Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6840/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Binəqədi Rayon Polis İdarəsinə yazdığı şikayət ərizəsi ilə bağlı ona nəticə bildirmədiklərinə görə, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin səhlənkarlığı nəticəsində Faiq Əkbərov, İlkin və Samirə tərəfindən ona dəymiş 10.500 ABŞ dolları və 15.000 manat məbləğində mənəvi dəyərin ona ödəmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; Qeyd edilən normaların tələblərinə baxmayaraq iddia ərizəsi tərtib edilərkən mülkiprosessual qanunvericiliklə nəzərdə tutulmuş “iddia ərizəsinin forma və məzmununa” riayət edilmədən tərtib edilmiş, iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməmişdir. Bundan başqa, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi qeyd edilsə də, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddia tələbi ərizədə cavabdeh qismində qeyd edilməyən şəxslərə - Faiq Əkbərov, İlkin və Samirə adlı şəxslərə qarşı yönəldilmiş, halbuki, həmin şəxslər cavabdehlər qismində cəlb edilməmiş, habelə onların adları, soyadları və ata adları, poçt ünvanları iddia ərizəsində göstərilməmişdir. Göründüyü kimi, iddiaçı ərizədə cavabdeh qismində qeyd etdiyi Binəqədi Rayon Polis İdarəsinə qarşı tələb yönəltməmiş, tələbini başqa şəxslərə qarşı yönəltmişdir. Bunlardan əlavə, iddiaçı cavabdehin (və ya cavabdehlərin) qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsini xahiş etsə də, bu tələbini əsaslandırdığı halları da qeyd etməmişdir. Lakin, yuxarıda qeyd edilən prosessual qanunvericiliyin normalardan da aydın olur ki, iddiaçı tərəfindən cavabdehlərin adları və onlara qarşı yönəldilmiş tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin hər bir cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq göstərilməli olması onu nəzərdə tutur ki, hər bir cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı cavabdehə qarşı öz tələblərini və tələblərini əsaslandırdıqları halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6840/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6840/2020
24.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver