Məhkəmə qərarları › İş №2(001)-694/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-694/2022

02.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-694/2022 02.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 manat məbləğində əsas borcun, həmin pulun alındığı 05 noyabr 2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 16 noyabr 2021-ci il tarixədək olan 3 il müddətinə hesablanmış 1.500 manat məbləğində faiz borcunun, habelə 125 manat məbləğində dövlət rüsumunun, cəmi 11.625 manat məbləğində borcun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddianı müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh X5 məhkəmə iclaslarına gəlməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə 10.000 manat məbləğində pulu borc vermişdir. Cavabdeh həmin müqavilədə bu barədə qeyd etməklə göstərilən məbləğdə pulu cavabdehdən almış və bu məbləği 1 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, qeyd edilən məbləğin ona qaytarılmadığını bildirmiş və borcun, habelə ötən 3 il üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 1.500 manat məbləğində faiz borcunun 5 gün müddətinə ödənilməsini ondan tələb etmiş, əks halda bu məbləğin, habelə məhkəmə xərclərinin tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir. Hazırda iddiaçı 125 manat məbləğində dövlət rüsumu ödəməklə, cavabdehə qarşı iddia qaldırmış və cavabdeh tərəfindən qeyd edilən 10.000 manat məbləğində borcun bugünədək qaytarılmadığını, bununla bağlı onun cavabdehə müraciətlərinin nəticə vermədiyini iddia edir və həmin məbləğin, habelə ötən 3 il üçün illik 5% dərəcəsi ilə hesablanmış 1.500 manat məbləğində pulun və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Həmin məbləğin və ya onun hər hansı hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, bu sənəd “ərizə” adlandırılmasına baxmayaraq, tərəflər arasında xx.xx.2018-ci il tarixdə onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 10.000 manat məbləğində pulu borc vermiş, cavabdeh həmin məbləği qəbul etsə də, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və məbləğdə ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbi “borcun tutulması” hissəsində əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Cavabdeh İddiaçı xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin "əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilədə göstərilmiş 10.000 manat məbləğində pulu 1 ay müddətində, yəni xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan borc almışdır. Lakin bu məbləği bugünədək qaytarmamışdır. İddiaçı da hazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə istinadən, borc məbləğinin ödənilməsinin gecikdirilməsi səbəbindən xx.xx.2018-ci il tarixini və ümumi borc məbləği olan 10.000 manat pulu əsas götürüb gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə faiz hesablamaqla ümumilikdə 1.500 manat məbləğində faiz borcunun da cavabdehdən tutulmasını tələb edir. Məhkəmə, qeyd edir ki, borc məbləği xx.xx.2018-ci il tarixədək ödənilməli olmasına baxmayaraq, ödənilməmiş və müddət etibarı ilə gecikdirilmişdir. Bununla da iddiaçının müqavilənin müddəti bitdiyi tarixdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz dərəcəsi ilə faiz tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia tələbinə uyğun olaraq gecikdirmə vaxtının əvvəli qismində məhz xx.xx.2018-ci il tarixi əsas götürülməlidir. Bununla belə, məhkəmə ümumi borc məbləğinin 10.000 manat olmasını, müqavilənin müddətinin xx.xx.2018-ci il tarixdə bitməsini, iddianın isə xx.xx.2021-ci il tarixdə qaldırılmasını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş 3 il üçün (məhkəmə ümumi müddətin 3 ildən 19 gün az olmasına baxmayaraq, mübahisənin 3 aya yaxın müddət ərzində məhkəmədə davam etməsini və bu qaydada yaranmış real faiz borcunun hazırda daha çox olmasını nəzərə alıb, müddəti yuvarlaqlamışdır) illik beş faiz dərəcəsi ilə hesablanmış (10.000 x 5% / 100% = 500 manat 1 il üçün, 500 x 3 il = 1.500 manat) 1.500 manat məbləğində pul tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində əsas, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1.500 manat məbləğində faiz, cəmi 11.500 manat məbləğində borc, habelə ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasənvəAzərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində əsas, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1.500 (bir min beş yüz) manat məbləğində faiz, cəmi 11.500 (on bir min beş yüz) manat məbləğində borc, habelə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar