Məhkəmə qərarları › İş №2(001)-6969/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6969/2022

05.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6969/2022 05.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurduğu ziyanın haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurduğu ziyanın haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh qəsdən, bilərəkdən onun xəstə olduğunu, özünə bəraət qazandırmaq, cinayət tərkibli əməllərinə göz yummaq və s..sağlamlığına vurduğu zərbənin maddi cərimə ödəməsi barədə, cərimə məbləğinin məhkəmə tərəfindən müəyyən edilib ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; İddia ərizəsində cavabdehin yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, məhəllə 565, Ə.Ələkbərov küçəsi, bina 5, m 75 qeyd edilmişdir. Göründüyü kimi cavabdehin yaşayış yeri Binəqədi rayonu ərazisində deyil, belə olan halda hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya iddia ərizəsində cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən isə görünür ki, iddiaçı cavabdehdən maddi zərərin tutulmasını xahiş etsə də, lakin tələb etdiyi maddi zərərin məbləğini göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmçinin, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd də əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurduğu ziyanın haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, iddia ərizəsində maddi zərərin məbləğini tam göstərməklə, habelə iddia ərizəsinə tələb edilən zərərin məbləğinə uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar