Məhkəmə qərarları › İş №2(001)-689/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-689/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-689/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil_Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh (maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Binəqədi Rayon İcra Hakimiyyəti) qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil_Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və həmin mənzildə faktiki yaşayan digər şəxslərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 18 kv.m olan bir otaqdan ibarət 6 saylı mənzilə görə cavabdehə 30000 manat birdəfəlik maddi yardım ödənilməklə Cavabdeh və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin qısa məzmunu ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən binada sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə yazdıqları kollektiv müraciətdə yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Ünvana texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu müəyyən edilmişdir. Bina qəzalı olduğundan, istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubuna əsasən yataqxanada məskunlaşan 102 ailədən 83 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işləri həyata keçirilmiş, 21 mənzil sahibi, o cümlədən 6 saylı mənzildə yaşayan Cavabdeh kompensasiya məbləği ilə razılaşmadığına görə mənzili boşaltmaqdan imtina etmişdir. Rayon İcra Hakimiyyətinin yaratdığı Komissiya tərəfindən bildiriş tərtib edilməklə 5 gün müddətində mənzili boşaltmaları barədə xəbərdar edilmişlər, lakin cavabdeh birdəfəlik maddi yardımı almaqdan və qəzalı mənzili boşaltmaqdan imtina etmişdir. Tərəflərin məhkəmə iclasındakı izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, dövlət səviyyəsində olan köçürmədir, bu səbəbdən birdəfəlik yardımın məbləği də konkretdir, binanın yarısı sökülmüşdür və onun yerində ev tikilməyəcəkdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği onu qane etmir, ona tikiləcək yeni tikilidən birotaqlı mənzil verilməsini istəyir. Binəqədi ərazisində 30000 manata ev ala bilməyəcəkdir. Bu sənəndən sonda iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 18 kv.metrlik fərdi yaşayış evi xx.xx.2010-cu-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil_Kommunal Təsərrüfatı Birliyinin 325 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 3 ünvanda Cavabdeh qeydiyyatdadır. - xx.xx.2016-cı il tarixli Aktın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən bina qəza vəziyyətindədir. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 sayda yataqxana binalarının sakinlərinə birdəfəlik müəyyən pul vəsaiti ödəməklə ünvan 5 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının köçürülməsi və hər bir 30 kv.m-ə qədər olan mənzillərə 30000 manat, 30 kv.m-dən çox olan mənzillərin hər kv.m-ə 1000 manat birdəfəlik pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil_Kommunal Təsərrüfatı Birliyinin 85 saylı, xx.xx.2023-cü il tarixli bildiriş (xəbərdarlı) məktubundan görünür ki, Cavabdeh 5 gün müddətində kompensasiya almaqla qəzalı mənzili tərk etmək barədə xəbərdar edilmiş, lakin o bildirişi qəbul etməkdən imtina etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 157.9-cu maddəsinə əsasən Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. 28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanı: 1.6-cı bənd həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Hazırki iddia tələbi ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 18 kv.m olan bir otaqdan ibarət 6 saylı mənzilə görə cavabdehə 30000 manat birdəfəlik maddi yardım ödənilməklə Cavabdeh və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmalarından ibarətdir. İlk növbədə qeyd olunmalıdır ki, qəzalı və bərpası mümkün olmayan yaşayış sahələrindən çıxarılması, yalnız Mənzil Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə mümkündür. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi bu səlahiyyətləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirirlər. Lakin hazırkı halda iddiaçının belə tələblə çıxış etməsi qanunvericiliklə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin və vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırıldığına görə, miras əmlakda paylarının müəyyən edilməsi tələbləri isə iddiaçıların mirası qəbul etmədikləri üçün rədd olunmalıdır Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının subyektiv hüququ olduğu ehtimal edilsə belə iddia aşağıdakılara görə də əsassızdır. Belə ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzilindən yaşayış binası qəzalı vəziyyətdə olduğuna əsaslanaraq 30000 manat birdəfəlik maddi yardım ödənilməklə çıxarılması tələbi ilə çıxış edir. Halbu ki, bunun üçün qanunvericilik Mənzil Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməsini müəyyən etmişdir. İlk növbədə binanın qəza vəziyyətində olması və bərpasının mümkün olmaması məhkəmə qərarı ilə təsdiqlənməli, məhkəmə binanın mülkiyyətçilər tərəfindən sökülüb yenidənqurulması üçün müddət müəyyən etməli, mülkiyyətçi məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. İş üzrə qeyd olunan prosedura iddiaçı tərəfindən əməl edilməməsi tam müəyyən olunur. Belə olan halda qanunla müəyyən edilmiş qaydalara əməl etmədən cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması onun mülkiyyət hüquqlarına əsassız müdaxilə kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil_Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh (maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Binəqədi Rayon İcra Hakimiyyəti) qarşı “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 18 kv.m olan bir otaqdan ibarət 6 saylı mənzilə görə cavabdehə 30000 manat birdəfəlik maddi yardım ödənilməklə Cavabdeh və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar