Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6970/2021 25.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və.s. ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə 50000 manat məbləğində pul vəsaitinin tutulması və İddiaçı1 xeyrinə 50000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 iyul 2020-ci il tarixində saat 20 radələrində Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 2,4 ha olan boya fabrikinin 9500 kv.m ərazisində olan inzibati bina, anbar və istehsalat sahələrinin içərisində olan mallar və avadanlıqlarla birlikdə yanğının təsirindən yanaraq məhv olmuşdur. Bundan başqa baş vermiş yanğın genişlənərək qonşuluqda olan vətəndaş İddiaçı1 fərdi yaşayış evinə keçmişdir. Nəticədə ona daşınar və daşınmaz əmlak üzrə 100000 manatdan çox zərər dəymişdir. Vətəndaş İddiaçı1 vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər İddiaçı2 güzəşt etmişdir. Bu barədə cavabdehə bildiriş göndərilmişdir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, ona ziyan vurublar. Ona dəymiş zərərin miqdarı ilə bağlı cədvəl tərtib etmişdir, vurulan zərər barədə cədvəl tərtib etmişdir. Cavabdeh MMC tərəfindən ona 23227 manat ödəniş edilmişdir. Lakin vurulan zərər ödənilən məbləğdən xeyli çoxdur. Ona daha sonra yenidən ödəniş ediləcəyi deyildiyindən həmin ərizəni imzalamışdır.
4. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin ərizəsinə əsasən İddiaçı2 münasibətdə də iddiaya mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə baxıb mahiyyəti üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaya dair öz yazılı etiraz və mülahizələrini məhkəməyə təqdim etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, 04 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən, Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində yanğın hadisəsi baş vermişdir. Həmin baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin Baş müstəntiqi mayor Cəmaləddin İdrisov tərəfindən AR Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə 37/36-02181 saylı cinayət işi açılmışdır. Həmin cinayət işi zamanı baş vermiş hadisə ilə əlaqədar Azərbatycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti X5, tikinti üzrə ekspert X9, İqtisad ekspertizalar şöbəsinin böyük eksperti X2, iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto çəkilişlər aparılmış, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək protokola əlavə edilmiş, məhkəmə yanğın-texniki, məhkəmə tikintitexniki, məhkəmə-əmtəəşünaslıq və məhkəmə fiziki-kimyəvi ekspertizaları təyin edilərək rəyləri alınmış, dindirmələr aparılmış, sorğular vermiş, sənədlər götürülmüş, digər istintaq hərəkətləri aparılmışdır. O cümlədən “Sobsan” boya fabrikinin qonşuluğunda yerləşən, İddiaçı1 ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətinə baxış zamanı müəyyən olunmuşdur ki, dikt taxtadan konstruktiv elementlərdən ibarət, metal gövdəli, müxtəlif həcmli maye qaz balonlarının, dəmirdən olan çəlləklərin, vedrələrin, tutumların (kanistrların), arabaların, qatlama və çarpayının, velosipedin, şüşə bankaların qalıqları müşahidə edilsə də hərhansı elektron məişət cihazlarının, yataq və mebel dəstlərinin, xalça və ya palazların qalıqları müşahidə edilməmişdir. Buna baxmayaraq istintaq zamanı İddiaçı1 ifadəsində göstərmişdir ki, 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi gələrək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllə ünvanında məskunlaşmışdır. 2003-cü ildə həmin sahədə fərdi yaşayış evi, 2009-cu ildə isə taxta materiallarından və dikt lövhələrdən istifadə etməklə yarım tikili inşa etmişdir. Fərdi yaşayış evinə və həyətdə inşa etdiyi tikiliyə dair hər-hansı sənədi olmasa da, həmin tikililər ona məxsus olmuşdur. 04.07.2020-ci il tarixdə saat 21:00 radələrində səs-küy eşidərək çölə çıxmış, qonşuluqda yerləşən “Sobsan” boya fabrikində yanğın baş verdiyini görmüş, bir müddətdən sonra yanğın genişlənərək ona məxsus həyətdə taxta materiallardan inşa olunmuş tikiliyə keçmişdir. Amma ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə keçmədiyini qeyd etmişdir. Həmin taxtadan hazırlanmış tikilinin yanması nəticəsində ona 100000 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Əsliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarxli 9/2337 nömrəli ekspert rəyinə əsasənmüəyyən olunmuşdur ki, 04.07.2020-ci il tarixdə Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində zərərçəkmiş şəxs İddiaçı1 Alməmməd oğlunun yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan 51 adda əşyalara dəymiş ziyan 14081,00 (on dörd min səksən bir) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa İddiaçı1 istintaqa təqdim etdiyi siyahıda baş vermiş hadisədə əmlakının yanması nəticəsində ona 61730 manat maddi ziyan dəyməsini göstərmişdir. Lakin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində İddiaçı1 14081 manat ziyan dəyməsi göstərilmişdir. Ekspertiza rəyində göstərilən maddi ziyanın məbləği ilə zərərçəkmiş şəxs təqdim edilmiş maddi ziyanın məbləği arasında ziddiyyət olduğu üçün, ekspertin öz sahəsi üzrə ixtisaslaşmasını, cinayət prosesində marağı olmadan, tərtib etdiyi rəydə materialları, əmlakı onların ölçü vahidini, miqdarını, məbləğini daha dəqiq göstərildiyini nəzərə alaraq, hadisə nəticəsində əmtəə üzrə dəymiş maddi ziyanın məbləği məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində olduğu kimi qəbul edilməlidir. Ümumiyyətlə hadisə yerinə baxışla, şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə, ekspertiza rəyləri ilə, habelə istintaq zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, normativ aktların, o cümlədən yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair tələblərin pozulması müəyyən edilməmiş az ağır, və ya ağır xəsarət alan olmamış, yanğın ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi mayor Cəmaləddin İdrisov tərəfindən 04.12.2020-ci il tarixdə 37/36-02181 saylı cinayət işinə xitam verilmişdir. Lakin İddiaçı1 və onun vəkili X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi X3 “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 04 dekabr 2020-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, sözü gedən cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqan A.M.Alməmməd oğluna 97 697 manat məbləğində dəymiş zərər üzrə heç bir prosessual hərəkət etməmişdir. Əvəzində yaranmış bu cür ağır nəticələri gizlətmişdir. 04.12.2020-ci il tarxli FHN Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, mayor X7 tərəfindən qəbul olunmuş cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını xahiş etmişdirlər. Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Ələkbərov şikayəti təmin edərək, AR FHN Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi X3 “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 04 dekabr 2020-ci il tarixli qərarı qanunsuz hesab edərək, yenidən araşdırılmasını təmin etmişdir. Yenidən sonuncu dəfə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin müstəntiq leytenantı Elnur Aslanov tərəfindən 37/36-05563 nömrəli cinayət işi üzrə araşdırma aparılmışdır. Cinayət işinin istintaqı zamanı İddiaçı1 Alməmməd oğluna baş vermiş yanğın nəticəsində əmtəə və tikinti üzrə dəymiş ziyanın yeridən müəyyən edilməsi məqsədi ilə təkrar əmtəəşünaslıq və əlavə tikinti-texniki ekspertizaları təyin edilərək ekspert rəyləri alınmış, sorğular vermiş, cavablar alınmış və digər istintaq hərəkətləri aparılmışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X10 Stansiyası” Publik Hüquqi şəxsinin 23 iyun 2021-ci il tarixli 155 nömrəli məktubuna əsasən 04.07.2021-ci il tarixdən bu vaxta qədər BŞT və TTYS- nin “103” xidmətinə İddiaçı1 adına çağırış daxil olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi X4” Publik Hüquqi şəxs “X15” Publik Hüquqi şəxsinin 22 iyul 2021-ci il tarixli 635 nömrəli məktubuna əsasən İddiaçı1 04.07.2021-ci il tarixdən 22.07.2021-ci il tarixə kimi xəstəxanaya müraciət etməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi X4” Publik Hüquqi şəxs Azərbaycan Elmi- Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun 22.07.2021-ci il tarixli 742 nömrəli məktubuna əsasən İddiaçı1 Alməmməd oğlunun 04.07.2021-ci il tarixdən bu günə kimi institutun ambulator, stasionar və arxiv qeydiyyat jurnallarında adı yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi X4 Klinik X20 Hüquqi şəxsinin 23.06.2021-ci il tarixli X4 Klinik X20 Hüquqi şəxsinin 04.07.2021-ci il tarixdə “Sobsan” boya fabrikində baş vermiş yanğınla əlaqədar İddiaçı1 Alməmməd oğlu Toksikologiya şöbəsinin stasionar və məsləhət jurnallarında qeydiyyatdan keçməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci tarixli 10/2911 nömrəli məhkəmə əlavə tikinti-texniki ekspertizası rəyinə əsasən 30 noyabr 2020-ci il tarixli 10/1567 saylı ekspert rəyinin məlumatlarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı İddiaçı1 məxsus tikililərdə yaranmış qüsurların aradan qaldırılması üçün, görülməli təmir-bərpa işlərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq, ümumi dəyərinin təqribən 5606,0 manat olduğu müəyyən edilib. Əlavə olaraq 04.07.2020-ci il tarixində baş vermiş yanğın nəticəsində İddiaçı1 sağlamlığına hər hansı ziyanın dəyməsi müəyyən edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin müstəntiqi, leytenant Elnur Aslanov tərəfindən 04.12.2020-ci il tarixdə 37/36-05563 saylı cinayət işinə xitam verilmişdir. 03 mart 2021-ci il tarixdə İddiaçı1 həyat yoldaşı dəymiş ziyanla bağlı Cavabdeh MMC-nin hüquqşünası Pərviz Hüseynovla görüşmüş və hüquqşünasdan 23227 manat pul almışdır. İddiaçı1 Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariatında **********782 nömrəli ərizə verərək 23227 manat pul alma faktını rəsmən təsdiq etmişdir. Həm AR FHN-nin Əməliyyat-İstintaq qərarlarında, həm Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası qərarlarında, həm sorğu-cavablarında, həm də Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariatında **********782 nömrəli ərizədən görünür ki, İddiaçı1 04 iyul 2020-ci il tarixdə Bakı şəhər Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğınla bağlı dəymiş ziyanı aldığını və ziyanla əlaqədar hər hansı şikayət və iddiasının olmadığını ərizədə göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı1 Alməmməd oğlu tərəfindən tərtib edilən yanan malların siyahısından görünür ki, İddiaçı1 Alməmməd oğlu ona dəymiş zərərin məbləğini 101.680 manat həddində hesablamışdır.
8. Tələb sahibinin öz tələbini üçüncü şəxsə güzəşt etməsi barədə 26.07.2021-ci il tarixli bildirişdən görünür ki, tələbin ilkin sahibi İddiaçı1 04.07.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 ünvanında baş vermiş hadisə nəticəsində daşınar və daşınmaz əmlaka 100000 manat məbləğində dəymiş zərərə görə öhdəlik daşıyan Cavabdeh MMC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 50000 manat həddində məbləği tələbin yeni sahibi İddiaçı2 güzəşt etmiş və bunu özü imzası ilə təsdiq etmişdir.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin İstintaq şöbəsinin müstətiqi, leytenant X16 tərəfindən qəbul edilən 30 iyul 2021ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
10. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli 9/2337 nömrəli ekspert rəyinə əsasən 04.07.2020-ci il tarixdə Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində zərərçəkmiş şəxs İddiaçı1 oğlunun yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə olan 51 adda əşyalara dəymiş ziyan 14081,00 (on dörd min səksən bir) manat məbləğində müəyyən edilmişdir. AR Ekologiya və TSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13.08.2020-ci il tarixli akt və ona əlavə edilmiş cədvəl əsasında vətəndaş tərəfindən əkilmiş 14 ədəd ağacların (2 ədəd üzüm tənəyi) yanaraq məhv olması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 3540 manat hesablanmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2020-ci il tarixli 10/1567 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu, 7 mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində zərərçəkmiş şəxs İddiaçı1 oğlunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5606 manat təşkil edir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli 9/4131 nömrəli təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 dəymiş zərərin məbləği 14081 manat müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli 10/2911 nömrəli məhkəmə əlavə tikinti-texniki ekspertizası rəyinə əsasən 30 noyabr 2020-ci il tarixli 10/1567 ekspert rəyinin məlumatlarına əsaslanmaqla “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində İddiaçı1 məxsus tikililərdə yaranmış qüsurların aradan qaldırılması üçün, görülməli təmirbərpa işlərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 5606.0 manat müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli 9/4131 nömrəli təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən AR Ekologiya və TSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13.08.2020-ci il tarixli, 409 saylı baxış aktına və ona əlavə edilmiş ziyan hesablama cədvəli əsasında vətəndaş tərəfindən əkilmiş 14 ədəd ağacların (2 ədəd üzüm tənəyi) yanaraq məhv olması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 3540 manat hesablanmışdır
15. İddiaçı1 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X8 iştirakı ilə yazılan və notarial qaydada təsdiq olunan ərizəsinin surətindən görünür ki, İddiaçı1 04 iyul 2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində ona dəymiş 23227 manat maddi ziyanın ”Rəmzi-S” MMC tərəfindən tam ödənildiyini və ona dəymiş ziyanla əlaqədar şikayətinin və iddiasını olmadığını bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
16. 04 iyul 2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən “Sobsan” boya fabrikində yanğın baş vermişdir.
17. Yanğın nəticəsində İddiaçı1 məxsus olan əmlaklara zərər dəymişdir.
18. Faktla bağlı bağlanmış cinayət işi üzrə icraata 2 dəfə xitam verilmişdir.
19. Cinayət işi üzrə icraata xitam verilməsi barədə sonuncu qərarda müəyyən edilmişdir ki, yanğın nəticəsində İddiaçı1 ümumilikdə 23227 manat ziyan dəymişdir.
20. İddiaçı1 23227 manat məbləğində pulu zərərvuran şəxsdən qəbul etmiş və bununla bağlı tələbinin olmadığı barədə notarial qaydada ərizə yazmışdır.
21. İddiaçı1 iddia edir ki, ona 100000 manat məbləğində zərər dəymişdir və tələbinin 50000 manat hissəsini digər İddiaçı2 güzəşt etmişdir. Hazırda cavabdehdən iddiaçıların hər birinin xeyrinə 50000 manat məbləğində pulun tutulmasını tələb edirlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
22. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
26. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaka zərər dəymişdir. Bu fakt işin mübahisəsiz halıdır.
27. İşin mübahisələndirilən halı zərərin məbləği ilə bağlıdır.
28. Belə olan halda məhkəmə hesab edir ki, sübutetmə yükünün bölgüsü baxımından iddiaçılar iddia tələbini əsası kimi istinad etdikləri halı sübut etməlidirlər.
29. Halbuki cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, yanğın nəticəsində İddiaçı1 cəmi 23227 manat məbləğində zərər vurulmuşdur.
30. Həmin zərər cavabdeh tərəfindən İddiaçı1 artıq ödənilmişdir.
31. Odur ki, iddiaçılar vurulmuş zərərin məbləğinin 23227 manatdan çox olduğunu iddia edirlərlərsə bunu sübut etməlidirlər, baxmayaraq ki cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarda zərərin məbləği müəyyən edilmişdir.
32. Belə ki, Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
33. Lakin iddiaçılar tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.Əksinə cinayət işinin istintaqı zamanı aparılmış müvafiq ekspertizalar müəyyən etmişdir ki, İddiaçı1 23227 manat məbləğdən artıq ziyan dəyməmişdir. Tətbiq edilən prosessual normalar: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və.s. ödənişlərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
34. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
35. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və.s. ödənişlərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev