Məhkəmə qərarları › İş №2(001)-696/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-696/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-696/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İmran Muhammada qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh İmran Muhammadı xeyli müddətdir ki, pal-paltar, geyim əşyalarının satıcısı kimi tanıyır. Belə ki, o, Pakistan İslam Respublikasından pal-paltar, geyim əşyalarını Azərbaycan Respublikasına gətirir və “Sədərək” Ticarət Mərkəzində həmin əşyaların topdan və pərakəndə satışı ilə məşğul olur. Cavabdehlə ümumi tanışları olan, Cavabdeh iştirakı və vasitəçiliyi ilə cavabdeh Muhammad İmran 12 avqust 2021-ci il tarixdə iddiaçıdan 4280 manat məbləğində pul vəsaiti almış və qısa müddət ərzində, həmin məbləğin dəyərində ona Pakistan İslam Respublikasından pal-paltar, geyim əşyalarını gətirəcəyinə dair söz vermişdir. Lakin ötən müddət ərzində cavabdeh Muhammad İmran nə söz verdiyi pal-paltar, geyim əşyalarını ona gətirmiş, nə də ki, ondan aldığı 4280 manat məbləğində pul vəsaitimi mənə geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu geri istəsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirməklə, ya pulu, ya da söz verdiyi malları tezliklə iddiaçıya çatdıracağına dair çoxsaylı vədlər vermiş, lakin hal-hazıra qədər verdiyi vədlərə əməl etməyərək, iddiaçıdan aldığı pul vəsaitini də iddiaçıya geri qaytarmamışdır. Pulunun qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə edilən çoxsaylı xahişlər heç bir nəticə vermədiyindən, iddiaçı bu barədə rəsmi şikayət ərizəsi ilə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin şikayət ərizəsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PB-də araşdırılaraq, PB-nin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya cavabdeh Muhammad İmrana qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. 30 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, Cavabdeh ona borcu var idi. O, borc verdiyi 1000 ABŞ dollarını Mehmandan almağa gedəndə o, iddiaçıya təklif etdi ki, pul versə Pakistandan onlara satmaq üçün mal göndərilə bilər. Belə bir biznes fikrini iddiaçıya təklif etdi. Həmin vaxt iddiaçı onkoloji müalicə alırdı. Başqa şəxslərdən borc pul alıb, Mehmanın istədiyi 4280 manat məbləği tamamladı. İmranı iddiaçı Mehmanın vasitəsilə tanımışdır. İmran pulu Pakistana göndərəcəyini vəd etmiş və pulu göndərmişdir. Pakistanda pulu almalı olan adam da, pulu aldığını bildirmişdir. İmran iddiaçıya səfirliyə getməklə bağlı heç bir təklif etməyib. Əgər İmran pulu bank vasitəsilə Pakistana göndərsəydi, iddiaçınıb o pulu geri almağı daha asan olardı. Həmin iclasda iştirak edən İmran Muhammad izahatında məhkəməyə bildirmişdir ki, o, Mehman və Böyükkişi pulu ona verdikdə tərəddüd etdi və pulu bir gün özündə saxladı, göndərmədi. Çünki, o, Pakistanda olan pulu göndərməli olduğu adama etibar etmək mövzusunda əmin deyildi. Bu barədə Mehmana demişdir. Mehman ona “pul bizimdir, sən göndər, qalan işə qarışma” dedi. O, pulu göndərməyi öz öhdəsinə götürmüş, pulu Pakistana göndərmiş, göndərməli olduğu adam da bunu inkar etmir. O, Böyükkişinin bu məsələ ilə bağlı problemi olduğunu görüb onunla səfirliyə gedib köməklik göstərməyi də təklif etmişdir. Amma bu işlə Böyükkişi deyil, Mehman məşğul olmalıdır. Ona görə ki, Pakistanda olan adam heç Böyükkişini tanımır, Mehmanı tanıyır. Pul da ona Mehmanın adından göndərilib. Onu da Böyükkişi ilə Mehman tanış eləyib. Pulun da göndərilməsini Mehman deyib. Pulu Pakistana şəxslər vasitəsilə göndərib. Belə ki, o, pulu burada konkret şəxsə ödəmiş, qarşılığında isə Pakistanda lazımi şəxsə ödəniş edilmişdir. Həmin iclasda şahid qismində dindirilmiş Cavabdeh ifadəsində məhkəməyə bildirmişdir ki, pulu iddiaçı cavabdehə özü verib. Pakistanda olan şəxslə o, əvvəl işləmiş və həmin şəxs oradan mal göndərə biləcəyini bildirmişdir. Böyükkişi biznes qurmaq istədiyini ona bildirdikdə, o, Pakistana pul göndərib, oradan mal göndərilə biləcəyini ona təklif etmişdir. Böyükkişi pulu göndərə bilən İmrana pulu verdi və İmran pulu göndərdi. İmran həqiqətən də pulu göndərib. Pakistanda olan şəxs bizə pulu aldığını bildirib. O, malın niyə göndərilmədiyini ondan soruşduqda o, bildirdi ki, müflis olub və pulu geri vermək imkanı yoxdur. Böyükkişi Pakistanda olan adamı tanımır. İmranla da Böyükkişini o tanış etmişdir. Böyükkişiyə 4280 manat pulu qaytara bilməz. Ona görə ki, ondan aldığı heç 800 manatı bir ildir ki, qaytara bilmir. Pakistandakı adama pul onun adından göndərilib. Hətta sonradan başqa bir tanışı gedib ona Pakistanda demişdir ki, Mehmanın sənə borcu var ki, malı göndərmisən və pulu qaytarmısan? O da demişdir ki, yox, Mehmanla heç bir problemim yoxdur, sadəcə maddi durumum indi pulu qaytarmağa yol vermir. Bundan sonra İddiaçı məhkəmədən cavabdehin əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Pakistana göndərillən pulun 3080 manatı onun, 1200 manatı isə Mehmanın olmuşdur. Bu biznesə girməklərinin səbəbkarı Mehman olmuşdur. Mehman Pakistandakı şəxsin müflis olduğunu bilə-bilə pulu ona göndərib. Mehman 1200 manatı nəğd şəkildə ona verdi və o, öz pulu ilə birlikdə pulu İmrana verdi. Ona iddianı bu şəkildə verməyi Mehman özü məsləhət görmüşdü. Ona görə də, ərizənin məzmunu həqiqəti əks etdirmir. Mehman ona demişdi ki, pulu məhkəmə qaydası ilə aldıqdan sonra öz pulunu ondan götürəcək. Mehman ona həm də bildirmişdi ki, Pakistanda polis işçisi var və ona müəyyən qədər pul versələr pulu alıb göndərə bilər. O, Mehmana pulu alsa öz pulundan 1000 manat verəcəyini desə də, heç bir nəticə olmadı. Mehmanın özünün də bu günə qədər ona pul borcu var. O, borcumu almaq üçün Mehmanın yanına gedəndə, Mehman ona iş qurmaq üçün əlverişli bir şərait olduğunu və pul qazana biləcəklərini dedi. O da həmin vaxt xəstəlikdən yeni sağalmışdır və Mehman onun pulunun olduğunu bilirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, onların bu biznesə qoşulmaqlarının səbəbkarı iddiaçıdır. O, mağazada işləyib aylıq 360 manat qazanırdı və üstəlik öz mallarını satırdı. Onun Pakistandan mal alıb satmaq fikri yox idi. İddiaçı gəlib ona xəstə olduğunu və iş qurmaq istədiyini bildirdi. Göndərilən pulun 1200 manatı onundur, 3080 manatı isə iddiaçınındır. Keçən məhkəmə iclasından sonra səfirlə görüşdü və ərizə ilə müraciət etdi. Onu sırf Pakistana mal almaq üçün pul göndərdiyinə görə işdən çıxarıblar. O, 1200 manatı kredit götürüb Böyükkişiyə vermişdir. Böyükkişi xəstə olduğundan və ona çətin vaxtında köməklik etdiyindən, o, ona kömək etmək məqsədilə kredit götürüb onun pulu ilə birlikdə Pakistana göndərmişdir. Onların Pakistanda pul göndərdikləri şəxsdən məhz pul tələbləri yoxdur, onlara pulunu aldığı malları göndərməsi kifayətdir. Hadisənin üzərindən 3 il keçib. 3 il ərzində bu məsələ ilə bağlı bir neçə dəfə səfirliyə və Xarici İşlər Nazirliyinə müraciət edib. Pakistanda pulu göndərdikləri şəxs Azərbaycanda olan vaxtı onun yanında satıcı işləyib. Adı Naviddir. Bir qadın onun bütün mallarını ucuz qiymətə satıb qaçmışdı. O, bu səbəbdən müflis olmuşdu. Böyükkişinin pulundan əlavə ona görə kredit götürdü ki, malı topdan şəkildə ancaq deyilən qiymətə götürə bilərdilər. Mal topdan satıldığına görə istədikləri qiymətə mal götürmək olmur. Həmin vaxt ona deyilmişdi ki, 4200 manat məbləğində mal var topdan götürə bilərlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, iddia ərizəsində ilkin olaraq cavabdeh qisminə qeyd olunan İmran Muhammadın ümumiyyətlə faktiki olaraq işə aidiyyəti yoxdur. Həm İddiaçı, həm Cavabdeh məhkəmə iclaslarında verdikləri izahatlarda təsdiq etmişlər ki, İmran Muhammad sadəcə onların xahişi ilə əlində olan imkanlardan istifadə edərək Pakistana onların dediklərə şəxsə pulu göndərmiş və həmin şəxs Pakistanda pulu almışdır. İmran Muhammad nə pulun Pakistana göndərilib göndərilməməsində, nə də ki, Pakistandan malların göndərilib göndərilməməsində maraqlı olub. Cavabdeh məsuliyyətinə gəldikdə, onun iddiaçı ilə bərabər Pakistana malların alınması üçün öz pulunu da göndərməsi işin mübahisələndirilməyən halıdır. Yəni iddia ərizəsində iddiaçının İmran Muhammaddan (hazırda isə əsl cavabdeh - Cavabdeh) tələb etdiyi pulun 1200 manatı elə Cavabdeh özünə məxsusdur. Belə olan halda Cavabdeh əsassız varlanmış şəxs hesab edilə bilməz. Hazırkı vəziyyətdə əsassız varlanmış şəxs məhz Pakistanda malların göndərilməsi üçün pulu qəbul etmiş, lakin malları İddiaçı və Cavabdeh göndərməmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar