köçkün ailəsinin məskunlaşdığı yerlərdən çıxarılması Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Odur ki, Sizə məxsus evdə məskunlaşmış məcburi köçkün ailəsinin çıxarılması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 25 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 7 ünvanında qeydiyyatsız olaraq Cavabdeh5 və Cavabdeh6 yaşadıqları müəyyən edilmişdir. Tətbiq edilən hüquq: «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, hissə 1 və 2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İşin müəyyən edilən hallarına əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Məcburi köçkün olan cavabdehlərdən Cavabdeh1 ailəsi (digər cavabdehlər) ilə birlikdə 1994-cü ildən həmin mənzildə məskunlaşmışdır. Bununla yanaşı iş üzrə əldə olunmuş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 25 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 7 ünvanında qeydiyyatsız olaraq Cavabdeh5 və Cavabdeh6 yaşadıqları müəyyən edilmişdir. Təqdim olunmuş iddia ərizəsinində tələbin mahiyyəti iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilindən cavabdehlərin çıxarılması və mənzildən sərbəst istifadə etməsi ilə bağlıdır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Hazırkı iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyriqanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır. Bu kontekstdə işə yanaşdıqda işin hallarından müəyyən olunur ki, mülkiyyətçi olan iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilə faktikı sahibliyiyni itirmiş, sözügedən əmlak cavabdehlərin qeyri-qanuni sahibliyindədir. İddiaçı faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir. Təsadüfi deyil ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və X7 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilindən çıxarılmalı, həmin mənzildən iddiaçının istifadəsinə yaradılan maneələr cavabdehlərə qadağan olunmalı, mənzil İddiaçı faktiki sahibliyinə qaytarılmalıdır. Cavabdeh1 etirazına münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli evin abadlaşdırmasına əsaslanaraq həmin evdən cavabdehin çıxmamasının heç bir hüquqi əsası və sübutu olmamqla yanaşı bu abadlaşmanın mövcud olduğu belə ehtimal edilsə də bu halda da mülkiyyətçinin iradə ifadəsinin ziddinə edilmiş bir hərəkət kimi qiymətləndirilməlidir. Cavabdehin məcburi köçkün olduqları ilə bağlı dəlilinə dair məhkəmə diqqətə çatdırır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə müraciət etməklə bağlı cavabdehin hüququ mövcuddur. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli, 3587 nömrəli Sərəncam ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilmişdir. Həmin Proqramda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Beləliklə, yuxarıda göstərilənlər nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzil cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməli, mənzildən iddiaçının istifadəsinə yaradılan maneələr cavabdehlərə qadağan olunmalı, həmin mənzildən cavabdehlərin istifadələri qadağan edilməli, habelə, cavabdehlər ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılaraq mənzil İddiaçı faktiki sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzili cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qeyriqanuni sahibliyindən götürülsün. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzildən iddiaçının istifadəsinə yaradılan maneələr cavabdehlərə qadağan olunsun. Cavabdehlər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzildən çıxarılsın. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzil İddiaçı faktiki sahibliyinə qaytarılsın. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-684/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-684/2024
19.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver